Laçının 35 kilometr ərazisi xəritələrdən niyə “itib”?

Laçının 35 kilometr ərazisi xəritələrdən niyə “itib”? backend

Arif Paşa: “Müdafiə Nazirliyi və digər müvafiq rəsmi qurumlarımız bu məsələyə bir aydınlıq gətirməlidir”

Laçın rayonu işğal olunmazdan əvvəl bütün mənbələrdə ərazisi 1835 kv.km göstərilib. Amma işğaldan sonra bu rəqəm rəsmi olaraq 1800 kv.km göstərilir.  Bildirilir ki, Rusiya mənbələri ilə yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytında da rayonun ərazisi əvvəlki rəsmi göstəricilərdən 35 kvadrat kilometr kiçildilərək 1835 kvadrat kilometr əvəzinə, 1800 kvadrat kilometr göstərilib və bu günədək həmin yanlışlıq düzəldilməyib. Narahatlıq doğuran məqam budur ki, Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan “Laçın dəhlizi”nin ərazisi təxmini hesablamalara görə, məhz 35 kv.km-dir. Bu da o rəyi yarada bilər ki, sözügedən 35 kv.km ərazi ya Ermənistanın hüquqi tabeçiliyinə, yaxud nə vaxtsa ATƏT-in, Avropa İttifaqının, ABŞ-ın və s. dəstəyi ilə  Qarabağın “statusu” “dirildiləcəyi”  halda  həmin separatçı qurumun “yurisdiksiyasına” verilsin.

ARİF PAŞA: “Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki...”

Arif Paşa 

Laçın alayının sabiq komandiri Arif Paşa “Yeni Müsavat”a bildirdi ki, nəinki 35 kvadrat kilometr, hətta 1 kvadrat metr vətən torpağı da qorunmalıdır və kənarda qoyulmamalıdır. Laçın rayonunun ərazisi rəsmən 1835 kvadrat kilometrdir. Ola bilsin Müdafiə Nazirliyində aidiyyəti adamların diqqətsizliyindən nazirliyin saytındakı xəritədə rəqəm düzəlişi edilməyib. Nazirlik yaxşı olar ki, bu uyğunsuzluğun səbəbini ictimaiyyətə açıqlasın və Laçın rayonunun ərazisi rəsmi saytda düzgün qeyd edilsin: “Ermənistanla Qarabağı birləşdirən Laçın dəhlizinin 7 kilometri Laçın rayonunun ərazisinə düşür. 10 noyabr üçtərəfli bəyanatında dəhlizin 5 kilometr enində olması nəzərdə tutulur. Onda belə çıxır ki, Laçının ərazisinin 35 kvadrat kilometrinin ”yoxa çıxması" məhz həmin dəhlizə görədir, dəhlizi sanki Laçın ərazisi saymırlar. Əgər belədirsə, deməli, 35 kvadrat kilometrin rəsmi saytda göstərilməməsinin arxasında xoş olmayan məqsədlər var. Bəlkə həmin ərazini Azərbaycandan qoparıb Ermənistanın hüquqi istifadəsinə birdəfəlik verməyi kimlərsə planlaşdırıb? Bəlkə Qarabağdakı separatçılara verilir? Bax bu cür suallar istər-istəməz meydana gəlir. Ona görə də Müdafiə Nazirliyi və digər müvafiq rəsmi qurumlarımız bu məsələyə bir aydınlıq gətirməlidir. İnşallah, ağlımıza gələn mənfi ehtimallar doğrulmaz, sadəcə, diqqətsizlikdən yaranmış texniki səhv olduğu versiyası rəsmi təsdiqlənər".


“Yeni Müsavat”

Diaspora