Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi özünün rəsmi “Twitter” səhifəsində Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“25 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Qubadlı şəhərində üçrəngli bayrağımızı ucaltdı”.
“Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq...” Prezident İlham Əliyevin Qubadlı şəhərinin işğaldan azad olunduğu gün - 2020-ci il oktyabrın 25-də Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirdiyi operativ müşavirədə dediyi bu sözlər çox qısa müddətdə, cəmi 44 gündə öz təsdiqini tapdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə işğal altındakı rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. AZƏRTAC-ın müxbiri Qubadlı rayon ziyalısı, “Tərəqqi” medallı Əməkdar müəllim Ədalət Əsədovla görüşüb, onun doğma yurdu ilə bağlı xatirələrini, arzularını qələmə alıb. Dil-ədəbiyyat müəllimi olan Ədalət Əsədov bildirib ki, Ermənistan 1990-cı illərin əvvəllərində ölkəmizdə yaşanan xaotik vəziyyətdən istifadə edərək bir neçə il ərzində torpaqlarımızın 20 faizini işğal etmişdi. Amma Vətən müharibəsindən heç bir ay keçmədi ki, Rəşadətli Azərbaycan Ordusu Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarını işğalçılardan azad etdi. Düşmən, eləcə də ona havadarlıq edənlər bir daha anladılar: Azərbaycan 1990-cı illərdə ki, Azərbaycan deyil. Anladılar ki, qarşılarında bir vaxtlar dağınıq halda olan, texniki təchizatı çatışmayan Azərbaycan Ordusu deyil, müasir silahlarla təchiz olunan, peşəkar, qüdrətli Azərbaycan Ordusudur. 2020–ci il oktyabrın 25-də Azərbaycan əsgərinin Prezidentimizə, xalqa səslənişi Ədalət Əsədovun yaddaşına əbədi həkk olunub. Bu səsləniş onu həm kövrəldib, həm də quş kimi qanadlandırıb: “Möhtərəm Prezident! Cənab Ali Baş Komandan! Sizin əmrinizə əsasən Qubadlı şəhəri işğaldan azad olunmuşdur. Hazırda Qubadlı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın Qubadlı şəhəri! Qubadlı Azərbaycandır!” Qətiyyətli sərkərdə, böyük vətənsevər rəhbər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun şücaəti sayəsində müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımızın Qubadlı şəhərində dalğalanmasından, ucaldılmasından bir il ötür. Bu, tariximizin ən şərəfli günlərindən biridir. Müzəffər Ali Baş Komandanın ötən il dekabrın 23-də Qubadlıda dediyi “Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” – sözlərini xatırlayan Ədalət Əsədov bildirib ki, şərəfli missiyasını uğurla tamamlayan rəşadətli Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi. Qəhrəman Azərbaycan əsgəri həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etdi. İndi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Azərbaycan Ordusunun döyüş taktikası öyrənilir. Bu müharibə dünya üçün də bir yenilik oldu. Əbəs yerə deyil ki, Azərbaycanın apardığı Vətən müharibəsi bir çox hərbi ekspert tərəfindən XXI əsrin müharibəsi adlandırılır. Rayon ziyalısı Qubadlının coğrafiyası barədə məlumat verərək qeyd edib ki, tarixdə Bərgüşad mahalı kimi tanınan Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Qarabağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Ancaq Qarabağ xanı Pənahəli xanın uzaqgörən, müdrik siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz hissəsi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir. Azərbaycan xalqının tarixi faciəsi kimi yaşanan 1921–ci ildə daşnak–bolşevik ittifaqının nəticəsi olaraq, imperiya mahalı iki yerə böldü. Qubadlı, Laçın və Zəngilan Azərbaycanın inzibati ərazisində qaldı. Qubadlı rayonu 1930-cu ildə təşkil olunub. Rayon şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanın Qafan və Gorus rayonları ilə həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri rayonunun bolsulu çaylarıdır. Rayonun səthi, əsasən, dağlıqdır. Bölgədə əsasən, qəhvəyi dağ – meşə torpaqları yayılıb. Meşələrində fıstıq, palıd, vələs, göyrüş bitirdi. Meşənin sahəsi 13.2 min hektar idi. Faunası və florası çox zəngin idi. Ədalət Əsədov vurğulayıb ki, ərazisi 802 min kvadratkilometr olan rayonda işğala qədər 30 minə yaxın əhali yaşayırdı. Qubadlı Azərbaycana böyük oğullar bəxş edib. Böyük övliya Mir Sədi Ağa, Azərbaycan qaçaq hərəkatının öncülü Qaçaq Nəbi və Həcər, Azərbaycan ədəbiyyatında ilk epopeya müəllifi S.Rəhimov, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü Ə.Əmiraslanov, Birinci Qarabağ savaşında imzasını təsdiqləmiş Milli Qəhrəman Ə.Əliyev, ikinci Qarabağ savaşının əfsanəvi komandiri general–mayor M.Bərxudarov, şəhid Milli Qəhrəman, polkovnik Ş.Həmidov və başqaları bu yurdun tanınmış simalarıdır. Bu siyahını artırsaq 4–5 vərəqlik səhifə yaranar. 1993–cü il avqustun 31–də Qubadlı Ermənistan tərəfindən işğal olundu və rayon əhalisi 27 il köçkünlük həyatı yaşadı. Artıq o ağır günlər geridə qalıb. Bu barədə danışan Ədalət Əsədov deyib: “2020–ci il oktyabrın 25–də, yəni 44 günlük Vətən müharibəsinin 29–cu günündə bu ağır yükdən qurtulduq. Ali Baş Komandan və onun əmrini canla–başla yerinə yetirən igid oğullarımızın - əsgər və zabitlərimizin, şirin canlarından keçən şəhidlərimizin, cəsur qazilərimizin hünəri, rəşadəti sayəsində üzümüz güldü, qamətimiz dikəldi. İndi azad Qarabağımızın digər bölgələri kimi, Qubadlıda da abadlıq–quruculuq işləri gedir. İndi Bərgüşad, Həkəri çayları daha zümzümə ilə, şaqraq axır. Hərtiz dağı sanki daha da ucalmaq, göylərə baş çəkmək istəyir. Yazı düzü insanları əkib-biçməyə səsləyir”. Doğrudur, erməni vandalları rayonun bütün kəndlərini, tarixi binalarını, memarlıq abidələrini söküb, dağıdıb, daşıyıb aparıblar. Rayon ziyalısı bildirib ki, Zəfər tariximizin memarı, Qarabağımızın xilaskarı Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Qubadlı əvvəlkindən daha gözəl olacaq. Bunu həm dövlət başçımızın, həm birinci xanımın Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda başlatdığı quruculuq, abadlıq işləri deməyə əsas verir. Qubadlı torpağının yetirməsi olan şair Q.Qasımzadənin, Sizdən ayrılanda dağlar cavandım, İndi hüzuruna qoca gəlmişəm. Qayğılar üstümə düşdü, talandım, Üzümə üz tutub borca gəlmişəm, - misralarını xatırlayan Ədalət Əsədov deyib: “Otuz dörd yaşında Qubadlını məcburən tərk etdim. İndi 63 yaşım var. Mən Qubadlıya borc üçün yox, qurub-yaratmağa, yeni nəsil tərbiyə etməyə gedəcəyəm. Buna görə də göydə Allaha, yerdə Prezident İlham Əliyevə çox minnətdaram, borcluyam. Var olun, cənab Prezident! Tanrı Sizi qorusun!”.