Sumqayıt şəhərində Vətən müharibəsi şəhidi Eltun Əliyevin şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə anım tədbiri keçirilib.
Bu barədə Qaziler.az-a şəhidin dostu Tural Məmmədov məlumat verib. T.Məmmədov bildirib ki, anım mərasimində şəhidin ailə üzvləri, dostları, Vətən müharibəsi qaziləri iştirak edib. Onlar Ağdərə uğrunda gedən döyüşlər zamanı şəhid olan bu cılız bədənli, lakin qorxmaz, cəsur döyüşçü haqda xatirələrini bölüşüb, keçdiyi döyüş yolundan danışıblar.
Şəhidin dostları onun yoxluğuna hələ də inana bilmədiklərini, onun cismən olmasa da mənən yanında hiss etdiklərini vurğulayıblar...
Qeyd edək ki, şəhid Eltun Əliyev 29 avqust 2001-ci ildə Sumqayıt şəhərində doğulub. Ailədə iki qardaş olublar. 24 nömrəli məktəbin məzunu olub. Xasiyyətcə sakit təbiətli, gülərüzlü, mehriban gənc olan Eltun məktəbdə oxuyanda da işləyib ailəsinə kömək edirmiş. O, 2019-cu il oktyabr ayında hərbi xidmətə yola düşüb, 1 il sonra, yəni 2020-ci il oktyabr ayının 22-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub, oktyabrın 23-də Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb..
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!