Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəman hərbçiləri xalqımıza qələbə sevinci yaşatdılar. Bu qələbəni bizə yaşadan igid oğullarımız arasında şəhidlik zirvəsinə ucalanlar oldu.
Bu gün Vətən müharibəsi şəhidlərindən səkkiz nəfərin doğum günüdür.
Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Baş gizir Cəbrayılov Sübhan Rahim oğlu 1983-cü ildə Salyanın Marışlı kəndində anadan olub. Orta məktəbi orada bitirən S.Cəbrayılov müddətli həqiqi hərbi xidmətdə olarkən XTQ-yə seçilib. Ömrünün 18 ilini XTQ-də kəşfiyyatçı kimi xidmətə həsr edib.
Sonuncu dəfə ailəsi ilə sentyabrın 25-i görüntülü danışan S.Cəbrayılov Vətən müharibəsinə gedib. Sübhan Cəbrayılov Vətən müharibəsi zamanı Füzulinin, Hadrutun, Cəbrayılın və Zəngilanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib.
Oktyabrın 19-da Qubadlı istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub. İki gün neytral ərazidə qalan şəhidin nəşi oktyabrın 23-də ailəsinə təhvil verilib və torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Sübhan Cəbrayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə, eləcə də “Vətən uğrunda” medalı ilə təltif edilib.
MAHHXHQ baş əsgər Əliyev Elman Rakif oğlu 23 oktyabr 1994-cü ildə Mingəçevir şəhərində dünyaya gəlib. Şəhidimiz idmanla məşğul olub, avarçəkmə üzrə keçirilən bir çox yarışda medallar, diplomlar qazanıb. Elman Əliyev Vətən müharibəsi zamanı Suqovuşanın işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə savaşıb. O, oktyabrın 20-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elman Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Əliyev İbrahim Nəcəfqulu oğlu 23 oktyabr 1993-cü ildə Xəzər rayonunun Buzovna qəsəbəsində anadan olub.
Buzovna qəsəbəsində yerləşən 125 nömrəli tam orta məktəbdə təhsilə başlayıb. 9 illik təhsilini bitirdikdən sonra məktəbdən ayrılıb.
2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılan İbrahim Ağdamda yerləşən N saylı hərbi hissədə, ön xətdə xidmət keçib.
Erkən yaşlarında hər iki valideynini itirən İbrahim sentyabrın 29-dan könüllü olaraq Vətən müharibəsinə qoşulub.
Silah yoldaşları ilə birgə Füzulinin, Cəbrayılın və Zəngilanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə düşmənlə üz-üzə gəlib.
İbrahim Əliyev oktyabrın 24-də Zəngilan istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İbrahim Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Həziyev Hafiz Varoğlu oğlu 1993-cü il oktyabrın 23-də Yeni Qaradolaq kəndində dünyaya gəlib. Orta təhsilini M.Füzuli adına tam orta məktəbdə alıb. 2010-cu ildə bu məktəbi uğurla başa vurub. 2011-2012-ci illərdə ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçib.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan zaman Hafiz könüllü olaraq müharibəyə getmək üçün müraciət edib. Müraciətinə cavab gələn kimi 28 sentyabrdan ön cəbhədə ordu sıralarına qoşulub.
Hafiz oktyabr ayının 6-da Füzuli uğrunda gedən şiddətli döyüş zamanı yaralı əsgər yoldaşını xilas edərkən düşmən snayperinin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
O, doğulduğu Yeni Qaradolaq kəndində, kənd qəbiristanlığında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Hafiz Həziyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Baş leytenant Rüstəmov Ruslan Nüsrət oğlu oktyabrın 23-ü 1981-ci ildə Hacıqabul rayonunda dünyaya gəlib. 2014-cü ilin sentyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayanda Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edərək verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirib.
Oktyabrın 3-də onun da içərisində olduğu motoatıcı bölük Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmənin digər silah növlərindən atdığı mərminin partlaması nəticəsində Ruslan Rüstəmov şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz ailəli idi, vətənə əmanət beş övladı yadigar qalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Ruslan Rüstəmov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları, “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Əsgər Rəsulov Nərman Fəzaim oğlu 23 oktyabr 1993-cü ildə Yevlax rayonunun Aşağı Bucaq kəndində dünyaya göz açıb. Orta təhsilini 2010-cu ildə bitirən Nərman 2011-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra 2013-cü ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsində mühafizəçi kimi işə başlayıb. 2016-cı ilə qədər həmin vəzifədə çalışıb.
Nərman Rəsulov 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. N.Rəsulov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib.
Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Nərman Rəsulov 16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Nərman Rəsulov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
MAHHXHQ əsgər Salyayev Aqil Anar oğlu 1996-cı il oktyabrın 23-də Ağstafa rayonunun Qarayazı qəsəbəsində dünyaya gəlib. 2003–2014-cü illərdə F.Piriyev adına 18 nömrəli Sumqayıt şəhər tam orta məktəbində təhsil alıb. Aqil Salyayev 2014–2016-cı illərdə Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən Lələtəpədə post komandiri olaraq müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Aqil Salyayev 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Qubadlının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb.
Aqil Salyayev oktyabrın 26-da Qubadlı istiqamətində gedən döyüş zamanı şəhid olub. Ağstafa rayonunun Köçvəlili kəndində torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Aqil Salyayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Çavuş Şükürlü Nicat Ayaz oğlu 1991-ci il oktyabrın 23-də Səbail rayonunun Badamdar qəsəbəsində anadan olub. 1998-2009-cu illərdə Bayıl qəsəbəsində təhsil alıb. 2014-2019-cu illərdə isə Bakı Slavyan Universitetində (BSU) “Beynəlxalq münasibətlər” ixtisası üzrə ali təhsil alıb.
Nicat Şükürlü 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun çavuşu olan Nicat Şükürlü 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib.
Nicat Şükürlü oktyabrın 12-də Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. O, Səbail rayonunun Badamdar qəsəbəsində dəfn edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğurunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.