“Ağdamla birlikdə onun məzarı da öz azadlığına qovuşdu...”

“Ağdamla birlikdə onun məzarı da öz azadlığına qovuşdu...” backend

Bu gün xanəndə Səxavət Məmmədovun doğum günüdür.

Moderator.az-a açıqlamasında S.Məmmədovun qardaşı, Əməkdar artist Firuz Səxavət Ağdam kimi onun məzarının da azadlığa qovuşduğunu bildirib:

 

“Səxavət müəllimin məzarını ziyarət etmişəm. Bilirsiniz ki, indi o yerlərə getmək icazəylədir. Ona görə də tez-tez getmək imkanımız olmur. Şükür Allaha ki, Səxavət müəllimin məzarı da Ağdam kimi öz azadlığına qovuşdu. O vaxt heç onun məzar daşını qoya bilmədik. Hətta məzar daşı hazır idi, bir neçə il gözləyəndən sonra artıq daşı aldığımız yerə təhvil verdik. İnşallah Ağdama gediş-gəlişə tam icazə veriləndən sonra məzar daşını da qoyacağıq. Bu sevinci bizə yaşadan Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə təşəkkür edirik”.

 

Moderator.az-a açıqlamasında Səxavət Məmmədovun dostu, Xalq artisti Möhlət Müslümov da öz təəssüratlarını bölüşüb:

 

“Neçə vaxtdır arzu edirəm, amma hələ ki, Səxavət müəllimin qəbrini ziyarət edə bilməmişəm. Amma məqam yaranan kimi gedəcəm. Mən 1991-ci ildə Səxavət müəllimin dəfnində iştirak etmişəm. Ondan sonra Abdal-Gülablı da işğal edildi. Səxavət dahi insandır və onun kimisi yoxdur. O, otuz səkkiz ildə üç o qədər yaşadı. Otuz səkkiz ildə o hörməti qazanmaq hər adama qismət olmur. Həm sənəti böyükdür, həm də özü də gözəl insandır. Elə gün yoxdur ki, onu xatırlamayım, gənclərimizə ondan danışıram. Sənətdə onun kimi insanlar nadir hallarda olur. Allah rəhmət eləsin, ruhu şad olsun”.

 

Qeyd edək ki, Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib. 

Diaspora