“Atamın Birinci Qarabağ müharibəsində yarımçıq qalan işini tamamlamalıydım” - Döyüşçü

“Atamın Birinci Qarabağ müharibəsində yarımçıq qalan işini tamamlamalıydım” - Döyüşçü backend

“Birinci Qarabağ müharibəsinin məndə onsuz da izi vardı. Gözümü açıb hərbi geyim, şəhid dayımın divardakı fotosunu görmüşəm. Ona görə də "müharibə başladı" xəbərini eşidəndə döyüşə getməyə qəti qərarlı idim”.

Bunu “Report”a müsahibəsində Vətən müharibəsi iştirakçısı, "Real TV"nin əməkdaşı İsmayıl Hüseynov deyib.

O, müharibənin ilk günlərində cəbhəyanı ərazilərə jurnalist kimi yollanıb, noyabrın 5-i isə qələmi silaha dəyişməli olub: “2016-cı ildən sonra ilk dəfə idi ki, biz işğaldan azad olunan torpaq adı eşidirdik. Atam uzun illərdir bu günləri səbirsizliklə gözləyirdi. Çünki Birinci Qarabağ müharibəsində iştirak edib və yaralanmışdı. Fikrim qəti idi, müharibəyə gedib şəhid dayımın qisasını almalı, atamın Birinci Qarabağ müharibəsində yarımçıq qalan işini tamamlamalıydım. Bir neçə gün döyüşlər getdi, bir sıra torpağımız işğaldan azad edildi, amma bununla yanaşı, həm də mənə doğma olan əsgər yoldaşımın və komandirimin şəhid xəbərini eşitdim. Artıq bu zaman müharibənin mahiyyətini daha dərindən hiss etdim. Çünki məsələ obyektiv plandan çıxaraq subyektiv plana keçdi”.

İ.Hüseynov hərbi komissarlığa gedərək könüllü şəkildə müharibəyə yazıldığını, ancaq müsbət cavab alacağına o qədər də ümidli olmadığını bildirib: “Düzü, çox da ümidli deyildim. Noyabrın 4-də mənə hərbi komissarlıqdan zəng geldi, "müharibəyə gedirsən" deyiləndə inana bilmədim. İstəyimə çatdığım üçün çox sevincli idim. Artıq noyabrın 5-i Qarabağ torpaqlarında idim. 70 günə yaxın həmin ərazilərdə xidmətdə oldum. Düzdür, mən real müharibədə sadəcə 5 gün iştirak etmişəm. Buna görə təəssüflənirdim, özlüyümdə deyirdim elə bu? Amma həm də qrrurlu idim, arzusunda olub müharibədə iştirak edə bilməyən oğlanlar gözümün önündə dayanırdı. Amma mən həmin anları gördüm və yaşadım. Düzdür, şəhidlik zirvəsi nəsibimiz olmadı, amma nə xoş bizə ki, şahid olub torpaqlarımı yağılardan azad edib geri qayıtdıq”.

Daha ətraflı süjetdə:

Diaspora