Qarabağ müharibəsində PARTİYA SƏDRlərindən kimlər iştirak edib? – Elmi iş yazan kim, komissarın gözündən yayınan kim... - ARAŞDIRMA

Qarabağ müharibəsində PARTİYA SƏDRlərindən kimlər iştirak edib? – Elmi iş yazan kim, komissarın gözündən yayınan kim... - ARAŞDIRMA backend

Qazilər saytı xəbər verir ki, AZADİNFORM Azərbaycanın siyasi partiya rəhbərlərindən kimlərin Qarabağ müharibəsində iştirak etməsi barədə maraqlı bir araşdırma aparıb. Araşıdırmanı təqdim edirik.

Dünən olduğu kimi bu gün də Azərbaycanın ən ağır problemi Dağlıq Qarabağ məsələsidir. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə minlərlə şəhid vermişik, itkilərimiz olub. Bu gün ölkənin ictimai-siyasi həyatında fəallıq nümayiş etdirən siyasi partiya rəhbərlərinin və digər funksionerlərinin Qarabağ döyüşlərində iştirak edib - etməmələrini müəyyənləşdirmək üçün AZADİNFORM kiçik bir ARAŞDIRMA aparıb. Nəticədə Qarabağ müharibəsində iştirak edən partiya rəhbərləri və ya nümayəndələrini DANIŞDIRIB və onların müharibə başlayacağı təqdirdə ORDUya gedib-getməyəcəkləri ilə MARAQLANIB.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, o Qarabağ müharibəsində iştirak edib: “Yenidən müharibə olarsa və ehtiyac yaranarsa döyüşlərə qatılaram. Bundan böyük şərəf nə ola bilər ki?”

Ümid Partiyasının (ÜP) sədri, millət vəkili İqbal Ağazadə qeyd edib ki, o 1991-1992-ci illərdə Qarabağ müharibəsində iştirak edib. Yenidən müharibə olarsa qatılmaq fikrinə gəlincə isə o deyib ki, yaşı o yaş deyil: “Təbii ki, ordumuzda kifayət qədər zabit var. Lakin yenə də ehtiyac olarsa, mən də qatılmalıyam. Bu mənim vətəndaşlıq borcumdur”.

Milli Dirçəliş Partiyası Hərəkatının sədri, millət vəkili Fərəc Quliyev deyib ki, o da Qarabağ müharibəsində iştirak edib: “Həmçinin, Naxçıvanda könüllülər batalyonun yaranmasında yaxından iştirak etmişəm. Tərtərdə, Şuşada, Ağdamda döyüş bölgələrində olmuşam”.

Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə bildirib ki, o, bilavasitə döyüş əməliyyatlarında iştirak edib: “Qarabağa tələbələrdən ibarət ilk hərbi birliyi təşkil edənlərdən olmuşam və ardınca Prezident Aparatında şöbə müdiri olduğuma görə, əksər ordu birliklərinin təmas xəttində və döyüş əməliyyatlarında vəziyyəti yerində araşdırmaq məqsədilə müharibə zonasına baş çəkmişəm”.

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, o müharibədə tibb sahəsində ehtiyatda olan bir şəxs olaraq iştirak edib: “Yəni mən döyüşlərə qatılmamışam. Sadəcə ehtiyatda olan tibb zabiti olmuşam. Yenə də döyüş olarsa əlimdən gələni etməyə hazıram”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə bildirib ki, o da 1989-cu ilin əvvəllərindən müharibəyə qatılıb: “Mən ilk olaraq bu döyüşlərdə ön cəbhədə olan keşikçi kimi iştirak etdim. Daha sonra isə müntəzəm olaraq döyüşlərə qatıldım. Həmçinin, vəzifələrdə çalışdığım vaxt ərzində isə döyüş bölgələrinə səfər etdim. Könüllülər dəstəsinin yaradılmasında yaxından iştirak etdim”. Müharibə olarsa yeni iştirak edərsinizmi sualına isə A.Hacılı cavab olaraq bildirib ki, Azərbaycan ordusunda kifayət qədər zabit var: “Ancaq tələbat olarsa mən yenidən canla-başla döyüşlərə qatılaram. Həmçinin, üzərimə hansı vəzifə düşsə onu məmnuniyyətlə yerinə yetirərəm”.

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov da Qarabağ müharibəsində iştirak etdiyini və hətta yaralandığını, ehtiyatda olan zabit olduğunu bildirib: “Bəli, müharibə başlasa, mən yenidən döyüşlərə qatılmağa hazıram”.

Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı deyib ki, o Qarabağ müharibəsində bir zabit olaraq iştirak etməyib: “Komissar dəvət etməyib. Lakin mən Qubadlıda doğulduğum və yaşadığım üçün həmin vaxtı baş verən proseslərə biganə olmamışam. Döyüş bölgələrini ziyarət etmişəm”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev qeyd edib ki, o da bu müharibədə iştirak etməyib. Buna səbəb isə həmin vaxtlar elmi iş yazması olub.
Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli də Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməyib: “Lakin mən döyüş bölgələrinə getmişəm. Çünki həmin vaxtlar yaşadığım bölgədə də müntəzəm olaraq proseslər gedirdi. Müharibə yenidən olarsa və ehtiyac yaranarsa müharibədə iştirak etmək borcumdur”.

Azadlıq Partiyasının (AP) sədri Əhməd Oruc deyib ki, o da zabit olaraq müharibəyə qatılmayıb: “Lakin yaşadığım Qax bölgəsində təlatümlü anlar baş verirdi. Həmin vaxtlar mən döyüş bölgələrinə getmişəm. Qardaşım həmçinin, döyüşlərdə iştirak edib. Yenidən müharibə başlasa və mənə də ehtiyac olsa əlbəttə qatılaram”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə bağlı sorğumuza isə partiyadan cavab verən olmadı.
Diaspora