“Füzuli Memorial Kompleksi şəhərin mərkəzi hissəsində yaradılacaq. Durduğumuz məkanda, 5 hektarlıq ərazidə İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı salınacaq. Həmçinin yüksək bir məkanda Bayraq meydanı yaradılacaq”.
APA-nın məlumatına görə, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən Füzulidə Zəfər muzeyinin təməl daşını qoyma mərasimində deyib.
Komitə sədri Bayraq meydanının şəhərin ən yüksək nöqtəsində salınacağını və Füzulinin yeni simvolu olacağına inandığını bildirib: “Xüsusən də axşam vaxtı işıqlandırma effektləri ilə hər tərəfdən görünəcək. Muzey 6 əsas zaldan ibarət olacaq. Hər zal bir mövzuya həsr olunacaq, Füzulinin və Qarabağın strateji əhəmiyyətindən bəhs edəcək. Muzeyin alt qatında erməni işğalçıları tərəfindən qurulmuş istehkamlar təqdim olunacaq. Bununla yanaşı, Füzulini azad edərkən bizim hərbçilərimizin mükəmməl qurduğu strategiyaya həsr olunmuş bir zal da olacaq. Həmçinin Füzuli işğaldan azad olunduqdan sonra onun görkəmi, bugünkü vəziyyəti və təbii ki, şəhidlərimizin xatirəsinə həsr olunmuş ayrıca bir ekspozisiya da təşkil olunacaq. Muzey böyük bir parkda yerləşəcək. Parkda, həmçinin Zəfər abidəsi qurulacaq”.