Doğum günü olan şəhidlər - FOTO

Doğum günü olan şəhidlər - FOTO backend

Bu gün 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gedən döyüşlərdə iştirak edərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan 8 şəhidimizin doğum günüdür.

Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

Əsgər Əzimov Saatmirzə Feyruz oğlu 16 oktyabr 1997-ci ildə Siyəzən şəhərində anadan olub. 2003-2014-cü illərdə Siyəzən şəhər 6 saylı orta məktəbdə təhsil alıb. Orta təhsil aldığı zaman 2006-2010-cu illərdə Siyəzən şəhər musiqi məktəbində qarmon üzrə kurs keçib. Saatmirzə Əzimov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edib, döyüşlər zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından iştirak edərək fərqlənib.

2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Saatmirzə Əzimov, sentyabr ayında hərbi xidmətə çağırılıb. Əsgər Saatmirzə Əzimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak edib.

O, Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 17 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı aldığı zərbədən beyni zədələnib, ağır yaralanmış halda xəstəxanaya yerləşdirilib. Saatmirzə Əzimov 17 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhid olub. Saatmirzə Əzimovun nəşi Siyəzən şəhər qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Saatmirzə Əzimov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Baş leytenant Gülüşov Tərlan Salman oğlu 16 oktyabr 1994-cü ildə Salyan rayonunun Xalac kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Tərlan Gülüşov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Tərlan Gülüşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Gülüşov oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunun Xələc kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tərlan Gülüşov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ kiçik çavuş İbrahimov İsrafil Zülfiqar oğlu 16 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. Qatıldığı döyüşlərdə cəngavər kimi irəli atıldığını deyir döyüş yoldaşları. Vətən sevgisi dillərə dastan olan İbrahimov İsrafilin rütbəsi kiçik çavuş olub. 26 oktyabr tarixində Vətən müharibəsinin Laçın cəbhəsində (Səfiyan kəndində) qəhrəmancasına şəhid olub.

İsrafil Vətən müharibəsi zamanı Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda gedən ağır döyüşlərdə iştirak edib. Onların dəstəsi öndə gedirdi. O, Laçın rayonunun Güləbirt kəndi istiqamətində gedən döyüşlərlə düşmənin atdığı minaatan mərmisi nəticəsində şəhid olub.

MAHHXHQ əsgər İsmayılzadə Müşfiq Xanlar oğlu 1994-cü il oktyabrın 16-da Tovuz rayonunun Alakol kəndində anadan olub. 2001-2005-ci illərdə Tovuz rayonunda Alakol kənd tam orta məktəbində, 2005-2009-cu illərdə isə Gəncə şəhərində İ. Nəsimi adına 44 nömrəli tam orta məktəbdə təhsil alıb.

Müşfiq İsmayılzadə 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Müşfiq İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

Müşfiq İsmayılzadə oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Alakol kəndində dəfn olunub.

Mayor Kəlbalıyev Səyavuş Hümbət oğlu 1987-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Vətənə əmanət iki övladı yadigar qalıb.

2009-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirən Səyavuş Kəlbalıyev leytenant hərbi rütbəsinə layiq görülüb. 2009-2010-cu illərdə Sərhəd Qoşunlarının Təlim Tədris Mərkəzində ixtisasartırma kursunu keçdikdən sonra hərbi vəzifəsinə başlanıb. 2012-ci ildə kəşfiyyat ixtisası üzrə kurs keçdikdən sonra, xidmətini xüsusi hərbi hissədə davam etdirib.

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilib və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulub. Başlayan döyüşlər zamanı Səyavuş Kəlbalıyev kəşfiyyat rəisi olaraq Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşub. 29 sentyabr 2020-ci ildə Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Səyavuş Kərbalıyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Rzayev Qəhrəman Bəhmən oğlu 1996-cı ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olub.

Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə 120 mm-lik minomyot düşməsi nəticəsində 7 noyabrda şəhidlik zirvəsinə ucalıb. Beyləqan rayonu, Kəbirli kənd Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Rzayev Qəhrəman Bəhmən oğlu ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

MAHHXHQ əsgər Şirinli Nurlan Qədir oğlu 1996-cı ilin oktyabr ayının 16-da Tərtər rayonunun Sarov kəndində anadan olub. Müharibə zamanı mexanik sürücü kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. Yaxınları onu hər an Vətəni üçün sinəsini sipər etməyi bacaran əsl qəhrəman bilirdi. İgid hərbçi oktyabrın 7-də Talış Suqo7vuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Nurlan Şirinli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

MAHHXHQ əsgər Teymurlu Mirrahil Ramiz oğlu 16 oktyabr 1991-ci ildə Füzuli rayon Mahmudlu-1 kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 2010-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-cu ildə xidmətini uğurla başa vurub.

2013-cü ildə Azərbaycan Respublikası Ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlik təşkilatının minaaxtarma vəzifəsində işə başlayıb. 2018-ci ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi tank bölüyünün baş mexanik sürücüsü olaraq xidmət etməyə başlayıb.

Mirrahil Füzuli rayonu ərazisində hərbi əməliyyatlar zamanı döyüş meydanında xidməti vəzifələrinin icrası zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən odlu silahdan açılan atəş nəticəsində şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Mirrahil Teymurlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Diaspora