16 oktyabr - 44 günlük Zəfər yolunun 20-ci günü - VIDEO

16 oktyabr -  44 günlük Zəfər yolunun 20-ci günü - VIDEO backend

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsinin 20-ci gününün xronikasını təqdim edirik.

- Rəşadətli Azərbaycan Ordusu Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində məlumat verib.

- Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib.

- Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsindən yeni videogörüntülər paylaşıb.

- Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” qurğusu, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 avtomobil texnikası məhv edilib. Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında hərbi qulluqçular və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər arasında kütləvi şəkildə fərarilik halı qeydə alınıb. Ermənistan ordusunun 5-ci dağatıcı alayının müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralanan var. Geri çəkilən düşmən xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə ataraq qaçıb. Bundan başqa, 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib.

- Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 16-sı saat 11:00-dək 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb, 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. 

- Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.

- Düşmənin atdığı raket və mərmilərin mülki obyektlərimizə vurduğu ziyanın aradan qaldırılması üzrə tədbirlərin icrasına başlanıb.

Ətraflı Baku TV-nin Vətən Müharibəsinin 16 oktyabr xronikasını təqdim edirik:

Diaspora