“Bu gün Əbdülməcidin doğum günü münasibətilə saat 15:00-da Xırdalanda Mədəniyyət Evində tədbirimiz olacaq. Əbdülməcid həmişə xatırlanır, yad edilir. Mən illər öncə demişdim ki, torpaqlarımız işğaldan azad edilsin, ondan sonra ağlamayacam. Qadın olmağıma baxmayaraq sözümün üstündə duran adamam. Əgər söz verdimsə, kişi kimi də sözümün üstündə dururam”
Bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşləri zamanı şəhid olan əsgər Əbdülməcid Axundovun anası Ceyran xanım deyib. Şəhid anası bu gün bütün şəhidlərimizlə fəxr etdiyini bildirib:
“Əslində ağlamaq var və bu da övladla-ana arasında olan bir həsrət ağlamağıdır. O günü gözləyirəm ki, biz nə vaxtsa qovuşacağıq. Onda demişdim ki, nə qədər ki, torpaqlarımız işğal altındadır mən gecə-gündüz ağlayacam. Amma nə vaxt torpaqlarımız işğaldan azad ediləcək, onda söz verirəm ki, ağlamayacam. Yəni torpaqlar işğal altında qalmasın, heyf mənim övladımdan sözünü deməyim. İndi şükür torpaqlarımız işğaldan azad edildi, oğlum vətən uğrunda şəhid oldu. Bu gün Əbdülməcidin qisası qardaşları tərəfindən alındı. Allah onların hər birinin məkanını cənnət eləsin, nur içində yatsınlar. Yəni onlar hamısı bizim balalarımızdır.
Əbdülməcid qəhrəman kimi xatırlanır. Hamımızın yaddaşında igid, qəhrəman bir oğul kimi qalıb. Çünki 2016-cı ilin Şanlı aprel döyüşləri bu günki zəfərimizin təməlini qoydu. Bunun ardınca Tovuz döyüşləri oldu və general Polad Həşimovun şəhid olması buna növbəti dəfə təkan verdi və bizi qələbəyə apardı. Böyük bir tarixi qələbə qazandıq. Buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə, qazilərimizə təşəkkür edirik. Bütün xalqımıza, analarımıza hamısına səbr, dözüm diləyirəm.
Şəhidlərimizi yaşadan xalqımız, sizin kimi oğullarımız sağ olsun. Sizlər şəhidlərimizi bölmədən onların hər birini ayrı-ayrılıqda anırsınız, yaşadırsınız. Vətəndaşlıq borcu deyilən bir şey var, onu mən sizlərdə görəndə daha çox sevinirəm. Oğlumun o böyük zirvələrdə olmağından daha çox qürurlanıram. Bu ayrılıq analar üçün çox ağırdır, bütün bunlara baxmayaraq şəhidliyin yüksək zirvə olduğunu dərk edib, həyatda dik durduq. Bizi həyatda saxlayan onların şücaəti, xalqın yaddaşında qalması, tarix yazmasıdır. Allah şəhid analarımıza səbr, can sağlığı versin ki, şəhidlərimizi yaşadaq. Mən şəxsən öz oğlumla qürur duyuram və həmişə də fəxr etmişəm. Bu isə ilk dəfədir ki, onun doğum günündə mən ona deyirdim ki, oğlum, ruhun şad olsun. Bu sözü qələbəyə qədər oğluma deməyə utanırdım. Çünki torpaqlarımız işğal altında idi, namusumuz, qeyrətimiz tapdaq altında idi.
Hər bir şəhidimizin məkanı cənnət olsun. Oğlum Əbdülməcidə deyirəm ki, cənnətdəki mövlüdün mübarək, əziz şəhidim. Sən şəhidlik üçün doğulmuşdun. Arzun da şəhid olmaq, bayrağımıza bükülüb qayıtmaq idi. İnşallah görüşərik”.