Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən savaşda canları bahasına torpaqlarımızı işğaldan azad edən Vətən müharibəsi şəhidlərindən 14 nəfərin bu gün doğum günüdür.
Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:
MAHHXHQ çavuş Abdullayev Həsən Aydın oğlu 1990-cı il oktyabrın 15-də Kəlbəcər rayonunun Zivel kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.
Həsən Abdullayev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsən Abdullayev ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Abdullayev Vaqif Rəşid oğlu 1996-cı il oktyabrın 15-də Ağsu rayonunun Hacıqədirli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Vaqif Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Vaqif Abdullayev oktyabrın 6-da Laçında gedən döyüşlər zamanı yaralı yoldaşlarını çıxararkən şəhid olub. Ağsu rayonunda dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vaqif Abdullayev ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
MAHHXHQ əsgər Dəmirli Elşən Gündüz oğlu 15 oktyabr 1998-ci ildə Qəbələ rayonunun Nic qəsəbəsində dünyaya göz açıb.
Orta təhsilini Qəbələ rayon Nic qəsəbə 3 saylı tam orta məktəbində almışdır. 2016-cı ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidməti Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi başa vurub. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib. Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Elşən Dəmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. 28 sentyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elşən Dəmirli ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
Leytenant Dünyamalıyev Ceyhun Zeynal oğlu oktyabrın 15-i 1996-cı ildə Culfa şəhərində anadan olub. 2002-ci ildə Culfa şəhər 2 nömrəli orta məktəbin birinci sinifinə daxil olub. 2011-2014-cü illərdə hərb sənətinə yiyələnmək üçün Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirərək leytenant rütbəsinə yüksəlib və Naxçıvan Xüsusi Təyinatlılarının tərkibində xidmətə başlayıb. Ceyhun “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına layiq görülüb. Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
44 gün müharibədə qanı-canı bahasına torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Xüsusi Təyinatlı Qoşunların zabiti olan Ceyhun Dünyamalıyev 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə ayağından aldığı qəlpə yarası səbəbilə qan itkisindən şəhidlik zirvəsinə ucalıb. Qəhrəmanımız anadan olduğu Culfa şəhərində dəfn edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ceyhun Dünyamalıyev ölümündən sonra “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Əhmədzadə Rüfət Əbülfət oğlu 2001-ci il oktyabrın 15-də Sumqayıt şəhərində dünyaya gəlib.
Rüfət orta təhsilə Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə başlayıb. Rüfət oxuduğu müddətdə həm uşaqların, həm də müəllimlərinin sevimlisi olub. Rüfət 2019-cu il oktyabırın 23-də müddətli həqiqi hərbi xidmətə yollanıb. O, hərbi xidmətdə olanda atası dünyasını dəyişib. Rüfət Əhmədzadə 2021-ci il sentyabrın 29-da Tərtər- Agdərə istiqamətində gedən döyüşlərdə artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Oktyabrın 1-də Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Əhmədzadə Rüfət ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Gizir Ələkbərov Məhəmmədəli Bayram oğlu 1990-cı ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. 1996-2007-ci illərdə Firacəddin Məmmədov adına tam orta məktəbdə təhsil alıb.
2008-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində xidmətə başlayıb. M.Ələkbərovun ilk xidmət yeri olan Lənkərandakı “N”saylı hərbi hissədə qüsursuz xidmətlərinə görə seçilib.
2015-2016-ci illərdə Dövlət Sərhəd Xidmətinin tədris mərkəzində təlim çevik hərəkəti taborunda müxtəlif vəzifələrdə xidmət edib. 2019-cu ildən xidmət yeri Çevik Hərəkat Qüvvələrinin Çevik Hərəkət Dəstəsinə dəyişdirilib. Sentyabrın 27-də başlayan Vətən müharibəsi sanki Məhəmmədəliyə qazandığı bilik və bacarıqları nümayiş etdirilməsi üçün bir meydan oldu.
Məhəmmədəli Çevik Hərəkət Dəstəsinin tərkibində Füzuli və Cərayıl istiqamətlərində bir sıra yaşayış məntəqələrimizin azad olunması uğrunda uğurlu əməliyyatlarda iştirak edib. İran İslam Respublikası ilə dövlət sərhədlərimizin bərpası zamanı məhz onun fədakarlığı nəticəsində bir neçə halda döyüş yoldaşları mühasirədən çıxarılıb.
Oktyabrın 19-da Zəngilan şəhərinin azad olunması əməliyyatlarında düşmən postlarının ələ keçirilməsində qəhrəmanlıq göstərib. 21 oktyabr 2020-ci ildə bir gün əvvəl işğaldan azad olunmuş Zəngilan şəhərinə düşmənin əks-hucumunun qarşısını alarkən gizir Ələkbərov Məhəmmədəli qəhrəmancasına şəhid olub.
22 oktyabr 2020-ci ildə Ağstafa rayonunun Poylu kəndində dəfn edilib. Vətənə əmanət iki övladı qalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Əsgər Əlizadə Eltac İsmayıl oğlu 1996-cı il oktyabrın 15-də Tovuz rayonunun Çataq kəndində anadan olub. 2003–2014-cü illərdə X.Cəfərov adına Çataq kənd tam orta məktəbində, 2014-2018-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsil alıb. Eltac 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, hərbi təxribatından sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə gedərək, könüllü olaraq orduya yazılıb.
Nəhayət sentyabrda istəyi yerinə yetən Eltac xalqının Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub, əks-hücum əməliyyatlarında fəal iştirak edib. Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb.
Sərrast pulemyotçu olan Eltac cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib. Füzuli və Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşən Eltac 27 oktyabr 2020-ci ildə şəhid olub.
Şəhidimiz Tovuz rayonunun Çataq kəndində torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Eltac Əlizadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Həmidzadə Hüseyn Akif oğlu 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirib. 2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil alıb. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olub.
27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanır.
O, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır.
25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn ötən il noyabrın 1-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Hüseyn Həmidzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Gizir Həsənov Səddam Aydın oğlu 15 oktyabr 1992-ci ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində anadan olub. 1999-cu ildə Beyləqan rayonu Yeni Mil qəsəbəsində Rəşan Quliyev adına orta məktəbə daxil olub və 2010-cu ildə həmin məktəbi bitirib.
2010-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanan şəhidimiz xidmət müddətində öz vətənpərvərliyi, dözümü və iradəsi ilə fərqlənib. Hərbiyə olan marağı onu 2013-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gizir hazırlıq kursuna daxil olmasına gətirib çıxarır.
Həmin kursu müvəffəqiyyətlə bitirən S.Həsənov Naxçıvanda yerləşən “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmətini davam etdirib. Daha sonra Xüsusi Təyinatlı Taborun qrup kamandirinin müavini vəzifəsində təyin olunub. Şəhidimiz 2014-2019-cu illər ərzində müxtəlif vəzifələrdə fəqlənib. Naxçıvanda xidmət edərkən Günnüt əməliyyatında iştirak edib, Günnüt kəndinin işğaldan azad edilməsində böyük şücaət göstərib.
Vətən müharibəsinin ilk günlərindən Murovdağ silsiləsinin azad olunmasında və Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. Həmçinin Cəbrayıl və Qubadlı şəhərlərinin azad olunmasında qəhrəmanlıq göstərib və üçrəngli bayrağımızı həmin torpaqlarda dalğalandırıb.
Döyüşlərdə fərqlənən S.Həsənov ötən il oktyabrın 17-də Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Elə həmin gün də doğulub boya başa çatdığı Beyləqan rayonu Yeni Mil qəsəbəsində torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Həsənov Səddam ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Əsgər Hüseynli Əkbər Azər oğlu 2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olub. Əkbər Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil alıb. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirib. Lakin Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanıb.
Əkbər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda başladılan Vətən müharibəsinin ilk günlərindən Murov istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüş zamanı qolundan yaralanıb, əsgər yoldaşlarının təkidinə baxmayaraq döyüşə davam edib.
27-29 sentyabr tarixlərində döyüş yoldaşları ilə xeyli irəliləyərək düşmənin çox sayda hərbi qulluqçusunu məhv edib. 29 sentyabrda Murov zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən əsgər Hüseynli Əkbər ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
MAHHXHQ əsgər Novruzlu Pərviz Qorxmaz oğlu 1997-ci ildə Şərur rayonunun Çərçiboğan kəndində anadan olub.
Pərviz Novruzlu 2015-ci ilin oktyabrından Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qrupunun üzvü kimi müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.
Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti dövründə 15-17 avqust 2016-cı il tarixində keçirilmiş “Ən yaxşı kəşfiyyat qrupu” yarışında 1-ci yeri tutduğuna görə Fəxri fərmanla təltif olunub. 23 mart 2017-ci ildə hərbi xidməti kəşfiyyatçı əsgər kimi başa vurmuş və sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Pərviz Novruzlu 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin, Cəbrayılın, Xocavəndin, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı olub. Pərviz Novruzlu 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Osmanov Əyyub Azər oğlu 1995-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olub. 2002-ci ildə Ağdaş rayon Şıxlı kəndində Mehman Həmidov adına tam orta məktəbdə təhsil alıb. 2017-ci il yanvarın 26-da hərbi xidmətə yollanıb. 2018-ci il iyul ayında ordudan təxris olunub. Ordudan təxris olduqdan sonra Ağdaş rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində (ASC) sürücü kimi işə başlayıb. 2020-ci il iyulda könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib.
Sentyabrın 29-da Vətənin müdafiəsinə yollanıb. Ə.Osmanov Qubadlı şəhəri uğrunda olan döyüşlərdə qəhrəmanlıq göstərib. Hərəkət etdikləri avtomobilin vurulması nəticəsində itkin düşən şəhidin nəşi 16 dekabrda ailəsinə təhvil verilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Əyyub Osmanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
MAHHXHQ əsgər Sarıyev Xəzri Elnur oğlu 2000-ci il oktyabrın 15-də Saatlı rayonunun Orta Muğan kəndində anadan olub. O, 2000-ci il oktybarın 15-də Saatlı rayon Orta Muğan kəndində dünyaya gəlib. 2018-ci ildə Vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Xidmətini başa vurduqdan sonra fəaliyyətini MAXE kimi davam etdirməyə qərar verib. Xəzri XTQ-in tərkibində təlimlərə qatılaraq bir sıra uğurlar əldə edib.
Valideynləri onun uşaq vaxtlarından hərbi vətənpərvərlik ruhda böyüdüyünü, daim milli qəhrəman Mübariz İbrahimovdan örnək götürdüyünü deyir.
Xüsusi təyinatlı Qüvvələrin hərbçisi olan Xəzri Sarıyev ötən il sentyabrın 27-də vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində düşmənə ilk zərbələr endirən qəhrəmanlarımızdan biri olub. Döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində iştirak edib. Qəhrəmanımız sentyabrın 27-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qəhrəman şəhidimiz böyüyüb boya-başa çatdığı Orta Muğan kənd qəbristanlığında dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xəzri Sarıyev ölümündən sonra “Vətən uğrunda”, “Rəşadət” ordeni, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
MAHHXHQ əsgər Vəlixanov Rövşən Aydın oğlu 1994-cü il oktyabrın 15-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 2001-2012-ci illərdə F.Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. Rövşən Vəlixanov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rövşən Vəlixanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Rövşən Vəlixanov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı itkin düşüb. Dekabrın 18-də şəhid olduğu müəyyənləşib. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub.