Doğum günü olan şəhidlər - FOTO

Doğum günü olan şəhidlər -  FOTO backend

Azərbaycana Qələbə yaşadan Vətən müharibəsi. 44 günlük qısa müddətdə tarixə qızıl hərflərlə yazılan zəfər və xalqımızı bu zəfərə aparan qəhrəmanlarımız var. Bu gün həmin qəhrəman şəhidlərimizdən dörd nəfərin doğum günüdür.

Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

MAHHXHQ çavuş İskəndərov Niyazi Şahvələd oğlu 1982-ci il oktyabrın 13-də Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Niyazi İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Niyazi İsgəndərov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidimiz ailəli idi, vətənə əmanət iki övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Niyazi İsgəndərov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Gizir İsmayılov Novruz Nürəddin oğlu 1987-ci il oktyabrın 13-də Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Novruz İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Novruz İsmayılov oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Novruz İsmayılov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Məmmədov Ehtiram Mehman oğlu oktyabrın 13-ü 1995-ci ildə Goranboy rayonu Muzdurlar kəndində anadan olub. Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış-Suqovuşan istiqamətində döyüş yolu keçib.

Qəhrəmanımız döyüş tapşırıqlarını yerinə yetirən zaman oktyabrın 3-ü 2020-ci ildə Talış-Suqovuşan istiqamətində şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ehtiram Məmmədov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

MAHHXHQ əsgər Şəfiyev Rəşad Vaqif oğlu 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1997-2010-cu illərdə Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbdə təhsil alıb. Rəşad Şəfiyev 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ilin iyul ayından Fövqəladə Hallar Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əsgəri olan Rəşad Şəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı axtarış-xilasetmə çalışmalarında iştirak edib. 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak edib. 27 oktyabr 2020-ci il tarixində Bərdənin raket atəşinə tutulmasından sonra oradakı axtarış-xilasetmə əməliyyatlarına qatılıb. Rəşad Şəfiyev 28 oktyabr 2020-ci il tarixində Bərdənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində aldığı yaralardan şəhid olub. 29 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidimiz ailəli idi, vətənə əmanət iki övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Rəşad Şəfiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Diaspora