“Azərbaycanın apardığı müharibədə hər günün, hər əməliyyatın öz əhəmiyyəti olub. Hər yaşayış məntəqəsinin, hər yüksəkliyin azad edilməsini ümumi planın tərkib hissəsi olaraq qəbul etmək lazımdır”.
Bunu APA-ya açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, Cəbrayıldan sonra Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin strateji əhəmiyyəti yüksək idi: “Hər bir azad edilmiş ərazi ilk olaraq mənəvi-psixoloji cəhətdən hərbçilərə çox böyük ruh yüksəkliyi gətirən amildir. Bu qələbələr bizim ordumuzun, hərbçilərimizin qələbəyə inamını daha da yüksəldirdi. Bu əməliyyatlar içərisində ən əhəmiyyətli və strateji sayılanlardan biri də Hadrutun işğaldan azad olunmasıdır. Hadrut çox strateji yaşayış məntəqəsi sayılır”.
Polkovnik qeyd edib ki, əvvəlcə Hadrutun yüksəklikləri, daha sonra Hadrutun özünün taleyi həll olunub: “Hadrut Azərbaycanın cəbhə bölgəsinin cənub hissəsinin mərkəzə yaxın hissəsində yerləşirdi. Hadrutun azad edilməsi Füzuli istiqamətində olan qüvvələrin irəliləməsini təmin etmək üçün vacib sayılırdı. Hadrut işğaldan azad olunandan sonra qürur yerimiz olan xüsusi təyinatlılarımız Şuşada əməliyyat aparmaq üçün irəlilədilər. O istiqamətdə irəliləmək Ağdam, Füzuli və Qırmızı bazar ərazisində olan böyük qüvvəni mühasirəyə salmaq ehtimalını artırırdı. Hətta erməni generalları bu faktları nəzərə alaraq 20 minə qədər insanın, şəxsi heyətin mühasirədə qala bilmə təhlükəsi ilə bağlı məruzələr, atəşkəslə bağlı müraciət edirdilər. Hadrut uğrunda gedən döyüşlər sonradan Azərbaycanın Zəngilan və cənub istiqamətində də irəliləməsinə imkan yaradırdı. Artıq Hadrut işğaldan azad olunandan sonra ermənilər bu müharibənin nəticəsini özləri üçün qiymətləndirə bilmişdi”.