9 oktyabr Cəbrayılın 4, Tərtərin 1, Füzulinin 2 və Xocavəndin 1 kəndinin, eləcə də Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.
9 oktyabr 2020-ci il. Yerli kütləvi informasiya vasitələrinin xəbər axışını demək olar müharibə ilə bağlı məlumatlar təşkil edirdi. Elə xarici media orqanları da Vətən Müharibəsindən yazırdı. Cəbhədən gələn şəhid xəbərləri, eyni zamanda Ermənistan ordusunun mütəmadi olaraq yaşayış məntəqələrimizi atəşə tutması üzücü olsa da, ordumuzun döyüş meydanında göstərdiyi şücaət qürurverici idi.
Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, gecə ərzində həyata keçirilən hərbi əməliyyatlar zamanı Ordumuzun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılmışdı. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi ağır yaralanmış, alayın artilleriya rəisi, xeyli sayda hərbi qulluqçu məhv edilmişdi.
Gün ərzində və gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilmişdi. 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı isə tam işlək vəziyyətdə ələ keçirilmişdi.
Səhər saatlarında isə Cəbrayıl rayonuna Azərbaycan bayrağının sancıldığını əks etdirən videogörüntülər yayımlandı.
Təəssüflər olsun ki, düşmənin riyakar həmlələri davam edir, hər fürsətdə yaşayış məntəqələrimizi hədəf seçirdilər.
Saat 9:00-da Ermənistan silahlı qüvvələri Füzuli, Goranboy, Tərtər və Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriyadan intensiv atəşə tutdu. Nəticədə Füzuli rayonunun Qarabağ kəndində 2 mülki şəxs xəsarət aldı, yaşayış evinə ciddi ziyan dəydi.
Saat 14:00-da isə Müdafiə Nazirliyi ordumuzun mühüm istiqamətlərdə düşmənə atəş zərbələri endirərək onun xeyli sayda hərbi texnikasını məhv etdiyini özündə əks etdirən videogörüntüləri yayımladı.
Elə həmin saatlarda Ermənistan silahlı qüvvələri Bərdə və Ağdam rayonlarına, həmçinin Mingəçevir, Ağcabədi və Tərtər rayonlarının ərazilərinə artilleriya zərbələri endirdi. Nəticədə Tərtərdə bir nəfər, Ağdamın Quzanlı qəsəbəsində isə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində isə Ermənistan ordusunun xeyli sayda BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edildi. Saat 16:30 radələrində Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik raket Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar edilərək 20 kilometrdən artıq hündürlükdə məhv edildi.
Saat 18-00-da isə Ermənistan silahlı qüvvələri növbəti dəfə Goranboyun Tap Qaraqoyunlu kəndinə 22 top mərmisi atdı, Nəticədə 1 nəfər xəsarət aldı.
Amma bütün bunlara baxmayaraq, Ordumuz cəbhədə inamla irəliləyir, işğal altında olan torpaqlarımız azad olunurdu. Elə Prezident İlham Əliyev də xalqa bu dəfəki müraciətində azad olunan yeni ərazilərin adını açıqladı. Dövlət başçısı müraciətində Xocavənd rayonunun Sor kəndinin və Hadrut qəsəbəsinin, Tərtər rayonunun Çaylı kəndinin, Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndlərinin işğaldan azad edildiyini açıqladı.
Həmçinin Müdafiə Nazirliyi işğaldan azad olunmuş Suqovuşan və Talış kəndlərindən yeni videogörüntülər yayımladı.
27 sentyabr tarixindən 8 oktyabra qədər Ermənistan ordusuna məxsus 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21 "Qrad", 1 "Uraqan", 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i 2S3 "Akasiya", 2-si "Qvozdika", 36 piyadanın döyüş maşını, 24 artilleriya batareyası, 2 "REM" və ya hava hücumundan müdafiə vasitəsi, 2 ədəd S-300 kompleksinin buraxıcı qurğusu, 25 "Osa" zenit raket kompeksi, 2 "Kub" zenit raket kompeksi, 4 "Repelent" radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 ədəd "TOS 1a" odsaçan sursatı, 2 ədəd radiolokasiya stansiyası 1 "Kalçuqa" anteni məhv edilmişdi. Bundan əlavə, 18 tank, 4 top, 22 piyadanın döyüş maşını, 12 minaatan, 4 "UAZ" maşını, 1 ekskavator, 27 "İqla" kompleksi, 1 "ZİL" maşını, 9 "QAZ" maşını hərbi qənimət kimi ələ keçirilmişdi.
Axşam saatlarında isə düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları Ordumuz tərəfindən məhv edildi.
30 ildir talana məruz qalan evlərimizin, məscidlərimizin, qətlə yetirilən günahsız insanımızın, əsir götürülən minlərlə sakinimizin qisası bax bu cür alınırdı.
Ordumuz düşməni qalan 31 gün ərzində də öz qanında boğacaqdı.