Ukrayna Milli Qvardiyasının mayoru, “Qarabağ” ləqəbli Mixail Solovyuk 1988-1989-cu illərdə Sovet İttifaqının milis orqanı işçisi kimi Azərbaycanın Qubadlı rayonunun Eyvazlar kəndində sülhməramlı hissədə xidmət edib.
O, 90-ci illərin Qarabağ müharibəsinin ilk aylarının canlı şahididir.
Mixail Solovyuk 1980-ci illərdə Moldovanın Kişinyov şəhərində ali milis məktəbinin kursantı kimi əvvəl Gürcüstana, sonra Ermənistana, 1988-ci ilin sentyabrında isə Azərbaycanın Qarabağ bölgəsinə sülhməramlı hissənin tərkibində dislokasiya olunub. Məqsəd həmin dövrdə ittifaqda baş qaldıran etnik qarşıdurmaların qarşısını almaq üçün qaynar nöqtələrə nəzarət etmək idi. O, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünün ilk dönəmlərinin şahidi kimi əsasən strateji Zəngəzur yolu üzərində yerləşən Qubadlı rayonu Eyvazlar kəndində xidmət edib.
Həm Qarabağda, həm də Ermənistanda olan keçmiş sovet sülhməramlısı deyir ki, o, ermənilərdən bu aqressiyanın səbəbini soruşub. Ermənilər isə cavabında ona Qarabağın hansısa “Böyük Ermənistan” ərazisinə daxil olduğunu, azərbaycanlıların orada yaşamağa haqqı olmadığını deyiblər.
Ukraynalı zabit 1988-ci ilin sentyabrın əvvəlindən etibarən altı ay sülhməramlı kimi Qarabağda xidmət edib. Bu müddətdə 90-cı illərin Qarabağ müharibəsinin əvvəllərini əhatə edən qaynar hadisələrlə yanaşı, azərbaycanlılarla bağlı da xeyli xatirə toplayıb.
SSRİ dağılandan sonra 2004-cü ilə kimi Ukrayna milis orqanlarında polkovnik-leytenant rütbəsinə kimi yüksələn Mixail Solovyuk həmin il Kiyevdə Maydan hadisələrində milisin davranışına etiraz olaraq istefa verərək, daxili işlər orqanlarından xaric olur. Bir də 2014-cü ildə baş verən növbəti inqilabdan sonra milis orqanına müraciət edir. O, mayor rütbəsində əvvəlcə Ukrayna Milli Ordusuna, sonra isə yeni təşkil olunan Milli Qvardiyaya xidmətə götürülür. Bildirir ki, elə ilk gündən Qarabağ xatirələri və orada keçirdiyi xidmətdən dolayı yeni xidmətdə ona “Qarabağ” ləqəbi verilir. Bu gün də ona adından çox ləqəbi ilə xitab edirlər.
Mayor Solovyuk hətta sosial şəbəkədə “Qarabağ” adlı hərbi qrup da aktivləşdirib. Qrupda Azərbaycanla bağlı paylaşımlar edilir. Ukraynalı döyüş zabiti Azərbaycanın ötən ilki Vətən müharibəsinə də toxunaraq, onun nəticəsini dünya hərbinə örnək adlandırıb. (oxu.az)