Üzeyir Cəfərov: “Bu məğlubiyyətdən sonra işğalçı orduda bədbinlik və inamsızlıq başladı”
İlham Əliyevin Cəbrayıl şəhərinin azad olnmasının ildönümündə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü Prezidentin maraqlı çıxışı ilə yadda qaldı. Prezidentin çıxışında diqqəti xüsusi cəlb edən məqamlardan biri Cəbrayılın azad edilməsinin müharibənin taleyində əhəmiyyəti barədə fikirləridir. Azərbaycanın dövlət başçısı bildirib ki, ermənilər Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti eyni zamanda ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a şərhində bildirib ki, həqiqətən Prezident tamamilə haqlıdır, oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq: “Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu qələbənin çox böyük mənası var idi. İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası olmaqla yanaşı, müharibənin taleyini xeyli dərəcədə həll edən strateji əhəmiyyəti var idi. Eyni zamanda Cəbrayılın azad edilməsi ordumuza əlavə güc verdi, inam verdi, döyüş əzmini artırdı. Məhz bu qələbədən sonra şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə uğurla həyata keçirdi. İşğalçı Ermənistan ordusunun isə ruhuna qorxu, bədbinlik, inamsızlıq hakim kəsildi. Müharibədə belə vəziyyətin meydana gəlməsi prosesin gedişatına ciddi şəkildə öz təsirini göstərir. Düşmən Azərbaycan Ordusunun həmləsini başqa istiqamətdə gözləyirdi. Ordumuz isə çox möhtəşəm hərbi taktika işlətdi və məhz Cəbrayıl istiqamətindən düşmənin belini qırdı. Müdafiə Nazirliyi ilə Dövlət Sərhəd Xidmətinin birgə həyata keçirdiyi əməliyyat çox uğurla nəticələndi. Faktiki olaraq Cəbrayıl işğaldan azad olunandan sonra artıq düşmənin müəyyən hərəkət istiqamətləri məhdudlaşdı.
Bu baxımdan da Cəbrayıl əməliyyatının çox böyük həlledici əhəmiyyəti var idi. Düşmənin bu istiqamətdə çox güclü müdafiə xətti var idi. Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək həmin müdafiə xəttini yarmağı bacardı. Cəbrayıl sözün hər mənasında düşmən üçün bir nəfəslik idi. Cəbrayılda düşmən məğlubiyyətə uğradılandan sonra Qubadlıya, Zəngilana daxil olmağımız üçün yolumuz açıldı. Eyni zamanda düşmən başa düşdü ki, Cəbrayılı azad etməyi bacaran ordunun qarşısında Zəngilan və Qubadlıda, Hadrutda duruş gətirmək mümkün deyil. Müharibənin taleyinə strateji, hərbi baxımdan mühüm əhəmiyyət kəsb eləyən hadisə-cəbhə xəttinin yarılması hadisəsi baş vermişdi. Düşmənin müqaviməti bundan sonra daha da çətinləşdi. Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün məhz Cəbrayılın azad edilməsi imkanlar yaratdı. Cəbrayılın strateji əhəmiyyəti o qədər böyük idi ki, burada məğlubiyyətə düçar olan düşmən Qubadlını, Zəngilanı, Hadrutu saxlaya bilmədi və geriyə çəkilməyə məcbur oldu. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Bu və digər əhəmiyyətinə görə Prezident Cəbrayılın azad olunmasının əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Cəbrayılın azad edilməsi müharibənin taleyinin həll olunmasında əsas amillərdən biri oldu”.