Doğum günü olan şəhidlər - FOTO

Doğum günü olan şəhidlər - FOTO backend

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlardan beş nəfərin doğum günüdür. 

Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

Əsgər Baxşiyev Eldar Sultan oğlu 1998-ci ildə Goranboyun Düzqışlaq kəndində anadan olub. Tarixi qələbəmizdə payı olan qəhrəmanlarımızdan olan E.Baxşiyev Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətindən davam edən 44 günlük Vətən müharibəsində şücaəti ilə seçilən igidlərdən olub. 2020-ci il, yanvarın 22-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət keçib. 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 30-da Suqovuşan uğrunda döyüşlərin gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralı döyüş yoldaşlarına kömək edərkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Leytenant Əliyev Əmirulla Vahid oğlu 1996-cı il oktyabrın 7-də Şamaxı şəhərində anadan olub. 2003-2011-ci illərdə Sabunçu rayonunun 67 nömrəli tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Əmirulla Əliyev 2018-ci ildən “leytenant” hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Əmirulla Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əmirulla Əliyev sentyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əmirulla Əliyev ölümündən sonra “Vətən uğrunda”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Əsgər Fərəcov Əflatun Mircangir oğlu 1999-cu ildə Lənkəran rayonu Osakücə kəndində anadan olub. Ailədə 5 bacı və 4 qardaş olublar. Balacalar valideynlərini erkən yaşda itiriblər. Əflatun Fərəcov Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 15 noyabrda döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub.

Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medallarıı ilə təltif edilib.

Əsgər Paşayev Samir Adışirin oğlu 1999-cu ildə də Bakı şəhəri Binəqədi rayonunda anadan olub. Müharibə zamanı baş atıcı kimi fəaliyyət göstərib. Talış, Suqovuşan istiqamətində döyüş yolu keçib. 2020-ci il sentyabrın 28-də Talış, Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Əsgər Rəsulov Xəzər Mail oğlu 1987-ci il oktyabrın 7-də Yevlax rayonunun Xanabad kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xəzər Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəzər Rəsulov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunda dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xəzər Rəsulov ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.

Diaspora