Vətən müharibəsi şəhidlərinin anım günü ilə bağlı məzarları ziyarət olunub

Vətən müharibəsi şəhidlərinin anım günü ilə bağlı məzarları ziyarət olunub backend

İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidləri Kazımov Kamran Qurbanəli oğlu və Kazımov Elvin Ədalət oğlunun anım günü ilə əlaqədar məzarları ziyarət olunub.

Qaziler.az report-a istinadən xəbər verir ki, tədbirdə şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri və Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət himni ilə başlayıb.

Çıxışçılar şəhidlərin qəhramanlığından, döyüş yolundan və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən bəhs ediblər.

Qeyd edək ki, Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiyanın Voloqda vilayətinin Vaşhi rayonunda anadan olub. O, 2012-2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona "leytenant" hərbi rütbəsi verilib. 2014-cü ildən Daxili Qoşunların sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 2018-ci ilin iyul ayından Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsində Qrup Komandiri vəzifəsində xidmət edib. 2020-ci ilin avqust-sentyabr aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə olub.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı olan Kamran Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənib, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Kazımov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. O, II Fəxri Xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Kamran Kazımov "Qarabağ" ordeni ilə, "Vətən uğrunda" medalı ilə və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Elvin Kazımov isə 1987-ci ilin dekabrın 3-də anadan olub. O, hələ yeniyetməlik dövründə hərbçi olmaq arzusu ilə yaşayıb, bu məqsədlə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildə Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra isə sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib. 2010-cu ildə tam Ali təhsil aldıqdan sonra bir il Təlim-Tədris Mərkəzində ixtisasartırma kursunda oxuyub. Kapitan Elvin Kazımov leytenant rütbəsi aldıqdan sonra müxtəlif hərbi hissələrdə Vətənə sədaqətlə xidmət edib.

Elvin Kazımov 2014-cu ildə, avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ağcabədi rayonunun Yusifcanlı kəndi istiqamətində kəşfiyyat döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin xain pusqusuna düşərək yaralanıb. 2016-ci ildə Aprel döyüşlərində iştirak edən kəşfiyyatçı 2018-ci ildə qüsursuz xidmətlərinə görə medal ilə təltif olunub.

Kapitan Elvin Kazımov Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

loading...
Aydinyol.az