Xəbər veriyimiz kimi, Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də kəşfiyyatçı Əkbər Yunis oğlu Məsimovdur.
Moderator.az-a şəhid oğlunun döyüş yolundan danışan Arifə xanım indi Əkbərdən sonra tək qaldığını bildirib:
“İki oğlum və bir qızım var, Əkbər isə evin sonbeşiyi idi. Əkbər əsgərliyini Naxçıvanda çəkdi. Bir il təsərrüfat işində işlədikdən sonra yenidən hərbiyə qayıtdı. 2016-cı ildən müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başladı. Həmçinin 2016-cı il Şanlı aprel döyüşlərində də iştirak etdi. Üç il xidmət edəndən sonra yenidən beş illik müqaviləyə imza atdı. Ancaq Kəlbəcər, Murovdağ istiqamətində xidmət edirdi.
“Evdə hər şey Əkbərin üstünə düşmüşdü...”
“Böyük oğlum Elnur və qızım ailəlidir, hər ikisinin övladları var. Amma Əkbər qonşu qızına nişanlı idi. Əkbər elə əsgərlikdən gələndən dedi ki, hərbiyə qayıtmaq istəyirəm. Həyat yoldaşım yeddi il əvvəl dünyasını dəyişib. Evdə hər şey Əkbərin üstünə düşmüşdü. Əkbər sentyabrın 20-də axşam saatlarında evə gəldi. Bizə heç nə bildirmədi. Ona nə lazımdırsa, evdən qoyduq və dedi ki, dağa təlimə qalxacağıq. Dedim ki, Əkbər, deyirlər müharibə olacaq. Amma o, boynuna almadı. Heç qardaşına da demədi ki, bizi evə buraxıblar ki, gedin evdə halallaşın. Biz bunu bilmədik. Gedib nişanlısıyla da görüşdü və səhər saat 4-də qızımın yoldaşı Əkbəri yola salmağa apardı”.
“Sən anamı nə vaxt lazım olsa, həkimə apar, xəstədir...”
“Əkbər maşından düşəndə kürəkənimə deyib ki, “səni and verirəm o bir Allaha, evdə heç nə demə. Müharibə başlayır və bizi ona görə evə göndəriblər ki, halallaşaq. Bilirəm, mən şəhid olacam. Hər şeyimiz olacaq, amma bir maşın sarıdan korluq çəkəcəyik. Sən anamı nə vaxt lazım olsa, həkimə apar, xəstədir”. Mən şəkər xəstəsi olduğum üçün Əkbər mənə görə çox narahat idi”.
“Özünə üçotaqlı ev tikdirdi, bəy otağı hazırladı...”
“Əkbər çox köhnə, qəzalı vəziyyətdə olan bir evdə böyüyüb. Amma işləyib həyətdə özünə çox gözəl ev tikdirdi. Təəssüf ki, o, bütün bunların heç birisini görmədi. Ən çox Əkbərin şəhid olmasına görə yox, çoxusu ona görə pis oluram ki, bunların heç birini o, görmədi. Özünə üçotaqlı ev tikdirdi, bəy otağı hazırladı. Amma çox heyf, toyu da olmadı. Tikdirdiyi evin içində bir gecə yatmadı.
“Biz sentyabrın 27-də müharibə başlayandan Əkbərlə əlaqə saxlaya bilmədik...”
“Sentyabrın 25-də Əkbər mənə mesaj yazdı və dedi ki, “mama necəsən? nə var, nə yox? Bizdə də salamatçılıqdır”. Sentyabrın 26-da isə səhər saat 05:30-da votçap qrupuna yazıb ki, “niyə yatmısınız? Durun, vətən dardadır. Mənə nəsə olsa, vətən sağ olsun”. Biz sentyabrın 27-də müharibə başlayandan Əkbərlə əlaqə saxlaya bilmədik. Dedilər Murovdadır deyə zəng çatmır. Elə umudlu olduq ki, Əkbər sağdır. Neçə yerə gedib Əkbəri axtardıq, amma xəbər ala bilmədik. Düz doqquz ay onun yolunu gözlədim”.
“Dedim ki, Allah, mənə səbr ver, ağlımı başımdan alma...”
“Yalvardım ki, heç olmasa balamın bircə tikəsi tapılsın. Dedilər ki, sentyabrın 27-də saat 12:30-da Əkbərin yanına minamyot düşüb və şəhid olub. Elə onu tabutda dəfn etdilər. Mən heç onu görmədim. Nəşi iyunun 7-də tapılıb. Doqquz ay ancaq gözüm qapıda oldu. Dedim ki, Allah, mənə səbr ver, ağlımı başımdan alma, balamın bircə tikəsi tapılsın. Cənazəsi gələndə iki qurban kəsdik, şirinlik payladıq. Tabutuna şokolad səpdik, bəzəkli evinə qoyduq.
İndi mən tək qalmışam. Nişanlısı də gəlib mənimlə qalır. Dünən Əkbərin doğum günü idi və həm də toyunu edəcəkdik. Amma çox təəssüf, hər şeyi yarımçıq qaldı. 26 yaşı tamam olmuşdu, dünən də 27 yaşını belə qeyd etdi.
Əkbər həm də Tovuz döyüşlərində iştirak edib. Bütün bu xidmətlərinə görə ona “Vətən uğrunda” medalı verilib, amma “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları da veriləcək”. Mənə Murovdan, Əkbərin şəhid olduğu yerdən daş göndəriblər”.
Qeyd edək ki, Əkbər Məsimov 1994-cü il oktyabrın 5-də Ağdaşın Qaradeyin kəndində anadan olub.