Mütəfəkkirlərdən biri müharibə haqqında belə deyib: - “Yadelli qəsbkarlara qarşı hər cür üsyan hər bir xalqın birinci borcudur və bu, qanunidir”. Elə Azərbaycan xalqı da 20 faiz torpaqlarımızı işğal edən erməni qəsbkarlarına qarşı haqq davasına qalxmışdı.
Müdafiə Nazirliyinin oktyabrın 5-nə, yəni müharibənin 10-cu gününə verdiyi məlumata əsasən, Ordumuzun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edildi. Gecə boyu Cəbrayıl-Füzuli istiqaməti də daxil olmaqla, cəbhə boyu bütün istiqamətlərdə tam üstünlük nümayiş etdirildi, düşmənə ağır zərbələr endirildi.
Bu sırada Ermənistan ordusunun mülki sakinləri, şəhər və kəndləri raket atəşinə məruz qoyması da adi hal almışdı. Saat 12-də düşmənin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törətdi, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəydi. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, xəsarət alaraq xəstəxanaya yerləşdirildi.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilən kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə etdiyini sübut edən radio danışıqları ələ keçirildi. Həmçinin aparılan əməliyyatlar nəticəsində daha iki əcnəbi muzdlu-terrorçu məhv edildi.
Saat 19-da Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutması barədə məlumat yaydı.
Saat 21-də Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində 1 nəfər həlak oldu, 2 nəfər yaralandı.
Həmçinin həmin saatlarda Ermənistan silahlı qüvvələri regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alındı.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılmış, 1 ədəd tank və 3 top məhv edilmişdi.
“Müharibəni hər kəslə etmək olar, sülh isə yalnız ləyaqətli insanlarla bağlanmalıdır”- deyiblər.
Müharibə qanunlarından xəbərsiz, ləyaqətdən kənar olan düşməni isə məcburi sülhə imza atana qədər daha 34 ağır gün gözləyirdi.