Döyüşlər tam aktiv fazaya keçib. Azərbaycan ordusu düşmənin hücumlarına qarşı əks hücum əməliyyatlarını intensivləşdirib. Azərbaycan əsgəri cəbhədə sözün həqiqi mənasında tarix yazır.
Nəzərə alsaq ki, ermənilər tərəfindən işğal edilən ərazilərimiz çətin relyefə malikdir, əsas yüksəkliklərdə məhz düşmən mövqeləri yerləşmişdi, ordumuzun hansı şərtlər altında hücum əməliyyatı apardığını təxmin edə bilərdik. Ancaq nə o çətin relyef, nə də digər məsələlər ordumuzun qarşısında əngəl ola bilməzdi. Yerdə Azərbaycan əsgəri müasir silah və hərbi texnikalarla, göydə isə Türkiyə və İsrailin istehsalı olan, ordumuza məxsus dronlar düşməni parçalayıb məhv edirdi.
Lakin təəssüflər olsun ki Ermənistan ordusu, dövlət rəhbərləri özlərinin çirkin əməllərindən əl çəkmir, müharibə gedən ərazilərdən kilometrlərlə məsafədə uzaq olan Gəncə və Mingəçəvir şəhərlərini , həmçinin cəbhəboyu Ağdam, Bərdə, Tərtər, Ağcəbədi, Goranboy rayonlarını raket hücumuna məruz qoyurdular.
Saat 09:00-da Ermənistan ordusu Tərtər şəhərini və Horadiz yaşayış məntəqəsinə raket zərbələri endirdi. Bunun ardınca isə saat 10:50-də Azərbaycan Ermənistan silahlı qüvvələri Gəncə şəhərini atəşə tutdu. Saat 11:40-a şəhərə daha dörd yeni raket atıldı.
Müdafiə naziri Zakir Həsənov düşmənin Gəncə şəhərini atəşə tutmasına reaksiya verərək bildirib ki, "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir. Ermənistan ərazisindən Gəncənin atəşə tutulması nəticəsində 1 mülki şəxsin həlak oldu, 32 nəfər isə yaralandı. Yaralanan mülki şəxslərdən biri 1943-cü il təvəllüdlü erməni əsilli Karina Qriqoryan idi.
Bundan əlavə Ermənistan ordusu Ağcabədi rayonunun Sarıcalı, Taynaq, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəlilər yaşayış məntəqələri, intensiv artilleriya atəşinə tutdu. 1 nəfər mülki şəxs həlak oldu, mülki infrastruktura ciddi ziyan dəydi.
Saat 15:00-da Azərbaycan Müdafiə Nazirliyi düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələrinin məhv edildiyini özündə nümayiş etdirən videogörüntü yayımladı.
Və Azərbaycan xalqının intizarla gözlədiyi möhtəşəm xəbərlərdən daha biri gəldi. Ali Baş Komandan İlham Əliyev özünün "Twitter" səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl şəhərini işğaldan tam azad etdiyini açıqladı. Bu xəbər nəyin ki, Cəbrayıl rayonunun əhalisini, eləcədə bütün xalqımızı sevinc göz yaşlarına qərq etdi. 28 ildən sonra Aşıq pərinin, minlərlə müqəddəs övliyaların məskəni olan doğma Cəbrayıl şəhəri işğaldan azad edilmişdi. Həmçinin Cəbrayılın Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Dəjəl, Mahmudlu, Cəfərabad və Horovlu kəndləri də işğaldan tam azad edildi.
Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürüldü.
Saat 18:00-da isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan bayrağı sancıldığı xəbəri verildi .
Saat 22:00-də Ermənistan silahlı qüvvələri Mingəçevir şəhərinə raket hücumu etdi. Mingəçevir şəhərinə Ermənistan tərəfindən dörd ədəd "Toçka-U" ortamənzilli ballistik raket buraxıldı. Bir neçə dəqiqə sonra Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələrinin endirilməsi və yaralalıların olduğu barədə məlumat yaydı. Mingəçevir şəhərinə atılmış 3 raketdən 2-si partlamadı. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi, eyni zamanda evə külli miqdarda ziyan dəydi.
Saat 23:00-da isə Xızı və Abşeron bölgəsinə daha iki 300 km məsafəli orta mənzilli raket atıldığını bildirildi. Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtər atəşə tutmağa davam etməsi nəticəsində 2 mülki şəxs yaralandı.
Düşmən öz ölüm maşınını dinc sakinlərin həyatına son qoymağa işlətsə də, cəbhədə səngərdə duruş gətirə bilmirdi. Böyük qismi məhv edilir, qalanları isə döyüş meydanını tərk edirdi.
Elə müharibənin 8-ci günü də ordumuzun tarixi qələbələr əldə etməsi, düşməni ildırım sürəti ilə torpaqlarımızdan qovması ilə yadda qaldı.
Düşməni isə qarşıda lərzəyə salacaq daha 36 gün gözləyirdi. (apa)