Biləsuvarda Vətən müharibəsi şəhidlərinin anım günü qeyd olunub - FOTO

Biləsuvarda Vətən müharibəsi şəhidlərinin anım günü qeyd olunub -  FOTO backend

Biləsuvar rayonunun Xırmandalı kəndində Vətən müharibəsi şəhidləri Elvin Məmmədovun, Nəsimi kəndində isə Sehran Vəliyevin şəhid olmalarının ildönümü qeyd edilib.

“Report” xəbər verir ki, mərasimlərdə şəhidlərin yaxınları, rayon rəsmiləri və yerli sakinlər iştirak edib.

Qeyd edək ki, Elvin Məmmədov 1992-ci il dekabrın 12-də Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Ailəli idi, bir övladı yadigar qalıb.

Elvin Məmmədov 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

E. Məmmədov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 3-də Cəbrayıl uğrunda döyüşlər zamanı şəhid olub. Şəhidimiz Biləsuvar rayonunda dəfn edilib.

Elvin Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif olunub.

Sehran Vəliyev Vətən müharibəsi zamanı Füzuli istiqamətində düşmən cəbhəsinin yarılmasında qəhrəmanlıq nümayiş etdirib. Azərbaycan Ordusunun kəşfiyyatçısı oktyabrın 2-də torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhid olub.

Onun nəşi doğulduğu Biləsuvar rayonunun Nəsimi kəndində torpağa tapşırılıb.

S.Vəliyev ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Diaspora