“Yaşar haqqında danışmaq mənə çox çətindir, heç vaxt ağlıma gəlməzdi ki, onun haqqında keçmişdə danışa bilərəm. O, Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Ömər aşırımında şəhadətə qovuşub. 4 ay 23 gün itkin düşdü. İtkinlik vaxtında da dedilər ki, şəhid olub, neytralda qalıb. Oktyabr ayının 23-də ermənilər Yaşar və digər şəhidlərimiz haqda reportaj hazırlayıb, paylaşdılar. Görüntülərdə təkcə Yaşarın özü yox, isimliyi düşmüşdü. Daha çox ümidləndik ki, bəlkə əsir götürüblər. Günlər keçdikcə ümidimi itirdim, fikirləşdim ki, polkovnik-leytenant adamdır, onu heç vaxt sağ buraxmazlar. Şükür ki, onların əlinə düşməyib, həmin vaxt şəhid olub”.
Bunu Moderator.az-a oktyabrın 2-də şəhidliyə ucalan polkovnik-leytenant Yaşar Sadıqovun həyat yoldaşı Nişanə Sadıqova deyib. O daha sonra əlavə edib.
“Biz Yaşarla qohumuq, o anamın dayısı oğludur. Bakıda oxuduğu müddətdə gəlib bizdə qalırdı. Mən nişanlanandan sonra bilmişəm ki, onun mənə qarşı sevgisi olub. 1999-cu ilin dekabr ayında ailə həyatı qurub Naxçıvana getmişik, 17 il il orada işləyib. Çox tək qalmışıq, elə vaxt olurdu ki, 6-7 ay dağdan düşə bilmirdi. Hərbçinin həyat yoldaşı olmaq çox çətindir, demək olar ki, kirayələrdə yaşayırdıq. Amma heç vaxt bunu dərd, problem etməmişəm ki, mən niyə onunla ailə həyatı qurdum? Kaş ki, sağ olardı, o həyatımız yenə də olardı. Ən böyük təsəllim bu gün övladlarımdır. İtkin vaxtı onu yuxularımda yaralı vəziyyətdə görürdüm, çox narahat idi. Amma dəfn edəndən sonra onu yalnız hərbi geyimdə görürəm. Şəkər xəstəsi idi, sentyabrın 30-da şəkərdən komaya düşüb. Komandiri deyib ki, get həkimə səni göndərək hospitala, getməyib. Onun komandiri danışır ki, iki dəfə döyüşdən geri göndərmişik, amma 3-cü dəfə sözümüzə baxmadı getdi. Qərargah rəisi idi, səhər durub zabitlərini yığıb, deyib ki, kimin körpə uşağı var, kim nişanlıdır, kim evdən narahatdırsa, getməsin, qayıtsın, mənim uşaqlarım böyükdürlər, öz başlarını saxlayacaqlar. O bilirdi ki, hara gedir, bilirdi ki, sağ gəlməyə bilər, bunu hiss edirdi. Hər dəfə telefonla danışanda uşaqlarımı mənə tapşırırdı”, - deyə şəhidimizin həyat yoldaşı Nişanə Sadıqova bildirib.
Şəhidimizin oğlu Xanış Sadıqov isə atası kimi hərbçi olmaq istədiyini bildirib.
“Atam çox mülayim insan idi, evdə bizimlə zarafat da edirdi. Daha çox bizə təhsillə bağlı məsləhətlər verirdi. Həmişə bizi vətənpərvər ruhda böyüdüb, mən də atamın yolunu davam etdirməyə hazıram ki, atam kimi vətənpərvər olum, dövlətə xidmət edim. Atamın botinkalarını geyinib hərbi xidmətə yollanacağam, onun bütün hərbi geyimləri, paradda geyindiyi forması hamısı evdədir. Sonuncu dəfə evə 26 sentyabrda gəldi, tələm-tələsik gəldi görüşməyə, gözləri doldu, kövrəldi, görüşə bilməyib evdən çıxdı. Telefonla isə biz 29 sentyabrda danışmışıq, amma anam tez-tez danışırdı, şəhid olana qədər”, - deyə şəhidimizin oğlu bildirib.
Şəhidimizin qızı Əsli Sadıqova isə hələ də atasını doyunca qucaqlayıb, bağrına basmadığına görə peşmanlıq çəkdiyini bildirib.
“Atamla axırıncı dəfə bir toydaydıq, məni qucaqladı, dedi ki, sən ağıllı ol, yaxşı oxu, hər şeyi mən özüm sənin üçün edəcəyəm. Onu yenidən görsəydim, doyunca qucaqlayıb öpərdim. Ürəyimdən keçən qədər onu istədiyimi, sevdiyimi ona deməmişəm, onları deyərdim. Qızlar həmişə atasına bağlı olur, həmişə fikirləşirdim ki, atamı itirsəm... Bu hiss belə mənim üçün çətin idi. Nəinki onu yaşamaq. Qismət oldu, yaşadıq. Allah həmişə insanları sevdikləri ilə sınayır. Biz 4 ay 23 gündən sonra atamı tapdıq, dəfn etdik”, - deyə şəhidimizin qızı deyib.
Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə Yaşar Sadıqov “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə də təltif olunub.