Ötən il sentyabrın 27-dən etibarən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda Vətən müharibəsi başlayıb. Tarixi Zəfəri, Qələbəni bizə yaşadan qəhrəman şəhidlərimiz heç zaman unudulmayacaq.
Bu gün Vətən müharibəsinin qəhrəman şəhidlərindən 15 nəfərin doğum günüdür.
Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin ehtiram və hörmətlə yad edir:
Gizir Abdurahmanov Elvin Əbülfəz oğlu 1996-cı il oktyabrın 1-də Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. 2003-2014-cü illərdə Əmirvan kənd tam orta məktəbində təhsil alıb. Elvin Abdurahmanov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun giziri Elvin Abdurahmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Abdurahmanov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elvin Abdurahmanov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edildi.
Əsgər Dəmirçiyev Tural Rəfail oğlu 1992-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2010-cu ildə məktəbi əla qiymətlərlə bitirib. 2017-ci ildə SOCAR-ın Təhlükəsizlik idarəsində mühafizəçi vəzifəsində çalışmağa başlayan T.Dəmirçiyev Vətən müharibəsi zamanı könüllü şəkildə hərbi səfərbərliyə yazılır. Vətənin dar günündə könüllü olaraq Füzuli istiqamətində, ön cəbhədə gedən döyüşlərdə iştirak edən qəhrəmanımız oktyabr ayının 7-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, Tural Dəmirçiyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif edilib.
MAHHXHQ əsgər Əhmədzadə Elməddin Uğur oğlu 1994-ci il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Əslən Füzuli rayonunun Qacar kəndindən olan şəhidimiz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elməddin Əhmədzadə sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elməddin Əhmədzadə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Əliyev Həmzə Tərlan oğlu 1998-ci ildə Quba rayonunun Aşağı Atuc kəndində dünyaya göz açıb. Əslən rayonun Qalayxudat kəndindən olan H.Əliyev 9 yaşında atasını itirib. 2005-2015-ci illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbində təhsil alıb. Bir müddət imkansız ailəsini dolandırmaq üçün qardaşı ilə birgə fəhlə, ofisiant, maşın təmirçisi kimi gündəlik işlərdə çalışıb. 6 oktyabr 2016-cı ildə hərbi xidmətə yollanıb. Goranboy rayonunun Goran qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə artilleriya bölməsində sürücü kimi xidmət edib. 12 aprel 2018-ci ildə hərbi xidmət müddəti bitib. Bundan sonra Həmzə əvvəlki işi olan maşın təmirçisi olaraq çalışıb, ailəsini dolandırıb.
Həmzə Əliyev 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılıb. Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 21 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 22 oktyabr 2020-ci ildə Quba Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Həmzə Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Eyvazov Əbülhəsən Balaş oğlu 1996-cı ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. Ailənin kiçik övladı olan Ə.Eyvazov Xətai rayonu, NZS qəsəbəsində yaşayıb. 2003-cü ildə o, NZS qəsəbəsində yerləşən 165 saylı orta məktəbi bitirib. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra, həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə keçib. 2016-cı ilin aprel ayında tərxis qərarının çıxmağına baxmayaraq, Aprel döyüşlərində iştirak edib və fəxri fərmanla təltif olunub evinə qayıdıb.
2020-ci il sentyabr ayının 21-i, səfərbərlik elan olunması ilə əlaqədar Əbülhəsən hərbi təlimlərə çağırılıb. Vətən müharibəsi başlayanda o, Füzuli rayonunda yerləşən hərbi bölmələrin tərkibində döyüşlərə qatılıb. 30 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Eyvazov Əbülhəsən Balaş oğlu ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
MAHHXHQ kiçik çavuş Hüseynov Mustafa Ələddin oğlu 1996-cı il oktyabrın 1-də Tovuz rayonunun Qonaqlı kəndində anadan olub. 2003-2014-cü illərdə Qonaqlı kənd tam orta məktəbində təhsil alıb. Mustafa Hüseynov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.
Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mustafa Hüseynov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Qonaqlı kəndində dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Mustafa Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
MAHHXHQ çavuş Həsənov Həsən Rəhim oğlu 1990-cı ildə Şirvan şəhərində anadan olub. 1997-2008-ci illərdə 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Həsən Həsənov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Həsənov oktyabrın 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Şirvan şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Ailəli olan hərbçimizin Vətənə əmanət Ömər və Camal adında 2 oğlu qalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Həsən Həsənov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Mayor Hüseynov Nazim Yaqub oğlu 1977-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Nazim Hüseynov 2016-cı ildə baş verən Aprel döyüşlərində iştirak edib. Azərbaycan Ordusunun mayoru olan Nazim Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nazim Hüseynov oktyabrın 8-də Hadrut döyüşləri zamanı şəhid olub. İmişli rayonunda dəfn olunub. Onun Vətənə əmanət bir oğul övladı qalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nazim Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Leytenant Məmmədov Elvin Etibar oğlu 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nəzərabad kəndində anadan olub. Elvin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elvin Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
MAHHXHQ əsgər Məmmədov Qəhraman Qürbət oğlu 1996-cı ildə Goranboy rayonu Yolqullar kəndində anadan olub. Q.Məmmədov Aprel döyüşlərində iştirak edib. Daha sonra isə könüllü olaraq hərbi təlimlərə qoşulmağa qərar verib. Vətən müharibəsində ilk olaraq Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən Q.Məmmədov Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. Barmaqlarını qəlpələr aparsa da, döyüş meydanından çıxmayıb.
Oktyabrın 16-da Suqovuşan istiqamətində düşmən üzərinə hücum zamanı belindən yaralanıb, lakin döyüş mövqeyindən çıxmayıb, düşməni geri çəkilməyə məcbur edib. 12 nəfərlik qrupu düşmən mühasirəsindən çıxaran qəhrəmanımız başından aldığı güllə yarasından şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Qəhrəman Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.
Əsgər Məmmədzadə Toğrul Pərviz oğlu 2001-ci il oktyabrın 1-də Sabirabad rayonunun Qaratəpə kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Toğrul Məmmədzadə oktyabrın 18-da Ağdərə istiqamətində şəhid olub. Sabirabad rayonunda torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Toğrul Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Əsgər Musayev Murad Polad oğlu 2001-ci ildə Mingəçevir şəhərində dünyaya gəlib. Azərbaycan Ordusunun əsgəri olan Murad Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, sentyabrın 28-də Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Murad Musayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Mustafayev Ömər Əbdül oğlu 1998-ci il oktyabrın 1-də Quba rayonunun Zeyid kəndində anadan olub. Ömər Mustafayev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ömər Mustafayev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. Quba rayonunun Şəhidlər xiyabanında dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Ömər Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Miçman Nəcəfov Fuad Taleh oğlu 1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Fuad Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Nəcəfov oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Fuad Nəcəfov ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medal medalları ilə təltif edilib.
Əsgər Şahbazlı Əlikram Novruz oğlu 2001-ci ildə Şabran rayonunun Borbor kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Naxçıvan Dövlət Universitetinə qəbul olsa da, təhsilini yarımçıq saxlayaraq, 7 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Əlikram Şahbazlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın və Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. 7 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Əlikram Şahbazlı ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.