44 günlük Vətən müharibəsində minlərlə qəhrəman oğullarımız gözünü belə qırpmadan cəbhəyə yollandı. Bütün dünya Azərbaycan oğullarının qəhrəmanlıq salnaməsindən danışdı.
Bu ədalət savaşında 2 907 nəfər hərbi qulluqçumuz şəhid oldu. Onların hər biri son mənzilə xalqın çiyinləri üstündə yola salındı.
Canını torpağa qurban verən şəhidlərimizdən biri də Feyziyev Sadiq Tahir oğludur. O, 1 sentyabr 1993-cü ildə Yardımlı rayonu Zevin kəndində doğulub. 2013-cü ildə hərbi xidmətə gizir kimi başlayıb. Xidmətdə olduğu müddətdə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalı ilə təltif olunub. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatında iştirak edib. 29 sentyabrda şəhadətə yüksəlib. Doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Zevin kəndinin ikinci şəhidi Eyniyev Tərlan Gölişad oğludur. O, 1993-cü il yanvarın 22-də doğulub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Tərlan 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İgidimiz oktyabrın 5-də şəhid olub. Xəzər rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Daha bir igidimiz Mirzəyev Sarvan Əli oğlu 1 yanvar 1995-ci ildə Zevin kəndində dünyaya gəlib.
Sarvan Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edib və Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sarvan Mirzəyev 11 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn olunub. Sarvan Mirzəyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Zevinin daha bir şəhidi Şirbəyli Sirus Hamil oğludur. O, 20 fevral 1996-cı ildə doğulub. 2002-2013-cü illərdə Zevin kənd orta məktəbində təhsil alıb. Sirus 2013-2014-cü illər ərzində hərbi xidmətdə olub. Xidmətini Sərhəd Qoşunlarında keçib. 2018-ci ildən müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətini davam etdirib. Naxçıvan Muxtar Respublikasında kəşfiyyatçı xüsusi təyinatlı kimi xidmət edib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Sirus Şirbəyli Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 7 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 11 noyabr 2020-ci ildə doğulduğu kənddə torpağa tapşırılıb. O, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Rufullayev Rasim Yadigar 31 avqust 1997-ci ildə bu kənddə doğulub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Rasim Rufullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
İgidimiz noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.