- Bütün valideyinlərə, şəhid xanımlarına və onların övladlarına çətindir. Mənim uşaqlarımın yaşları azdır, hələ ki ataları ilə bağlı suallar vermirlər. Onların böyüyüb, sual verəcəkləri günləri gözləyirəm. Bütün gücümü o zaman üçün saxlamışam. Övladlarım Kamilin şəklinə baxıb, "ata" deyəndə ürəyim sızıldayır,- Zəhra xanım ürəyini bizə açıb danışır.
O, Kamilin əvvəlki tək axşam işdən evə gəlməsini və uşaqlarını qucaqlamasını arzulayır. Onların balaca oğlu Tunar atası şəhid olanda 8 aylıq idi. Oğlu Türkayın dil açıb, atasının adını deməsini qəhrəman döyüşçümüz həsrətlə gözləyirdi. Amma təəssüf ki, onun nə ilk addımlarını görə, nə də ilk sözlərini eşidə bildi. İndi Türkay dil açıb, qırıq-qırıq sözlər deyəndə Zəhra xanımın gözünün qarşısına Kamil gəlir.
- Çalışıram ki, uşaqlarımı Kamil kimi sevim, onun kimi oynadım,- deyir həmsöhbətimiz,- Gücüm çatmayan şeyləri belə, “o bunu edərdi”,- deyib, etməyə çalışıram. Doğrudur, çox çətin oldu. Amma zaman elə tez keçdi ki... Hərdən fikirləşirəm, bu bir ili necə keçirdiyimi təsəvvürümə gətirə bilmirəm. Hələ də onun yoxluğuna inana bilmirəm. Özlüyümdə elə hesab edirəm ki, Kamil nə zamansa qayıdacaq.
Yoldaşım şəhid olandan bir neçə gün sonra yuxuma gəlib, dedi ki, “Zəhra, mən ölməmişəm, qayıdacağam, gizli tapşırığa getmişəm. Bir neçə vaxtdan sonra evimizə geri dönəcəyəm”. Mən 8-9 ay bu yuxu ilə yaşadım və xəyal qurdum ki, o həqiqətən qayıdacaq. Doğrudur, bu özünü aldatma idi. Amma bəzən insanın yaşaması üçün belə aldatma da güc verir.
Kamil sonuncu dəfə evində müharibəyə getməmişdən bir gün öncə olub. Uşaqlarını qoxlayıb, ətirlərini sinəsinə çəkməyə çox az zamanı var imiş.
- Tələsik yemək yedi və dedi, ay Zəhra, nə dadlı bişirmisən. Sonra uşaqlarını yorulana kimi öpdü...
İndi çox şey üçün darıxıram. Məsələn, Kamilin uşaqlarımızı necə oynatması, birlikdə getdiyimiz yerlər üçün qəribsəyirəm. Ailəvi dostlarımızla birlikdə görüşürdük, indi də görüşürük. Amma Kamilin orada olmaması məni çox incidir. Bizi həmişə rayona aparıb-gətirirdi, indi onsuz çox çətindir.
Sentyabrın 27-si Anım Günündə Prezident və Birinci Xanımın iştirak etdiyi yürüşü izlədim, Kamilin də şəklinin olduğu plakatı gördüm. Qəlbim qürurlandı. Şəhidliyinin ilk günündən o mənə baş ucalığı gətirib. Ömrümün axırına kimi də belə olacaq. Bizim ürəyimizin bir tərəfi sızıldayanda, bir tərəfi fəxr edir. Yoldaşım Qarabağı qaytaranlardan olub. Bu işdə onun da payının olmasından gözəl nə ola bilər?! İnsana ən şirin şey onun canıdır. Canından keçib, torpağı azad edibsə, bu sadəcə qürur, başucalığı verər. Fəxr hissinin yaşatdığı duyğu məni həmişə ayaqda saxlayacaq. Uşaqlarım bir az böyüyəndən sonra onun döyüş yoldaşları ilə birgə gedib şəhid olduğu yerdə qayınanamla namaz qılacağıq.
Yoldaşım baş gizir Camal İsmayılovun qucağında can verib. Həmin an Camal Kamilə bildirib ki, “sənin balaların mənə əmanətdir”. Bunu ölümündən qabaq həyat yoldaşı Fatimə xanıma danışıb. Fatimə xanım da yoldaşının sözünü tutaraq, mənə dedi ki, “sənin uşaqların, mənim uşaqlarımdır”. Biz xanımlar ömrümüzün axırına kimi bir-birimizə dəstək olacağımıza söz verdik.
Kapitan futbolu çox sevirmiş. Özünün futbol komandası var imiş. Həmişə hərbçi yoldaşlarını yığıb, oyunlar təşkil edirmiş.
- Böyük oğlumuzun futbolçu olmağını arzulayırdı. Türkiyənin “Qalatasaray” klubuna azarkeşlik edirdi. Qardaş ölkədə olanda klubun şərfini də almışdı. İndi ondan oğlumuz istifadə edir.
Qeyd edək ki, Kamil Şirinovun Füzuli istiqamətində düşmən səddinin yarılmasında böyük rolu olub. O, Qaraxanbəyli kəndində döyüşlərin qızğın çağında boynundan snayper gülləsilə vurulub.