Azərbaycan Ordusu düşmənlə apardığı 44 günlük haqq savaşından qalib ayrılıb. Bu tarixi qələbə Azərbaycanın igid, vətənpərvər, torpağımızın hər qarışı üçün canını qurban verməyə hazır olan oğullarımızın sayəsində əldə edilib.
Nə qədər ağır olsa da, bu müharibədən geridə qalan acı həqiqətidir ki, haqq savaşımızda 2 914 nəfər hərbi qulluqçumuz həlak olub. O igidlərin öz dilindən eşidə bilməyəcəyimiz ən azı minlərlə qəhrəmanlıq dastanı onlarla birlikdə torpağa tapşırılıb.
Şəhidlik sözlərlə ifadə edilməyən uca bir zirvədir. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək bu zirvəyə ucalan igidlərimiz isə adlarını Azərbaycanın tarixinə silinməz hərflərlə yazdılar.
Bu gün ömrünü torpağa bağışlayan qəhrəmanlarımızdan biri, baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun doğum günüdür. Ağaqardaşın doğum günü tarixi isə həm də onun şəhadət günüdür.
Doğum gününə şəhadətini hədiyyə etmək isə hər igidə nəsib olmur.
Ağaqardaş Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. Orta təhsilini Zərdab rayon Hüseynxanlı kənd orta məktəbində alıb. Orta təhsilini başa vurduqdan sonra ADPU-nun Ağcabədi filialında Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə ali təhsil alıb.
Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə ali təhsil alan igidimizin hərbiyə olan marağı onun hərbçi olmasına səbəb olmuşdu.
Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı ayağından qəlpə yarası alan baş leytenant döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri döyüş meydanından çıxarmaq üçün çalışıb. O, 28 sentyabr tarixində snayper gülləsinə tuş gələrək, şəhid olub.
Qeyd edək ki, 5 il övlad həsrəti çəkən şəhidimiz ölümündən bir neçə ay sonra ata olub. Özünün istəyi ilə qızına İlknur adı verilib.
Ağaqardaş Abbasov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhidimiz Hüseynxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Allah şəhidlərimizə rəhmət eləsin.