“Azerbaijani Ladies Club” (ALC) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzinin 24/7 kitabxanasının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım gününə həsr edilən “Vətən” videoçarxı hazırlanıb.
Qaziler.az bildirir ki, “Vətən” videoçarxı UNEC KİM 24/7 kitabxanasının müdiri Arzu Məmmədovanın ideyası və rəhbərliyi, ALC prezidenti Kəmalə Cəlilovanın təşkilatı dəstəyi, Qurban Qurbanzadənin montaj rejissorluğu ilə ərsəyə gəlib. Layihədə Qahirə, Niderland, Danimarka, Kanada, Fransa, Oman Sultanlığı, Norveç və Birləşmiş Ərəb Əmirliyində yaşayan və fəaliyyət göstərən, ürəyi Azərbaycanla döyünən ziyalı xanımlar iştirak ediblər.
Qeyd edək ki, “Azerbaijani Ladies Club” dünyanın 63 ölkəsində fəaliyyət göstərir və ölkəmizi yüksək səviyyəli beynəlxalq tədbirlərdə təmsil edir. Bu təşkilat müxtəlif layihələr, seminar və vebinarlar vasitəsilə məlumatlandırma və maarifləndirmə işlərini həyata keçirir, dövlətimizin uğurlu siyasətini təbliğ edir, şəhid və qazi ailələrinə maddi-mənəvi dəstək göstərir. Dövlətimiz “ALC”nin fəaliyyətini dəfələrlə yüksək qiymətləndirib.