Bu gün Vətən Müharibəsinin başlamasından 1 il keçir. Müharibənin başladığı ilk anlardan döyüşə girən və şəhidlik zirvəsinə ilk ucalan qəhrəmanlarımızdan biri leytenant Zaur Hüseynovdur.
O, 1995-ci il iyunun 24-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. Ailənin iki oğlan övladından biri olan Zaur 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub. 2014-cü ildə liseyi bitirib və həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul edilib.
Burada hərb sənətinin sirlərinə yiyələnən Z.Hüseynov 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Ağcabədi rayonundakı N saylı hərbi hissədə xidmət edib.
Vətən müharibəsi zamanı Füzuli rayonunun Alxanlı kəndi istiqamətində düşmənin yeddi postunun alınmasında fəal şəkildə iştirak edən leytenant iyul ayında Tovuz döyüşlərinin də iştirakçısı olub.
Ailə üzvlərinin sözlərinə görə, o, heç vaxt döyüşdə olduğunu evdəkilərə bildirməyib ki, narahat olmasınlar.
Şəhidin anası oğlu Zaurla qürur duyduğunu, onun əsgərləri üçün komandir yox, böyük qardaş olduğunu, ailəsi üçün də mərd, cəsur oğul olduğunu fərəhlə dilə gətirir.
Şəhid zabitin yadigar qalan bir yaşlı qızı Zeynəb ailənin təsəlli yeridir.
Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. (oxu.az)