Xəbər verdiyimiz kimi 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlar göstərən Baş-leytenant Ağayev Qəzənfər Mahmud oğlu bir müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir.
Moderator.az-a açıqlamasında qazimizin atası Mahmud Ağayev indiyə kimi Qəzənfərin müalicəsiylə bağlı onlara heç bir köməklik edilmədiyini bildirib:
“Qəzənfər haqda mətbuat kifayər qədər süjetlər çəkdi. Köməklik edən oğullarımızın Allah dayağında dursun. Amma hələ ki, irəli çıxıb köməklik edən yoxdur. Qəzənfər rayondadır, gündə bir dəfə mən məcbur edirəm ki, çölə çıxıb hava alsın. Allahdan başqa heç kimə ümidim yoxdur. Bir çox yerlərə müraciətlər etdik, amma heç bir dövlət qurumundan kömək olmadı. 15 min manat kredit götürdüm ki, Qəzənfəri müalicə edim, Səhiyyə Nazirliyi bizi aldatdı, pulu da yedilər. Biz ən kasıb təbəqənin adamlarıyıq, kömək lazımdır. Sosial şəbəkələrdə nə qədər yazılır, amma nə fayda. İki gün öncə Bakıdan xəstəxanadan qayıtmışıq. Bütün xərcləri öz cibimizdən edirik. İndi bir ümidim evimə qalıb, onu da satdığa qoymuşam.
Ötən il sentyabrın 23-də Qəzənfərin qızı dünyaya gələndə o, müharibədə idi, heç üzünü görməmişdi. Dünən də qızının bir yaşı tamam oldu. Hələ ki, ordudan tərxis də olunmayıb. Allah yaxşı adamların köməyi olsun. Milyon dəfə zəng vururlar, amma nə fayda. Razıydım ki, oğlumun qolu, qıçı olmasın, amma belə gözümün qabağında əriməsin”-deyə qazinin atası deyib.
Qeyd edək ki, Qəzənfər Ağayev 1996-cı il martın 19-da Cəlilabadın Təklə kəndində anadan olub. Vətən müharibəsi zamanı isə Murovdan yüksəkliyi, Suqovuşan və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib. Bu qəhrəmanlıqlarına görə Baş-leytenant Qəzənfər Ağayev “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Xatırladaq ki, qazimizlə bağlı İctimai Televiziya və Real TV-də süjet çəkib. Bununla yanaşı, Cəlilabadın yeni təyin olunan icra başçısı Rafiq Cəlilov da qazinin evinə gedərək, onunla şəkil çəkdirib. Şəkil çəkdirməyə nə var ki, bu gün biz qazimizə yardım etməyə hazır olan oğulların sorağındayıq.