"Haçansa sülhməramlıların özlərinə də atəş açıla bilər" - Trofimçuk Qarabağdakı rusiyalı hərbçilər haqqında

"Haçansa sülhməramlıların özlərinə də atəş açıla bilər" -  Trofimçuk Qarabağdakı rusiyalı hərbçilər haqqında backend

Rusiya sülhməramlılarının vəzifəsi atəşkəsin qorunmasını təmin etməkdir. Onlar Qarabağa məhz bundan ötrü gəliblər, çünki əks təqdirdə fərqli məqsədlə gəlmək və burada uzun müddət qalmaq niyyətində suçlanacaqlar.  

Qaziler.az bildirir ki, bu sözləri azvision.az-a rusiyalı politoloq Qriqori Trofimçuk deyib. Onun sözlərinə görə, Ermənistan ordusunun və ya qeyri-rəsmi erməni silahlı birləşmələrinin Azərbaycan tərəfini atəşə tutması ilə bağlı bütün məlumatlar diqqətlə yoxlanılmalı və araşdırılmalıdır. Eyni şey ermənilərin bu barədə yaydığı məlumatlarla bağlı da edilməlidir.

- Atəş dayanmasa və nəticədə qurbanlar olsa, deməli, kimlərsə sülhməramlıları yox, ilk növbədə Rusiya Federasiyasının özünü “dişlərinə vurur”, uğurlu orbitr kimi beynəlxalq imicini korlamağa çalışırlar. İkincisi, sülhməramlıları tədricən təcavüzkarın adını açıq və rəsmi olaraq çəkə bilməyən ATƏT-in Minsk Qrupu ilə eyni dalana dirəyirlər. Üçüncüsü, haçansa sülhməramlıların özlərinə də atəş açıla bilər. Burada hamının xoşuna gəlmək alınmayacaq. Zaman keçdikcə vəziyyət daha da pisləşəcək və ABŞ Rusiya hərbi kontingentinin atəşkəsə nail ola bilmədiyi barədə məsələ qaldıracaq. Nəticədə beynəlxalq sülhməramlı missiya haqqında təklif səslənə bilər. Moskva Ağ Evə belə bir "kozır" verməməlidir,- Trofimçuk deyib.

Ermənilərin sülhməramlıların gözləri qarşısında Azərbaycanın mövqelərini atəşə tutduğuna işarə edən rusiyalı politoloq rus sülhməramlılarının buna qəsdən şərait yaratdığını təsəvvür etməyin çətin olduğunu söyləyib: "Bu, Rusiya üçün intihara bərabər olardı, çünki belə vəziyyət birbaşa Qarabağ müharibəsinin uzanmasına gətirib çıxarar. Rusiyaya yaxın ərazidə müharibə onun üçün qorxulu yuxudur. Eyni zamanda, azərbaycanlıların ermənilərdən geri aldıqları ərazilərdə təxribatçıların meydana çıxmasını da istisna etmək olmaz. Mən bu barədə noyabrın 10-dakı üçtərəfli bəyanatdan dərhal sonra danışmışam. Dünya nizamı getdikcə zəifləyir, buna görə də Qarabağ bölgəsinə kimi gəldi, atmaq olar".

Onun sözlərinə görə, Bakının sülhməramlılara qarşı artan təzyiqini Rusiya bütün parametrləri ilə çox aydın görür. Azərbaycandan səslənən ittihamlara görə, ruslar nəzarət etdikləri ərazidə silahlı ermənilərin qalmasına icazə verirlər. "Amma bu hələ ən ağırı deyil. Rusiya seçim etməli olacaq: ya hər iki tərəfdən açılan atəşlərin qarşısını qətiyyətlə almalı, ya da yaxın gələcəkdə özü Qarabağda döyüşə girməlidir”,- Trofimçuk qeyd edib.

Diaspora