Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi davam edir

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi davam edir backend

Aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirlilir.

Məlumatda həmçinin deyilir ki, avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan MR ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Uzunluğu 123,8 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Dövlətimizin başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 43.8 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri davam edir. İş həcmi və layihənin qısa müddətdə yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Agentliyin “16 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı olaraq yol Türkiyənin tikintisi sahəsində ixtisaslaşmış şirkəti olan “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin ölkəmizdəki filialı, həmçinin yerli şirkət “Azvirt” MMC birgə icra edir.

Avtomobil yolunun ilk 81 kilometrlik hissəsində torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metr təşkil edəcək.

Torpaq işlərinə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədi ilə layihə üzrə nəzərdə tutulan boruların quraşdırılması işləri, eyni zamanda topoqrafiya-geodeziya işləri və layihəyə uyğun olaraq ərazinin təmizlənməsi icra olunur.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq zəruri yerlərdə ümumi uzunluğu 6 015 metr təşkil edən 3 avtomobil tuneli, 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunur. Belə ki, hazırda 8 körpünün təməl və svay işləri görülür.

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgənin inşası artıq yekunlaşıb. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Diaspora