Cəbrayillı deputat: “İnsanlarımız öz doğma yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər”
Son 10 ayda Azərbaycan ictimaiyyəti arasında gedən əsas müzakirə mövzularından biri də Qarabağa qayıdış planının necə olacağı yönündədir. Bu istiqamətdə ən müxtəlif fikirlər səslənməkdədir.
Gedən müzakirələrdə məcburi köçkünlərimizin tam əksəriyyətinin öz doğma torpaqlarına qayıtmaq istəyində olduğunu görürük. Amma bunun necə olacağı, necə həyata keçiriləcəyi tam məlum deyil. Hələ 44 günlük Vətən müharibəmiz bitəndən günlər sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədr müavini Fuad Hüseynovun məcburi köçkünlərin öz torpaqlarına könüllülük əsasında qaytarılacağı barədə açıqlaması cəmiyyətdə birmənalı qarşılanmamışdı. Qərarın doğru olduğunu düşünənlərlə yanaşı, könüllülük prinsipini qəbul etməyənlər də var idi. Bu hələ də belədir.
Əsas suallardan biri də azad edilən yerlərə məcburi köçkünlərin nə zaman köçürülməsi ilə bağlıdır. Yaranan bu və ya digər suallarla əlaqədar Cəbrayılın deputatı Ceyhun Məmmədovla söhbət etdik.
Deputat “Yeni Müsavat”a açıqlamasında ümidli danışdı: “Bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı, şərəfli və qürurlu dövrlərindən birini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən işğalından azad olundu. İnsanlarımız illərdir səbirsizliklə torpaqlarımızın işğaldan azad olunacağı günü gözləyirdilər. Onlar inamlarını heç zaman itirmədilər. İnanırdılar ki, doğma yurda qayıdacaqları gün uzaqda deyil. 30 ilə yaxın müddətdə insanlarımız bir çox çətinliklərlə üzləşdilər. Böyüyüb başa çatdığın eldən, obadan uzaq düşmək ağır hisslər idi. Dövlətimiz onları tam qayğı ilə əhatə etsə də yurd həsrəti onları heç zaman rahat buraxmırdı.
Torpaqlarımız düşmən işğalından azad olunduqdan sonra müxtəlif qurumlar bir sıra sorğular həyata keçirdilər. Əhalinin siyahısının dəqiqləşdirilməsi istiqamətində ardıcıl işlər gedir. Bölgənin baş planı hazırlanır, ərazi minalardan təmizlənir, infrastruktur layihələri icra olunur. İnsanlarımız səbirsizliklə öz doğma yurdlarına qayıdacaqları günü gözləyirlər. O gün uzaqda deyil".
C.Məmmədov bu istiqamətdə deputat olduğu ərazidə görüşlər keçirdiyini, insanların rəyini öyrəndiklərini söylədi: “Cəbrayıllılar respublikanın 54 rayonunda məskunlaşıblar. Bölgələrə səfərlər edərək insanlarımızla davamlı görüşərək müzakirələr aparırıq. Davamlı olaraq onları dinləyir, təkliflərini öyrənirik. İnsanlarımız öz doğma yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər. Hamı doğma yurda qayıtmağa tam hazırdır. Bunun üçün bütün zəruri addımlar atılır. İnsanlarımızı əsas düşündürən məsələlərdən biri də evlərinin dədə-baba yurdlarında inşa olunmasıdır. Dövlətimiz insanlarımızın rəy və təkliflərini diqqətlə öyrənərək onları razı salacaq layihələr üzərində işləyir. Hesab edirəm ki, insanlarımız köçürmə prosesindən, dövlətimizin göstərdiyi diqqət və qayğıdan tam razı qalacaqlar”.
Müsahibimiz təxminən nə vaxt qayıdış prosesinə tam start veriləcəyi yönündəki sualımıza isə belə cavab verdi: “Hesab edirəm ki, o gün uzaqda deyil. Bir neçə ilə insanlarımız öz doğma yurdlarına qayıda biləcəklər. Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa və quruculuq işləri olduqca sürətlə həyata keçirilir. Demək olar ki, baş planlar artıq hazırdır. Dövlət bütün zəruri tədbirləri uğurla və zamanında həyata keçirir.
Bildiyiniz kimi, hazırda Zəngilanda “Ağıllı kənd” layihələri uğurla icra olunur. Bu ilin sonunda əhalinin ora köçürülməsi nəzərdə tutulur. Mərhələli şəkildə digər rayon və kəndlərimizdə bu kimi layihələrin icrası nəzərdə tutulur. İnsanlarımızın tezliklə öz dədə-baba yurduna qayıdacaqları gün uzaqda deyil. Yaxın günlərdə bu prosesin şahidi olacağıq. Prosesin təhlili bunu söyləməyə tam əsas verir".
Sonda deputat yerləşdirilmə prosesində məcburi köçkün olmayanların da yaşamasına izn verilib-verilməyəcəyi ilə bağlı danışdı: “İlk növbədə həmin bölgədən olan əhalinin yerləşdirilməsi nəzərdə tutulur. Əsas üstünlük onlara veriləcək. Sonrakı mərhələdə digər bölgələrdən olan vətəndaşlarımızın mərhələli yerləşdirilməsi məsələsi nəzərdən keçirilə bilər. Hesab edirəm ki, digər bölgələrdən olan vətəndaşlarımızın da orada məskunlaşmasına gələcəkdə baxılacaq. Onların da orada yaşamasına və işləməsinə şərait yaradılacaq. Dövlət bütün məsələləri xüsusi diqqətdə saxlayır”.