Ermənistanla anlaşma bu ilin sonunadək imzalanacaq? - SENSASİYALI İDDİA

Ermənistanla anlaşma bu ilin sonunadək imzalanacaq? -  SENSASİYALI İDDİA backend

Artıq bir neçə gündür ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti Moskvadadır. Rəsmi versiyaya görə, heyət Ermənistan hərbçilərinin "Qərb-2021" təlimlərində iştirakını izləyir.

İrəvandakı "Hrapark" qəzeti isə öz mənbələrinə istinadən bildirir ki, əslində Moskvada Ermənistan və Azərbaycanın nümayəndə heyətləri arasında qapalı danışıqlar aparılıb. Başa çatmış danışıqların sonuclarından sən demə, ermənilər razıdır.

"Hraparak" yazır: "Deyəsən, Azərbaycan-Ermənistan dövlət sərhədinin sonradan demarkasiyası şərtilə delimitasiya prosesinin başlanması ilə bağlı razılıq əldə edilib. Proses SSRİ xəritələri əsasında, Dağlıq Qarabağın statusu olmadan gerçəkləşdiriləcək.

Rusiyalı sülhməramlıların Qarabağda fəaliyyəti və missiya müddəti ilə bağlı müzakirilər də aparılıb. Zəngəzur dəhlizinə gəldikdə isə, tranzit marşrutu barədə razılaşma əldə olunub. Marşruta rusiyalı və erməni sərhədçilər nəzarət edəcəklər. Azərbaycan isə dəhlizdən istifadəyə görə ildə 150 milyon dollar ödəyəcək.

Gorus-Qafan yolu ilə bağlı razılaşma əldə olunmayıb. Bu səbəbdən Ermənistan Rusiya ilə danışıqlar apararaq Tatev-Qafan alternativ yolunun inşası ilə bağlı anlaşıb. İranın böyük, ağırtonnajlı yük avtomobillərinin hərəkəti üçün əlverişli olacaq bu marşrutun tikintisini Rusiya maliyyələşdirəcək.

Sənəd bu ilin sonuna-gələn ilin yanvarına qədər imzalanacaq. Dövlət sərhədinin delimitasiyası prosesinin başlanğıcı barədə isə Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət üçtərəfli komissiya rəsmi bəyanat verəcək".

Göründüyü kimi, "Hrapark" qəzeti sensasiyalı iddia ilə çıxış edib.

Fəqət, həmişə olduğu kimi, Ermənistan mediası ehtimallarını və istəklərini "real faktoloji material" kimi təqdim edir.

Əvvəla, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələr davam edir. Ermənistan bütün qüvvələrini, imkanlarını və resurslarını işə salaraq prosesdən yayınmağa çalışsa da, rəsmi Bakı bu manevrlərə dözmək niyyətində deyil.

Proses istənilən halda bu ilin sonunadək aktivləşməli, gələn ilin əvvəlində isə daha da intensivləşməlidir.

Zəngəzur dəhlizindən istifadəyə görə Azərbaycanın Ermənistana ildə 150 milyon dollar "ödəyəcəyi" iddiası isə ümumiyyətlə, fantasmaqorik ehtimal, absurddur. Səbəb çox sadədir: həmin dəhlizin açılması və fəaliyyətinin qaçılmazlığı ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatda əks olunub.

Ermənistan bu dəhlizin açılmasına aprior olaraq şərait yaratmalıdır.

Marşruta erməni sərhədçilərin nəzarət edəcəkləri ilə bağlı iddia da sərsəmdir: dəhlizin təhlükəsizliyini sadəcə, Rusiya sərhədçiləri təmin edəcəklər. Azərbaycan heç bir halda yüklərin erməni sərhədçilərin kontrolundan keçməsinə razı olan deyil.

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinə gəldikdə isə, bu missiya barədə də üçtərəfli bəyanatda dəqiq müddəalar var, hər şey şərtlənib.

"Əlavə müzakirələr" yalnız 4 ildən sonra mümkün ola bilər: rəsmi Bakının istəyi və razılığı olarsa.

Rəsmi Bakı rusiyalı sülhməramlıların fəaliyyətindən birmənalı olaraq narazı qalarsa, onların Qarabağda qalmaları mümkün deyil.

...Gorus-Qafan yolunda yaranmış problemlər Ermənistanın iflic durumdakı iqtisadiyyatının Rusiya və İrandan nə qədər asılı durumda olduğunu bir daha göstərdi. Belə situasiyada İrəvanın Bakı qarşısında hər hansı şərtlərlə çıxış etməsi ümumiyyətlə, mümkün olmayan aberrasiyadır.

Rusiya nə qədər çalışsa da, istəsə də, Cənubi Qafqazla bağlı planlarının reallaşması illüziyadır.

Milli.az

Diaspora