"Hə, əmioğlu, Şuşaya gedirəm" - Hikmət Sabiroğlu

"Hə, əmioğlu, Şuşaya gedirəm" - Hikmət Sabiroğlu backend

Şuşaya azad şəhərin 10 ay 3 günündə – 2021-ci il sentyabrın 11-də ayaq basıram. Gec, çox gec…

*

8 noyabr 2020-ci il qurtuluşunun ardınca soyuqlayıram. Noyabrın üçüncü ongünlüyündə zəhrimara yoluxduğum üzə çıxır.

Evdə qalası oluram.

İki həftəlik əsirliyin ardınca sərt karantin gəlir. Noyabr və dekabr belə gedir.

İl dəyişəndən aylar bir-birini qovur. Görürəm hərə bir yol tapıb gedir. Mənə gənəşən yoxdur.

Dərd eləmirəm, gözləyirəm. Ən çox may ayına bel bağlayıram, bitmiş işğalın – 8 may 1992-nin anımı olar deyirəm.

Anım yox, mahnı bayramı olur mayda. Gedənlərin siyahısında yoxam.

İyunda daha bir tədbir yan keçir.

İyulda Şuşadakı məsul şəxs dostumuz İlqara iki günlük səfərimizin razılığını verir, ancaq şəhərdə vəziyyət dəyişir, sözünü tuta bilmir.

Avqustda, ayın 14-də İlqar Şuşadakı rəsmi quruma bir-iki dostun sənədini göndərir. Mən də varam dəstədə.

Daha bir tədbirdən kənar qaldığım avqust ötür.

Şuşadan razılıq xəbəri sentyabrın 8-də gəlib çıxır.

Elə həmin gün məlum olur ki, ayın 12-də Şuşaya gedəcək jurnalist qrupuna mənim də adım salınıb. Yada düşmüşəm. Dedim özüm gedirəm artıq.

*

Sentyabrın 11-i. Füzuli. Əhmədbəyli. İlqarlayıq. Bakıdan daha iki dost gəlir, onları gözləyirik.

Çayxananın qabağında oturanlardan biri “Deyəsən, Şuşaya gedirlər” deyir.

– Hə, əmioğlu, Şuşaya gedirik…

Keçirəm çayxananın həyətinə. Otururam. Yaş məni boğur. Öz sözümə (Şuşaya gedirik!) inanmağım gəlmir.

Dostlar gəlir. Zəfər yoluna dönürük. Şuşalılar Meşə yolu da deyir bu təzə yola.

Yol. Bu qədər qısa müddətdə görülən işə heyran qalırsan.

Bu yolu qanı ilə açıb oğlanlar… Haralardan keçib əsgərim…

Dəsmalı gözümə sıxıram.

*

Hamıya demişəm Şuşaya çatanda telefonu söndürəcəm, mane olmasın.

Şuşa yolunun birinci postunda məzuniyyətdən qayıdan əsgəri maşınımıza götürürük. Valideynlərindən təhvil alıb tərpənəndə əsgərə deyirəm hərbi hissənin qabağında valideynlərini yığarsan, bilsinlər çatdığını.

*

Şuşanın girəcəyindən diklənən kimi Şor bulaq gəlir. Üzüm gizildəyir. Maşını saxladıb üzümə su vurmaq istəyirəm. Damcılayır, maşına qayıdası oluram.

Hərbi hissənin qarşısı. Düşürük. Telefonu əsgərə ötürürəm valideynlərini yığsın. Gözümdən sel axır. Hərbi hissənin həyətində növbə çəkən əsgər təəccüblə baxır. Bəlkə də məni əsgər yoldaşının atası bilir.

Əsgər telefonla əlləşir. Alıb baxıram, siqnal yoxdur. Telefonu söndürüb-yandırıram, alınmır (Dədə-baba telefonudur, Şuşada işləməyə gücü çatmır, bir də səhəri gün Şuşadan çıxanda özünə gəlir). İlqar telefonu uzadır. Mikrofon açıqdır. Bayaq balasını bağrına basıb bizə əmanət eləmiş ananın səsi gəlir:

– Naharınızın vaxtıdır, qadan alım, ac qalma…

Anadır… Əsgər anası. Şuşada qulluq edən əsgərin anası. Şükür bu günə!

*

Düşürük Mamayı bulağına. Su gəlmir. Əlimi divarlarına sürtürəm, yenə yaş məni boğur.

İçimdə Şuşada nə günə qalmağın yüz variantı vardı. İndi yüz birinci variantdır, boşluğa, çəkisizliyə düşmüşəm.

Evimizə enirik. Hasarın bir qırığı, bir də cəngəllik.

Bizim evimiz, evimizə bitişik qonşu evlər Şuşanın işğalından əvvəl, 1992-nin martında düşmən atəşindən külə dönüb. İndi küldən də əsər-əlamət yoxdur. Bilirdim bunu. Şəkillərdə görmüşdüm. Amma bu görmək o görmək deyil.

İllər uzunu həyətimizin girəcəyindəki armud ağacına sarılıb ağlamağı xəyal eləmişdim. Kəsiblər. Yoxa çıxarıblar.

1992-ci ilin yazında armud ağacının yanından ötüb ayrılığa doğru getdiyimi düz 20 il sonra qələmə almışam. O yazının son cümləsini xatırlayıram: “Ayrılığın əvvəli varsa, yəqin sonu da olar…”

*

Şəhərin aşağısından, viran qalmış Torpaq meydandan və Çuxur məhəllədən bir dövrə vurub Mirzə Həsən qəbiristanlığına yol alırıq.

Gözüyumulu taparam demişdim. Qəbiristanlığın halından nə qədər yanıldığımı görürəm. Tək-tük qəbir daşı boynunu büküb. Hamısını daşıyıb aparıblar. Cağ, divar-daş, ələ gələn hər şey talanıb, dağıdılıb.

1991-ci ilin yazında atamı itirəndə günlərlə Mirzə Həsəni dolaşmışam. Hər yanından xəbərim var. İndi azmışam. Boy verən cəngəllikdə karıxıb qalmışam. Ha əlləşsəm də, babamla atamın dəfn olunduğu yeri tapa bilmirəm. Hansı səmtdən gedirəm, hansı kolluğa, qanqallığa baş vururam, bir şey çıxmır.

Bir qəbir yeri hasarından oxşamış kimi gəlir, amma o deyil…

Bir sinə daşını babamın sinə daşına oxşadıram, amma hasar ayrı cürdür, həm də yanı boşdur…

Qəbir yerləri qat-qat cəngəllik, vəhşi bir meşəliklə hörülüb, əsarətdə qalıb.

Dəli vəziyyətində şəhərə qalxası oluram.

*

Rəhmətlik Qaçay Pəhləvanın evində qalasıyıq. Həyətdə süfrə açılıb. Boğazım tıxanıb. O evdən hayan olan Ramin halımı görüb İlqardan maşının açarını alır, bu dəfə onunla enirəm Mirzə Həsənə.

Qala divarının – Gəncə qapısının yanında Bakıdan gələnlər toplaşıb. Jurnalist Aygün Muradxanlını görüb düşürəm. Məni qucaqlayıb ağlayır.

İqtisadçı dostumuz Samir Əliyev özünü yetirir. Şəkil çəkdirmək istəyir. Amma görür halım yoxdur.

…Mirzə Həsəndə bu axtarış da nəticəsiz qalır.

*

Komendant saatına qədər qalan vaxtımız şəhəri dolaşmağa, Cıdır düzünə qalxmağa yetir. Cıdır düzündəki məzarlıq da eyni gündədir.

Şəhəri o baş-bu baş dolaşırıq. Xarabalıqlara girib-çıxırıq.

Qıraq adam buna gəzinti deyər. Amma mən havalı-havalı dolaşıram. Belə gəzintini yurdumu viran qoymuş düşmənə də qıymaram.

*

Axşam yenə süfrə başındayıq. Əziz adamlar yığışıb. Şəhərində qonaq kimi olan şuşalılar. Şükür içindəyik, amma qanadım olsa, uçub Bakıya dönərəm, elə haldayam.

Qonşumuz Ərəstun gəlib çıxır. Çoxdan Şuşadadır. Qəbiristanlıq məsələsini eşidib mənə təsəlli verir:

– Qaqa, relyef dəyişib orda, relyef!

*

Evin ətrafında itlər dolaşır. Bir deyil, iki deyil, sürüdür. Erməninin iti demərəm. Biz qoyub gedən itlərin törəmələridir. Qayıtmışıq.

*

…Yerimiz salınır, qalın yorğan var, amma otağa elektrik plitəsi də qoyulur. Şuşadır bura.

Səhərə yaxın, saat 4-də durub plitəni çəkirəm, otaq isinib.

Yuyunmağa imkan vardı axşam, amma ürək eləmədim ki, soyuq alar, ağlınız Bakıya getməsin.

*

Dəqiq tarix 29 il 6 aydır. Amma mən min il deyirəm. Min ildən sonra səhərim Şuşada açılır.

Çay içib İsa bulağına yol alırıq.

İsa bulağına bizim postla rus postunun qovuşduğu yerdən keçməlisən. Laçın dəhlizi deyilən yoldan.

Düşmən hər gün bizim postdakı say-seçmə əsgərlərin bir addımlığından ötməli olur. Nə vaxtsa postumuzda dayanıb əsgərimə təzim eləməyə də məcbur qalacaq. Ya da biryolluq getməyə. Ayrı yolu yoxdur düşmənin.

*

İsa bulağında bir ovuc suyun gözümün yaşına qarışdığını görən əsgər soruşur:

– Dayı, şuşalısan?

Min il kimidır, əsgərimə Şuşa suyuna tamarzı qalmağın dəqiq tarixini deyirəm: 29 il 6 ay.

*

Bakıdan gələnlər var. Qardaşım Nazim də gəlib jurnalist qrupu ilə, Cıdır düzündədirlər.

İsa bulağından ayrılıb yenə Mirzə Həsən qəbiristanlığına gedirəm İlqarla. Yenə dünənki mənzərə. Yenə içimdə ağrı qayıdıram.

Günorta bir tikə çörək yeyəndə Nazimgilə qoşulub Bakıya dönmək qərarı verirəm.

Məni Şuşaya gətirənlər bir gün də qalasıdır. İncimirlər, halımı görürlər…

*

Nazimgillə qayıdıram.

Qayıdıram, amma Şuşadan ayrılmağım gəlmir, yenə dəsmalı gözümə sıxıram…

Şuşa… Ömrümdən keçən Şuşa.

Məni boya-başa çatdıran Şuşa – itirdiyim Şuşa.

Düşmən əlindəki Şuşa – zülmlü Şuşa.

Cecəyi qalmış Şuşa – 29 il 6 ay sonra ayaq basdığım Şuşa.

Yenə bünövrəsi qoyulan Şuşa – ömürlük Şuşa.

 

Hikmət Sabiroğlu

15 sentyabr 2021

Şəkildə soldan Hikmət Sabiroğlu və qardaşı Nazim Sabiroğlu Şuşada

Diaspora