Kreml Azərbaycan ordusunun Şuşadan sonra Xankəndiyə enməsinin - Qarabağın tamamına nəzarət etməsinin qarşısını aldı. Qarabağda Rusiya hərbçilərinin yerləşdirilməsi böyük güzəştimiz idi.
Rusiya hərbçiləri 10 noyabr bəyanatına riayət etməyərək səlahiyyətlərini aşır və faktiki erməni separatçılarını himayə edirlər. 9 ay ərzində artan təxribatlar da bundan xəbər verir. Bu sıraya Rusiya hərbçilərinin Laçın dəhlizində “təlimlər” keçirməsindən, bayraq qaldırmasından və bölgədə tikinti işləri aparmasından tutmuş İrandan gələn yüklərinin Qarabağa buraxılmasına qədər faktları aid etmək olar.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a deyib ki, 10 noyabr 2020-ci il tarixli bəyanata görə, Azərbaycan istəməsə, 5 ildən sonra Rusiya hərbçiləri Qarabağı tərk etməlidirlər.
“Azərbaycan XİN-nin bəyanatlarında və rəsmilərin açıqlamalarında “bölgədə müvəqqəti yerləşdirilən sülhməramlılar” ifadəsi işlənir. Yəni rəsmi Bakı və Azərbaycan cəmiyyəti rusiyalı hərbçilərin müddətləri bitdikdən sonra Qarabağı tərk etməsini istəyir. Əlbəttə, bu asan başa gəlməyəcək, rusiyalı hərbçilər bölgəni tərk etməsin deyə bölgədə fərqli təxribatların reallaşacağı istisna deyil. Bütün hallarda dialoq şəraitində rusiyalı hərbçilərin bölgəni tərk etməsi əsas vəzifəmizdir. Bu mümkündür”.
Politoloq bildirib ki, Rusiya-Azərbaycan münasibətləri tarixində Moskvanın Bakının qərarlarıyla hesablaşdığı durumlar az deyil:
“Rusiya 1990-cı illərin əvvəllərində Azərbaycanın Qərb şirkətləri ilə birgə Xəzərdə zəngin enerji yataqlarının istismarına mane olmaq istəyirdi. Bunun üçün Moskva Azərbaycana qarşı bütün təzyiq mexanizmlərini işə salmışdı. Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanı hətta BMT-yə şikayət etmişdi. Rusiyanın BMT-yə göndərdiyi şikayət məktubunda bu yazılırdı: “Rusiya Xəzər dənizində birtərəfli təşəbbüslərin əleyhinədir, qanunsuz sazişləri tanınmayacaq”.
Buna baxmayaraq, Xəzərdəki yataqların istismarı məqsədilə Bakıda 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Rusiya dediyini etmədi və ya etmək istəmədi. Çünki “Əsrin müqaviləsində” Rusiyanın “Lukoyl” şirkəti pay almışdı. Yəni öz şirkətinin iştirak etdiyi müqavilənin əleyhinə çıxmaq məntiqsiz olardı. Bununla rəsmi Bakı Kremli geri addım atmağa məcbur etdi”.
Ekspert xatırladıb ki, rəsmi Bakı ikinci dəfə Xəzərin statusu məsələsində Kremli əvvəlki mövqeyindən çəkindirdi.
“Kreml Xəzərin statusunun müəyyənləşdirilməsi məqsədilə aparılan danışıqlar zamanı da Qərb şirkətlərini bölgəyə gəlişinin qarşısını almağa çalışırdı. Xəzərsahili ölkələrdən əsasən Azərbaycan buna qarşı çıxırdı və Kreml məcbur qalıb bu siyasətini də korrektə etdi.
Rusiya Xəzərdən çıxarılan neft və qazın dünya bazarlarına çatdırılması məsələsində də Azərbaycanın ortaya qoyduğu reallıqları qəbul etdi. Kreml Azərbaycanın Xəzərdən çıxardığı neft və qazı yalnız Rusiya üzərindən dünya bazarlarına nəql olunmasını istəyirdi. Rəsmi Bakı Rusiyanın təzyiqinin artacağını nəzərə alaraq “Əsrin müqaviləsi”ndən sonra Bakı-Novorosiysk kəmərini işə saldı. Rəsmi Bakı Kremli rahatlatdıqdan sonra Türkiyə və Qərb şirkətləri ilə birgə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə başladı və uğurla yekunlaşdırdı. Hazırda Azərbaycan nefti və qazı əsasən Türkiyə üzərindən dünya bazarlarına çatdırılır, Bakı-Novorosiyk kəməri isə ara-sıra işləyir”.
E.Şahinoğlunun sözlərinə görə, Kreml Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisinə mane ola bilməsə də, təcili Tengiz-Novosiyk kəmərini inşa etdi.
“Kremlin məqsədi Qazaxıstanın zəngin “Kaşaqan” yatağından çıxarılacaq neftin Rusiya ərazisindən nəqlini təmin etmək idi. Çünki Kreml ehtiyat edirdi ki, Qazaxıstan da öz neftini Bakı-Tbilisi-Ceyhan boru xətti ilə nəql edəcək. Qazaxıstan bu gün Rusiya marşrutundan (tələsik inşa edilən Tengiz-Novorosiyk kəmərində isə tez-tez qəzalar baş verir, neft Qara dənizə axıdılır) istifadə etsə də, Bakı-Tbilisi-Ceyhan boru kəmərindən də yararlanır. Moskvanı bu planı da alınmadı”.
Politoloqun sözlərinə görə, növbədə Xəzərin dibi ilə qaz boru xəttinin tikintisi və Türkmənistan qazının Azərbaycan və Türkiyə üzərindən nəqli məsələsi gəlir.
“Rusiya buna da etiraz edir, ancaq arqumenti yenə zəfdir, çünki özü Qara və Baltik dənizlərinin dibi ilə boru xətləri inşa edərək Türkiyə və Avropaya qaz nəql edir”.
Siyasi şərhçi deyib ki, Rusiyanın yaxın keçmişdə Azərbaycanın qərarları ilə hesablaşdığını nəzərə alaraq rəsmi Bakının bir başqa qərarını da nəzərə alacağını – hərbçilərini Qarabağdan çıxaracağı ehtimalı yüksəkdir.
“1990-cı illərin əvvəllərində Rusiyanın hərbi bazalarının Azərbaycandan çıxarılmasını təmin etmişiksə, bunu yenə təkrarlaya bilərik”.