Hikmət Sabiroğlunun Şuşaya qayıdışı - Azər Qaraçənlinin 3 il əvvəlki "öncəgörü"sü və bu gün

Hikmət Sabiroğlunun Şuşaya qayıdışı -  Azər Qaraçənlinin 3 il əvvəlki "öncəgörü"sü və bu gün backend

Qaziler.az saytı 31 iyul, 2018-ci ildə Azər Qaraçənlinin xəyalının məhsulu olan "Hikmət Sabiroğlunun Şuşaya qayıdışı" adlı yazısını dərc etmişdi.

Bu yazı o zaman Azər Qaraçənlinin "öncəgörü"sü idi. Yazar öz şuşalı həmkarını 3 il əvvəl Şuşada təsəvvür etmişdi və...yanılmadı. Hikmət Sabiroğlu bu gün Şuşadadı. Şuşasındadı. Hamımızın Şuşasında. Yaddaşlarımızdan heç silinməyən Qarabağımızda. Nə yaxşı ki, 30 ildə o torpaqlarımızı xəyalımızda beləcə yaşatdıq, öləziməyə qoymadıq və o xəyallar bu gün həqiqət oldu...

Qazilər.az Azər Qaraçənlinin 3 il əvvəl xəyalında təsvir etdiyi hikmət Sabiroğlunun Şuşaya o QAYIDIŞINI və BU GÜN ARTIQ XƏYAL DEYİL GERÇƏK OLAN BU GÜNKÜ QAYIDIŞINI TƏQDİM EDİR:

 

Hikmət Sabiroğlu səhər Şuşaya gedir.

Bu, onun Şuşa işğaldan azad olunandan sonra ata yurduna ilk səfəridi.

Axşamdan dost-tanış hamısı ayaq üstədi. Zəng zəng dalınca.

Yusif (Rzayev) günortadan zəng eləyib: “Axşam görüşək. Hikmət həyəcan keçirir. Qaqanın həyəcanını götürmək lazımdı. Axşam mütləq görüşək. Hikmətin Şuşaya gedişi elə-belə məsələ deyil, bu, tarixi hadisədi. Qaqanı Bakıdan təntənəli yola salmaq lazımdı”.

Fəxri (Uğurlu) xəbərdarlıq eləyib: “Biz dörd nəfər tədbirdən çıxıb gələcəyik: Tahir (Kazımlı), Ağa (Cəfərli), bir də əmoğlu Əfqan (Həsənov)”.

Telman (Sabirabadlı) təntənəli yolasalma mərasiminə, yəni axşamkı məclisə qoşulacaq adamların sayını dəqiqləşdirməyi tələb eləyir. Mən demişəm ki, işdən üç nəfər gələcəyik: “Hikmət (Sabiroğlu), Oqtay (Qorçu), bir də mən”. Dedim, ola bilsin, dörd olaq, sinif yoldaşım Çingiz (Əliyev) də bəlkə gəldi.

Telman deyəsən iştirakçıların siyahısını tutur, telefonda səsini qaldırır: “Dəqiq, dəqiq! Bəlkə söhbəti yoxdu. Hikmət heç, Hikməti demə. O, məlumdu. Deməli, Oqtay, Çingiz, Azər. Çingizin adının qabağından sual işarəsi qoyuram, sənin də adının qabağından mötərizədə Qaraçənli yazıram. Çünki səndən başqa üç Azər var – Mehtiyev, Tinli, Rəşidoğlu”. “Onları da mötərizəyə almısanmı?” soruşuram. “Yox. Amma sənin xətrinə onları da mötərizəyə alacam indicə. Başqa qulluğun var?!” “Başqa sənin sağlığın” deyirəm. “Gecikmə olmasın!” – Telman var gücüylə səslənib telefonu qapadır.

İmranın (Bədirxanlı) verdiyi məlumata görə, Hikmət məclisdə yeganə şuşalı olacaq. Hikmətin bibisi oğlu Elçin qardaşı Elşənlə çoxdan Şuşadadılar. Vasif (Quliyev) də “Şuşa” qəzetinin redaksiyasını bir az olar Şuşaya köçürüb. Deyir daha mən Qaladan heç hara düşəsi deyiləm.

İlham (İsmayıl) Xankəndində dövlət işindədi. Doğrusu, zəng eləyib təbrik eləsəm də, işinin adını soruşmamışam, məxfi dövlət işində işləyənlərdən bunu soruşmağı düzgün saymıram. İlham deyir Vasifin sözünü zarafata yozmayın, həqiqətən Qaladan çıxmır. Deyir neçə dəfə demişəm Abuzəri də götür düş aşağı, bir az dərdləşək, Abuzər gəlib, Vasif yox.

Abuzər (Məmmədov) də çoxdan Şuşadadı. Hikmətin sinif yoldaşı Elxanla telefon söhbətindən belə başa düşmüşəm ki, Elxan da, qalan sinif yoldaşları da hamısı Şuşadadılar. Hansı şuşalı Şuşada deyil ki? Hamı gedib, bircə Hikmət qalıb. Hikmətin qardaşı Nazim Sabiroğlu da gedib. Özü də bir neçə dəfə gedib qayıdıb (Bakıya), yenə gedib. Hikmətin oğlu Tural da Şuşadadı. Eşitdiyimə görə, Nazimin oğlu Sabiri də alıb yanına bütün günü Şuşanı küçə-küçə dolanırlar. Hikmət deyir uşaqlardan bir az nigaranam, çünki Nazimin dediyinə görə uşaqlar Şuşa-Laçın, Şuşa-Xankəndi yolunu da su yoluna döndəriblər, bir yerdə durmurlar.

Hamı gedib. Hamı gedib, Hikmət qalıb.

Nazim elə hey gileylənir ki, Hikmət yerindən tərpənmir. Deyir o qədər həyəcanlanır ki, bilmir Şuşaya necə qayıtsın. Deyir nə qədər deyirəm ki, burda hamı səni soruşur, hamı səni gözləyir, dəbərmir ki, dəbərmir.

Nazim bu gün bir neçə dəfə zəng eləyib. Deyir, sən Allah, Hikməti tez yola salın, ürəyimiz partladı gözləməkdən.

Hikmət səhər tezdən yola düşəcək. Ağdam rayonunda Muğanlı kəndinə – ana yurduna baş çəkəcək. Muğanlıya gedən yolda Hikməti Elman (Mustafazadə) qarşılayacaq. Ağdam şəhərindəsə Hikməti nəhəng bir dəstə gözləyir. Vahid (Qazi), Rey (Kərimoğlu) bu dəstənin əlaqələndirici şəxsləri sayıla bilər. Dediklərinə görə, Aqil (Abbas), Rəşad (Məcid), Elşən (Əliyev), Asəf (Quliyev) və daha bir neçə qələm adamı, Yusif, Rahib qardaşları (Süleymanovlar) xəbər eləyiblər ki, Hikmət onlarla görüşməmiş Ağdamdan keçməsin. Amid (Süleymanov) də Ağdamda Hikməti gözləyir.

Xankəndində Hikməti İlham İsmayılın, Şuşada Nazimin, Turalın, qohum-əqrəbanın, sinif yoldaşlarının, daha neçə-neçə şuşalının başçılıq elədiyi dəstə qarşılamalıdı.

– Plan belədi, Hikmət! – Yusif coşub. – Hikmət! – Yusif sözünün ardını gətirə bilmir. Kövrəlib Yusif. Diqqətlə Hikmətin gözünün içinə baxır. – Qəti həyəcanlanma! Hamı ordadı. Burdan biz yola salırıq. Muğanlı yolunda Elman qarşılayır, Ağdamda Vahidgil, Xankəndində İlham, Şuşada hamı! Yaxşı yol! – Yusif badəni birnəfəsə başına çəkib masaya çırpır. – Yaxşı yol!

Qurban (Yaquboğlu) narazıdı: hökumət qərar çıxarıb ki, hələ bir ay da işğaldan azad olunmuş rayonlara, şəhərlərə ancaq həmin rayon-şəhərlərin qeydiyyatında olanlar gedə bilər, bir də xüsusi icazəsi olanlar. “Yoxsa mən də istəyərdim yol yoldaşı olum Hikmətə”, deyir Qurban.

Sədi (Məmmədov) zarafatından qalmaz. Masanın o başından söz atır ki, əslində bu məhdudiyyət Qurbana aid olmamalıdı, çünki Şamaxının da, Şuşanın da adı eyni hərflə başlayır, ona görə Qurbanı buraxmalıdılar Şuşaya. Məzahir (Məmmədli) tez deyir: “Onda mən də gedirəm”. Sədi təsdiqləyir: “Bəli, bir şamaxılı kimi sənin buna tam hüququn çatır”.

Sədi deyir bu hüquq Sakitə də aiddi. Çünki Sakit də Sabiroğludu, deyə bilər ki, Hikmətin qardaşıyam, rahatca postları keçə bilər. “Məncə, burda heç bir problem yoxdu” deyir Sədi, dediyinə də hamıdan qabaq özü gülür.

İlqar (Həsənov) zəng eləyir. Deyir gələ bilməsəm də ürəyim ordadı. Deyir, doğrusu, belə məclisi qoyub getməyin o heç tərəfdarı da deyil, axı nə fərqi var, Yasamal da Şuşa kimi yüksəklikdədi. Sonra da deyir zarafat eləyirəm, Hikmət, qadan alım sənin, qurban olum Şuşaya. Deyir Mehdi (Mükərrəmoğlu) Qubadlıdadı. Bir az qabaq danışmışam, səndən söz saldım, təəccübləndi ki, Hikmət hələ Bakıdadı?

Rövşən (Ağayev) zəng eləyir, deyir Samir (Əliyev) bir az gecikir, indi onu da götürüb gəlirəm. Soruşur siz hələ ordasızmı? Telman hamının yerinə cavab verir. Deyir nə vaxt istəsəniz gələ bilərsiz, biz onsuz da Hikmət Şuşadan qayıdana kimi burdan durası deyilik.

Mahir (Qarayev) zəng eləyir. Deyir şairi (Ramiz Rövşən) Qubadlıya aparanda bütün Qarabağı dolanıb getmişik. Şuşadan da keçmişik. Deyir mən indi Göyçaydayam, bəlkə Hikmət burdan keçsin, mənə dəysin, oturaq bir stəkan çay içək, bir az danışım Hikmətə Şuşadan, bir az da mən ürək-dirək verim.

Cavanşir (Yusifli) zəng eləyir.

Niyaz (Yaqublu) zəng eləyir.

Nizaməddin (Mustafa) zəng eləyir.

Məsiağa (Məhəmmədi) zəng eləyir.

Rövşən (Hacıbəyli) qəfildən içəri girir, hamını yarıb keçib Hikməti qucaqlayır. Heç nə demir. Eləcə qucaqlaşıb dururlar. Daha nə desin…

Telman bu sevinc-kədər sükutunu zarafatla pozmağa çalışır: “Azər, onun da təxəllüsünü mötərizəyə almışam ha. – Cibindən dəftər vərəqini çıxarıb yuxarı qaldırır. – İki Rövşən var axı”.

Hikmət səhər Şuşaya gedir. Tahir Qara dəniz türküsü oxuyur, Azər Tinli ney çalır, Fəxri masanı nağara əvəzi taqqıldadır.

Hikmət səhər Şuşaya gedir.

Saday (Budaqlı) zəng eləyir.

Əhməd (Oğuz) zəng eləyir.

İlham (Səfərov) zəng eləyir.

Şahbaz (Xuduoğlu) zəng eləyir.

Atilla (Maralanlı), İsmayıl (Rafiqoğlu), Bəkir (Nərimanoğlu) zəng eləyir.

Yusif telefonunun musiqi yaddaşından Qədir Rüstəmovun “Sona bülbüllər”ini tapır, telefonu qarşısındakı stəkanın ağzına qoyub səsini ucaldır, qolunu masaya dirsəkləyib əlləriylə başını tutur.

Hikmət səhər Şuşaya gedir.

Cavanşir (Cahangirov) Qubadlıdan, Şahin (Əliyev) Kəlbəcərdən, Xalid (Kazımlı) Füzulidən, Natiq (Məmmədli) Cəbrayıldan zəng eləyir.

Qabil (Abbasoğlu) zəng eləyir ki, mən də gedirəm Şuşaya, aşağı yolla – Zəngilanı, Qubadlını, Laçını dolanıb gələcəm, sən çatana özümü yetirəcəm Şuşaya: “İndi Daşburun yolundayam, əlimdə də daşdan keçən sənəd var”.

İlham (Qəhrəman) Laçından zəng eləyir.

İmdad (Əlizadə) da Laçındadı. Elə hey zəng eləyib Hikmətin Şuşaya saat neçədə çatacağını öyrənməyə çalışır. İmdadın planı var: “Hikmət Sabiroğlu Şuşada” başlığı altında foto-video reportaj hazırlayıb yayacaq. Qardaşları Babəki, Mirzəni, Xıdırı da səfərbər eləyib, hamısını götürüb Şuşaya gələcək. Kimisi foto, kimisi video çəkəcək. İmdad da toplayıb, ən azı yetmiş foto, ən azı yeddi video yayacaq internet boyu, ölkə boyu, dünya boyu. İmdadın planı var, Hikməti Şuşanın lap girəcəyində qarşılayanların arasında olmalıdı. Heç kim Hikmətin gəlişinin fotosunu, videosunu ondan qabaq yaya bilməyəcək. İmdadın arzusu, İmdadın planı var, ona görə bilmək istəyir Hikmət görən saat neçədə çatacaq Şuşaya?

Qoşqar (xalam oğlu) cibindən telefonu çıxarıb xəritəylə hesablama aparır: Bakıdan Muğanlıya filan qədər, Muğanlıdan Ağdama filan qədər, Ağdamdan Xankəndinə, ordan da Şuşaya. Kilometrləri hesablayıb sonra da maşının orta sürətinə uyğun Hikmətin Şuşaya saat neçədə çatacağını dəqiqləşdirməyə çalışır. Yanında oturan qardaşı Vüqar ehmalca düzəlişlər eləyir: ləngimələri də hesablamaq lazımdı. Muğanlıda ləngimə, Ağdamda ləngimə… bir də, bir də…

…Bir də, əlbəttə, Xocalıda ləngimə…

Qarabağ işğaldan azad olunandan adət yaranıb. Maşınlar Xocalıdan keçəndə – gedəndə də, qayıdanda da mütləq dayanır, adamlar maşından düşüb Xocalının ağrısını anırlar. Qadınlar gözlərinin yaşını silir, kişilər siqaret yandırırlar. Heç kim Xocalıdan elə-belə keçmir, hamı dayanıb keçir.

Hikməti Bakıdan aparan maşın da Xocalıda dayanacaq. Maşın dayanacaq, maşını saxlamağa nə var – əyləci basarsan, dayanar. Maşının Hikmət oturan tərəfinin qapısı açılacaq. Qapını açmağa nə var, itələyərsən, açılar. Hikmət siqareti maşından düşməmiş yandıracaq. Siqareti yandırmağa nə var, çaxmağı çəkərsən, yanar. Hikmət ayağını götürəcək ki, maşından düşsün. Ayağı götürməyə nə var, lap oturmaqdan keyisə də əlinlə götürüb qoyarsan.

Amma bu, Xocalıdı. Xocalıdı bu! Şuşaya getməyə nə var? Şuşaya getmək toy-bayramdı. Dərd Xocalıdan keçməyin dərdidi.

Sonra da deyirlər axı Hikmət niyə gecikib, niyə Hikmət Şuşaya indi gedir…

Azər Qaraçənli

31 iyul 2018-ci il

***

Əslən Şuşadan olan bir qrup media nümayəndəsi bu gün Şuşa şəhərinə yola düşüb.

Onlar 30 ildən sonra doğma şəhərlərini gəzəcək, məscidləri ziyarət edəcək, digər tarixi yerlərdə olacaqlar.

Şuşaya səfər edən jurnalistlər arasında Nurşən Quliyev, Namiq Mayılov, Nazim Sabiroğlu, şəhid övladları Günel Şahmalıqızı, Bəxtiyar Məmmədov və digərləri var.

Qeyd edək ki, Şuşa işğaldan azad olunandan sonra Şuşa sakinlərinin doğma şəhərlərinə mütəmadi səfərləri təşkil olunur. (apa)

Diaspora