“Moskvanın Ermənistanla birgə Azərbaycanın suveren ərazisində təlimlər keçirməsi üçün heç bir hüquqi əsas ola bilməz...”
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunun işğaldan azad edilmiş ərazilərində keçirilmiş təlimlərindən sonra Ermənistan cəmiyyətinin işğalçı, terrorçu ruhlu hissəsində qorxu dolu hay-küy qalxıb. Hətta Ermənistan ordusunun Rusiya ordusu ilə birgə Azərbaycanın Rusiya “sülhməramlı”larının nəzarətində qalan torpaqlarında təlim keçməsi haqda sərsəm fikirlər söyləyənlər də var...
Moderator.az xəbər verir ki, Rusiya mediasına açıqlamasında Ermənistanla Rusiyanın Laçın bölgəsindəki manevrlərə cavab olaraq Qarabağda birgə hərbi təlimlər keçirə biləcəyi ehtimalından bəhs edən "Hərbi hüquqşünaslar" QHT-nin rəhbəri Telman Əbilov Azərbaycanın suveren ərazisində bu cür manevrlər üçün heç bir hüquqi əsas olmadığını söyləyib.
"Rusiya hətta Azərbaycan ərazilərinin 30 il ərzində işğal altında qaldığı zamanlar belə, Bakıya qarşı bu cür addımlardan çəkindi. İndi Moskva heç vaxt bu addıma getməz. Çünki bu, onun neytral sülhməramlı statusunu tam şübhə altına alacaq” –deyən hərbi ekspert Rusiya “sülhməramlı” kontingentinin 10 noyabr razılaşmasından bəri Qarabağda statusuna uyğun olmayan təlimlər keçirməsindən də bəhs edib.
“Başqa bir məsələ, Rusiya ordusunun üçtərəfli bəyanatdakı öhdəliklərinə tam əməl etməməsidir. Qarabağda hələ də Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə sinxron olaraq geri çəkilməli olan erməni silahlı birləşmələri var. Bundan əlavə, Rusiya Qarabağda sülhməramlıların statusuna uyğun olmayan təlimlər keçirir” – deyə analitik vurğulayıb.