Bərdə rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Devran Fazil oğlu Nayıbovun (Naibovun) anası Xuraman Qələndər qızı Mirzəyeva ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci xanım, Birinci vitse-prezident Mehriban Əliyeva, Müdafiə naziri Zakir Həsənov və Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyevə müraciət ünvanlayıb.
Yenisabah.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Hörmətli, İlham Heydər oğlu!
Yazıb, Sizə bildirmək istəyirəm ki, mən-Xuraman Qələndər qızı Mirzəyeva Bərdə rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Devran Fazil oğlu Nayıbovun (Naibovun) anasıyam. Mənim 4 övladım-3 oğlum, bir qızım var idi. Övladlarımdan biri-Devran Nayıbov İkinci Vətən Müharibəsi zamanı Qarabağın azad olunması yolunda qəhrəmancasına həlak oldu, Şəhidlik məqamına ucaldı. Övladım həyatını hərblə, Ordu ilə bağlamışdı, Vətənini dəlicəsinə sevirdi. Uzun illərin peşəkar hərbçisi, kiçik Gizir, əfsanəvi XTQ-çılardan, XTQ kəşfiyyatçılarından idi. Aprel döyüşlərində, İyul-Tovuz hadisələrində də iştirak etmiş, qəhrəmanlıqlar, igidliklər göstərmiş, medallarla, fəxri fərman və diplomlarla təltif olunmuşdu. Oğlum-Devranım İkinci Vətən Müharibibəsin 12-ci günündə, Füzuli, kənd Horadiz istiqamətində ağır döyüşlər zamanı Şəhid oldu.
Şəhidliyindən sonra Müzəffər və Qalib Ali Baş Komandan kimi Sizin tərəfinizdən 5 medalla təltif olundu. Oğul, övlad itkisi nə qədər ağır və acı olsa da, bir ana kimi dözürəm, Devranımla Fəxr edir, Qürur duyuram. Çünki belə bir oğulla, övladla, İgid və Qəhrəmanla Fəxr etməmək, Qürur duymamaq mümkün deyil. Mən Fəxr edir, Qürur duyuram ki, Devran kimi İgid, Qəhrəman, Cəngavər bir oğlun, Vətən fədaisinin, Vətən sevdalısının anasıyam. O, həm də tək mənim övladım deyildi, elin, bütün Azərbaycanın övladı idi. Oğlum, Devranım da daxil olmaqla, bütün Şəhid balalarımızın ruhu qarşısında baş əyirəm. Baş tacımız, and yerimiz, Qürur mənbəyimizdirlər!”
Müraciətdə sonra deyilir:
“Cənab, Müzəffər Ali Baş Komandan!
Sizə müraciət etməklə, bir Şəhid, bir İgid anası kimi 3 arzumu, 3 xahişimi nəzərinizə çatdırmaq istəyirəm. Birinci xahişim övladıma Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adının verilməsi ilə bağlıdır. Çox istərdim və xahiş edirdim ki, övladıma Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı adı verilsin. Çünki övladım elə bir İgid və Qəhrəman olub, elə bir həyat və döyüş yolu keçib ki, bu iki addan birini anasının ağ və halal südü kimi Haqq edir. Bu, övladımın, Devranımın Haqqıdır. Bizə dəfələrlə söz verilsə də, hələ də övladımın, Devranımın adı nə Milli Qəhrəmanlığa, nə də Vətən Müharibəsi Qəhrəmanı adına təqdim olunub. Bu isə bir Şəhid anası kimi məni çox üzür, çox incidir. Qarşıdan da İkinci Vətən Müharibəsinin başlamasının, Şəhidlərimizin Şəhidliyinin biri ili və tarixi “Zəfər Günü” gəlir. Ona görə Sizdən dönə-dönə xahiş və rica edirəm ki, həmin vaxta kimi övladıma Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanı adını verəsiniz, öz mübarək imzanız, Sərəncamınızla Şəhidimi bu iki addan biri ilə təltif edəsiniz.
İkinci xahişim övladımın xatirəsinin yaşadılması, əbədiləşdirilməsi ilə bağlıdır. Çox istərdim ki, yaşadığımız, Şəhidimin vaxtilə yaşadığı küçə onun adı ilə adlandırlsın. Bu da elə bilirəm ki, Şəhidimin, Devranımın Haqqıdır.
Üçüncü xahişim isə Bərdədəki məktəblərdən birinə, elə oxuduğu məktəbə Devranımın adının verilməsi ilə bağlıdır. Yetişməkdə olan nəslimizin, uşaqlarımızın, yeniyetmələrimizin, gənclərimizin milli və hərbi vətənpərvərlik ruhunda böyüməsi, böyüdülməsi üçün Şəhid adlarının əbədiləşdirilməsi, küçələrə, meydanlara, parklara, məktəblərə və digər obyektlərə verilməsi çox vacibdir. Bunun çox böyük mənəvi, tərbiyəvi, maarifləndirici əhəmiyyəti, təsiri, önəmi var. Ona görə Sizdən çox xahiş edərdim ki, həm yaşadığımız küçəyə, həm də Bərdədəki məktəblərdən birinə Devranımın adının verilməsi ilə bağlı aidiyyatı orqanlara-Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə və Bərdə rayon İcra Hakimiyyətinə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz”.
“Hər üç arzumun, hər üç xahişimin yerinə yetirilməsi, reallaşdırılması həm Şəhidimizin ruhunu sevindirmiş, həm də bir acılı, kədərli və Qürurlu bir Şəhid anası, Şəhid ailəsi kimi mənə, bizə mənəvi təsəlli, təskinlik olardı. Heç olmasa, özümü, özümüzü bununla ovudar, bununla təsəlli, təskinlik tapardıq.
İnanıram ki, belə də olacaq, hər üç xahişim tərəfinizdən nəzərə alınacaq və öz müsbət həlli tapacaq. Öncədən də Sizə dərin minnətdarlıq və təşəkkürlərimi bildirirəm. Allah Sizi, ailənizi, Azərbaycanımızı qorusun!”-deyə, müraciətin sonunda qeyd olunur.