2021-ci ilin 29 avqust tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik, inzibati və tələbə heyəti üzvü universitetin şəhid məzunu Əzəmi Hüseynovun doğum günü münasibətilə keçirilən anım mərasimində iştirak edib.
Əvvəlcə Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edən tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəman məzunun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra şəhidin adına inşa edilmiş bulağın qarşısında davam edən anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, universitetin kollektiv üzvləri və şəhər ictimaiyyəti nümayəndələri çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində 30 il həsrətində olduğumuz əzəli torpaqlarımızın düşmən işğalından azad edilərək tarixi ədalətin bərpa olunmasında qəhrəman şəhidlərimizin mühüm pay sahibi olduğu qeyd edilib və Ə. Hüseynovun keçdiyi şərəfli döyüş yolundan bəhs edilib.
Qeyd edək ki, MDU-nun şəhid məzunu Ə. Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. Ə. Hüseynov 2010-2014-cü illərdə MDU-da ali təhsil alıb. 2020-ci ilin 8 oktyabr tarixində 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ə.Hüseynov dövlət başçımızın müvafiq sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azadlığı uğrunda” medalları ilə təltif edilib.
Şəhidin həyat yoldaşı Minayə Hüseynova hazırda MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) koordinatoru vəzifəsində çalışır. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən işlərin çevik və səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə yaradılan TVİM tərəfindən qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi və onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.