“Şuşa şəhərinə 2-ci avtomobil yolu 4-6 hərəkət zolaqlı olacaq”.
Oxu.Az xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin 6 ayı ərzində yerinə yetirilmiş işlər barədə hesabat konfransında Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib.
O bildirib ki, yol I texniki dərəcəli olmaqla M-6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən başlayır:
“Uzunluğu 81,6 km olacaq yol 4-6 hərəkət zolaqlı olacaq. Yol üzərində körpü və tunellərin tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 20,3 km qısa olacaq. Avtomobil yolunun 2024-ci ildə başa çatdırılması nəzərdə tutulur”.
Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” Sərəncamına uyğun olaraq bir neçə istiqamətdə işlər davam etdirilir:
“Toğana-Kəlbəcər-İstisu (uzunluğu 83 km, 4 hərəkət zolaqlı), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123.8 km, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın (70 km, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın (73 km, 2 hərəkət zolaqlı), Füzuli-Hadrut (13 km, 4 hərəkət zolaqlı), Bərdə-Ağdam (45 km, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıil-Hadrut (43 km, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (23 km, 2 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası ( 22 km, 2 hərəkət zolaqlı) avtomobil yollarının tikintisi nəzərdə tutulub və bu işlər uğurla davam etdirilir”. (oxu.az)