Şəhid qızı: “Atam Vətəni ailəsindən çox sevirdi” - FOTOLAR

Şəhid qızı: “Atam Vətəni ailəsindən çox sevirdi” -  FOTOLAR backend

Təhsil Nazirliyinin təşkilatı dəstəyi, "Zəfər" şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı ilə şəhid övladlarını birləşdirən "Zəfər" düşərgəsi yekunlaşıb. 74 şəhid övladını əhatə edən "Zəfər" düşərgəsində 12-16 yaş arası şagirdlərə fövqəladə hallarda davranış bacarıqları, özünümüdafiə metodları, texnoloji biliklər, steam bacarıqları aşılanıb, habelə əyləncəli oyunlar təşkil edilib.

 

“Zəfər” düşərgəsində iştirak edən məktəblilərdən biri də 44 günlük Vətən müharibəsində şəhid olan mayor İlkin Əhədzadənin qızı Fidan Əhədzadədir.

 

Arayış: Azərbaycan Ordusunun mayoru İlkin Əhədzadə 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlkin Əhədzadə sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

 

Qəhrəman hərbçimiz Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Bundan başqa, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, dekabrın 29-da ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalına layiq görülüb. İlkin Əhədzadə həm də "İgidliyə görə" medalına layiq görülüb. 

 

İlkin Əhədzadə ailəli idi. Onun üç övladı yadigar qalıb.

 

Şəhidin qızı Fidan Əhədzadə Modern.az-ın əməkdaşı ilə söhbətində bir həftə davam edən “Zəfər” düşərgəsində çoxlu biliklər qazandığını və yeni dostlar tanıdığını söyləyib:

 

“İyulun 25-i “Zəfər” düşərgəsinə qatıldım. Bir həftəlik təlimlərdə bir çox sahələr üzrə bizə təlimlər keçdilər, özünümüdafiəni, qorxmazlığı, bilik və bacarıqları təlqin etdilər. Təlimin sonuncu günündə isə “3D dizayn” dərsləri keçirildi. Düşərgəmiz çox maraqlı keçdi. Yeni biliklərə və dostlara sahib olduq. Bundan sonra öyrəndiklərimi tətbiq etmək üçün çalışacağam. Mən kompüterdə öyrəndiyimiz çox şeyləri əvvəl bilmirdim. Burada gəldim, öyrəndim və tətbiq etdim. Steam mərkəzində izlədiyimiz kompüterlə professional bacarıqlar mənim kompüter elmlərinə marağımı artırdı. Yəqin ki, gələcəkdə ixtisas seçimində kompüter elmlərini öndə tutacağam”.

 

 

Atasını döyüşə yola salan şəhid qızı...

 

Şəhid mayor İlkin Əhədzadənin ilk övladı olan Fidan ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. O atası haqqında xatirələrini də bizimlə bölüşüb:

 

“Atam çox yaxşı insan idi, vətəninə, hərbiyə bağlı idi. Hətta mən deyərdim ki, atam vətənini, əsgərlərini ailəsindən də çox sevirdi. Biz hamımız vətənpərvərliyi atamdan öyrənmişik. Cəbhədə, döyüş bölgəsinin bir çox hissələrində qulluq etmişdi. Nə qədər çətin durumda xidmət etsə, nə qədər əziyyət çəksə belə, bunu bizə heç vaxt hiss etdirmirdi. Hətta hər dəfə xidmətə gedəndə həvəslə, ruh yüksəkliyi ilə gedirdi. Evdə çox qalanda əsgərləri üçün darıxırdı. Sanki onları da öz övladı kimi görürdü. Həmişə biz onu xidmətə yola salanda özümüzdən muğayat olmağı tapşırırdı. Biz də atama... özünü qorumağını deyirdik.

 

Məndən kiçik bir bacım və bir qardaşım var. Onların yaşı azdır. Mən böyüyəm deyə, onları da çalışıram ki, atamın yoxluğuna alışdıra bilim. O bir daha geri dönməyəcək. Amma bir təsəllimiz odur ki, biz Vətəni uğrunda canından keçən igid bir hərbçinin övladlarıyıq. Atamla qürur duyuram”.

 

 

Atasından danışanda kövrələn Fidan onu müharibəyə yola saldıqları günü belə xatırlayır:

 

“Müharibəyə gedəndə atamı həmişə yola saldığımız kimi yola saldıq. Çünki o bizə heç nə deməmişdi. Müharibənin başladığı elan edilməmişdi. Atam müharibənin ilk şəhidi olub. Hara getdiyini bilmirdik. Əlaqə saxlayırdıq, bizə heç nə demirdi. Hətta döyüş başlayanda belə yerini deməmişdi, amma bildirirdi ki, mən xidmət etdiyim yerdə müharibə getmir, arxayın olun. Atam mayor idi deyə, elə ön sırada müharibəyə qatılmışdı. Həmişə özü deyirdi ki, əsgərlərim məni gözləyir. Onun şəhid xəbərini eşidəndə bildik ki, müharibənin, odun-alovun içində olubmuş. Atamın da, bütün şəhidlərin də məkanı cənnət olsun”.

Diaspora