Cəmil və Elvin həqiqi hərbi xidmətə isti iyul günlərində çağırıldılar. Hər ikisi ali məktəbi bitirmişdi. Bilirdilər ki, onların hərbi xidmət müddəti 1 ildir. Gənc əsgərlər andiçmədən sonra Ağcabədiyə göndərildilər. Elvin bir az adamayovuşmaz idi. Heç Azərbaycan Turizm və Menecment Universitetində oxuyanda da yaxın dostu olmamışdı. Lakin burada - əsgəri xidmətdə bir neçə saatdan sonra Cəmil Məmmədli ilə dostlaşmağa başlamışdı. Elə bil ki, bir-birinin nə demək istədiklərini, arzularını havadan duyurdular. Sanki uşaqlıqdan bir yerdə böyümüşdülər. Elvin darıxan kimi axşamlar Cəmilin yanına çəkilir, nişanlısından, əsgərlikdən sonra edəcəyi toyundan danışırdı. İsrar edirdi ki, toyunda da ən yaxın sağdişi Cəmili götürəcək. Hər iki gənc hərbi xidməti bitirdikdən sonra, yeni həyat yolunda nəzərdə tutuqları planlarını xəyal edirdilər. Bir də ki, bir-birini başa düşən iki dost üçün bir yarpağın ağacdan düşməyi, bir işıldaböcəyin gecənin qaranlığında oxuduğu nəğməsi də mövzu olur.
O qədər mehriban idilər ki, Bakıdan gələn bağlamaları da yoldaşları ilə birrlikdə açıb böülüşürdülər. Sonra da təlimlərdə, hərbi səriştələrin öyrənilməsində fəallıq göstərirdilər. Hərbi vərdişlər mənimsənildikdən sonra Cəmil atıcı, Elvin isə sürücü kimi xidmətə başladı.
Cəmil atasının, dayısının söhbətlərindən eşitmişdi ki, əsgərlik dostları unudulmaz olur. Əsl dostu adam əsgərlikdə tapır. İndi Elvin İsmayılovla eyni bölükdə və tağımda xidmət etdiyindən sevinirdi. Onalr bir-birini artıq bir baxışdan, bir sözdən anlamağa başlamışdılar. Onları birləşdirən əsas cəhətlərdən biri elm, ədəbiyyat, tarix idi. Bir də ki vətənpərvərlik hisləri. Və hərdən də sevgi-məhəbbətdən danışırdılar. Elvin nişanlı olduğu üçün darıxanda sözünü-sirrini Cəmilə deyirdi. Cəmil isə deyirdi ki, “qaqa, mən də əsgərlikdən qayıdım, anamın-atamın məsləhət bildiyi bir ağıllı qızla evlənəcəm! Hər bir halda ailə və sevgi ülvi hislərlə, qarşılıqlı məhəbbətlə qurulmalıdır”.
Andiçmədən sonra Ağcabədidə hərbi hissədə qulluğu davam etdirdilər. Tovuzda düşmənin sərhədimizi pozub, iki gün sonra isə generalımızla bir neçə hərbçini şəhid etdikdən sonra, onların da təlim məşqlərinin sayı artdı və ağırlaşdı. Tələblər daha yüksək, tapşırıqlar daha ağır idi. Lakin bu tapşırıqları yerinə yetirən hər bir əsgər özünü qəhrəman hesab edirdi, qürur duyurdu. Bilirdilər ki, düşmən qabağına çıxmağa cəsarətləri var.
2020-ci il sentyabrın 10-da isə onları Füzulidəki 706 saylı hərbi hissəyə gətirdilər. Burada əsgərləri bölməyə başladılar. Əvvəlcə Cəmil Məmmədlini ayırıb bir bölüyə göndərdilər. Burada qayda belədir, dostunu öz yanında olmasını xahiş edə bilmərsən. Komandir bilir ki, kimi haraya təyin edəcək. Cəmil addımlarını ağır-ağır atıb Elvindən ayrıldı. Elvin də onun dalısınca baxa –baxa qaldı. Birdən Elvinin də soyadını çağırdılar: “Əsgər İsmayılov!”- deyiləndə, Elvin cəld qabağa çıxdı. “Burda!” dedi. Onu da Cəmil olan bölüyə yazdılar. Gedib sakitcə Cəmilin arxasında dayandı. Əlini Cəmilin çiyninə qoydu. Cəmil dönüb arxasına baxanda, dostunu görüb çox sevindi. Elvin isə ona: “Gördün, gəlib burada da səni tapdım!”- deyib, zarafat etdi. Yol boyu iki dost yenə pıçıldaşırdılar. Beyləqan tərəfdən keçəndə, Elvin öz kəmərini çıxarıb Cəmilə verdi. Beləcə bir-biri ilə kəmərlərini dəyişdilər. Bu bir növ iki dostun “anda”sı idi. “Anda” türk millətinin döyüşçülərinin bir-biri ilə bağladığı əhdə deyilr. Hələ Göytürklərin dövründə Kur Şad gənc vaxtında öz döyüşçü dostu ilə baş barmaqlarını çərtib qanını bir-birinə sürtərək, anda olmuşdular. Yəni bu bir sadiqlik, etibar rəmzi idi. İndi isə Elvin öz adını yazdığı kəməri Cəmilə verib, onun adı yazılmış kəməri özünə götürdü. Bir neçə gün kəşfiyyat taborunda qaldılar. Cəmil gördü ki, dostu Elvin çox dilxordu. O günlərin birində aralarında belə bir dialoq oldu:
Cəmil:
- Elvin, qorxursan?
Elvin:
- Yox, qorxmuram eee... ancaq arxada qoyub gəldiyim var... belə baxanda məgər özümüz hər gün demirik ki, canımız vətənə qurban?...
Cəmil:
- Pis olma, alnımıza nə yazılıbsa, onu da görəcəyik. Sağ qalsaq da vətən sağ olsun, şəhid olsaq da!
Elvin:
- Cəmil daha narahatlığım keçib əslində. Ona demişəm ki, şəhid olsam, məni bağışla...
Sonra isə onları yenidən ayırdılar. 3-cü taborda ayrı-ayrı bölüklərdə hərəkət etdilər. Xarakter etibarı ilə özünə dost seçməkdə çətinlik çəkən Elvin, Cəmilə ürəkdən bağlanmışdı. Onu özünün ruh əkizi, qardaşı hesab edirdi. Sentyabrın 26-da evdən Cəmilə pay göndərdilər. Cəmil anasının göndərdiyi zənbili ağaclıqda oturan uşaqların yanına gətirdi. Dünən anası ilə danışanda demişdi ki, ona lazım olan bəzi gigiyenik vasitələr, paltar və ev yeməyi göndərsinlər. 10 gün idi ki, taborun keçid yerində təlim keçirdilər. Burada əsgərlərin eləsi var idi ki, ilk təlimdəncə bütün döyüş texnikasının sirlərinə yiyələnirdi. Cəmil Məmmədli anasının göndərdiyi yeməyi dostları ilə paylaşandan sonra, onları yenidən ayırdılar. Qruplara bölündülər.
Cəmil Məmmədlinin əsgər yoldaşı, Elvin döyüşə başladıqları həmin anları belə xatırlayır:
- Füzuli rayonu istiqamətində 16-ci postdan o yana Kürdmahmudlu deyilən kənddə piyadalar qabaqda, artilleriya isə arxadan hərəkət edirdi. Səhər saat 8-in yarısı döyüş başladı. İlk dəfə silahı təlim poliqonunda işlətmişdik. İndi isə real döyüş meydanında idik. Məsuliyyətimiz çox böyük idi, qarşıda da düşmən atışlarının səsi aləmi başına götürmüşdü. Bilirdik ki, burada ya ölməlik, ya da öldürməliyik. Ən maraqlı odur ki, bizimlə birlikdə əsgəri xidmətə gələnlərin əksəriyyəti 18 yaşlarında idi. Heç biri qorxmurdu. Hətta qarşımızda döyüş yoldaşımız şəhid olurdu, biz bundan daha da qəzəblənib, qorxmadan irəli atılırdıq.
Döyüşün birinci günü düşmən postu ilə aramızdakı məsafə 40 metr ancaq olardı. Düşmən ilk həmləni edib, 200 metrlik məsafədən hücuma keçdi. Vallah deyə bilmərik ki, nə baş verdi. Bir anlığa qarşımızda tufan qopdu. Bir də onu bildik ki, Azərbaycanın Xüsusi Təyinatlı dəstələrinin hərbçiləri buradadır. Döyüş səngiyəndə baxdıq ki, ətrafımız düşmən meyiti ilə doludur. Daha sonra Xocavənd istiqamətində hərəkət etdik. Bilirsiniz müharibədə insanlar niyə bir-birinə bu qədər əziz olur? Çünki hər dəqiqə anlayırsan ki, bir neçə saniyədən sonra sən və ya yanındakı olmaya bilər. Biz Xocavəndə qədər gəlib çatmışdıq. 4 nəfər birlikdə hərəkət edirdik. Çox ac idik. Döyüş başlamazdan əvvəl Həsən adlı əsgərlə mübahisə etmişdim. Lakin bu ağır döyüş şəraitində Həsəninin böldüyü çörəyi hamımız yedik. Xırda mübahisələr unudulmuşdu. Çünki hər şeydən öncə Vətən idi. Çünki eyni amal uğrunda addımlayanda, şəxsi mənafelər unudulur. Biz ancaq vətən və irəliləmək haqda düşndürdük. Bir də ki, bilirdik ki, bizdən öndə korpus komandiri, general Mais Bərxudarov, polkovnik Şükür Həmidov da döyüşdədir. Bu, bizi daha da ruhlandırırdı. Əsgərləri ilə birlikdə general döyüşəndə, əsgərlərin döyüş ruhu yüksək olur.
Oktyabr ayının əvvəlində döyüşlər gedən vaxt, mərmi dalğası məni çox güclü tutdu. Məni yaxınlıqdakı Şükürbəyli kəndindəki fermada yerləşən tibb məntəqəsinə gətirdilər. Bir müddət müalicə alandan sonra, özümü bərpa etdim. Yenidən 3-cü dviziyada sürücü kimi qulluğa başladım. Mən təkcə sürücülük etmirdim. Həm də əsgərlərimizlə birlikdə üzbəüz döyüşlərdə iştirak edirdim. Seyidəhmədli kəndi tərəfdə də ciddi və ağır döyüşlər getdi. Burada əsgərlərimiz İlham Əliyev, Elvin Tağızadə çox seçilirdilər. Çox ürəkli və mərd komandirlərimiz var idi. Birinci postu polkovnik- leytenant Bəhruz Kərimovun əmri ilə götürdük. O komandir bizi öz balası, qardaşı kimi sevirdi.
Seyidəhmədlidə döyüşdüyümüz səngərlər çox təhlükəli idi. Düşmən 30 il ərzində buralarda özünə əsl istehkam qurmuşdu. Atdığımız mərmilər sığıncaqlara dəyirdi, bəzən mərmi həmin daş sədləri uçurmurdu. Qarabağın azadlığı üçün irəlilədikcə dağılmış və viran qalmış evlərimizi, xarabalıqları görürdük. Füzulinin Dövlətyarlı kəndindən keçəndə uşaqlardan kimsə oradakı bir evi göstərib dedi ki, bu bizim evdir. Burada 8 otaqlı ev olub, həyətdə hovuz olub. İndi həmin evin yerində xarabalıqlar görünürdü. Biz məəttəl qalmışdıq ki, əgər bu torpaqlar onlara lazım deyildisə, o zaman niyə saxlayırdılar? Bayquş kimi xarabalıq içində nə gəzirdilər? Bu, ancaq vəhşi tayfa təxəyyülünün məhsulu idi. İnsan olan, yurdu belə viran qoymazdı.
Mən 2-ci artilleriya batareyasına yemək daşıyanda Araytıl kəndinin qəbristanlığndan keçdim. Baxdım ki, buralarda alov ərşə dirənib. Qəbristanlığımız idi, bizim idi, yanırdı. Ermənilər burada izləri itirmək üçün qəbristanlığı da yandırırdılar. Gəlib həmin artilleriyaya yemək təchizatını təhvil verdim.
Oktyabrın 17-si öndə olan döyüşçülərimizə mərmi aparmışdım. Tanış uşaqlardan kimlərin şəhid olduğunu soruşdum. Kimsə dedi ki, 14 oktyabrda piyada qoşunları güclü atışmaya düşüb. Cəmil də bu atışmada şəhid olub. Onu snayperlə vurublar. Atəş altında qaldığından həmin dəqiqə çıxarmaq mümkün olmayıb. Deyirlər ki, axıra qədər dözüb, gözləyib, sonra dönüb geriyə baxanda gülə-gülə, üzündə təbəssümlə şəhid olub. Bu xəbər məni çox sarsıltdı. Diz çöküb yerdə oturdum. Ağladım. Elə bildim ki, bir qolum yoxdur, özümü qanadsız quşa bənzətdim. Mən həyatım boyu özümə əziz bir dost seçmişdim... Onu da Tanrı mənə çox gördü...
40 yeşik mərmini təhvil verib, yenə üzü Xocavəndə qayıtdım. Mən də şəhid ola bilərdim. Elə gün olurdu ki, 120 kilometr yolu gedib-qayıdırdım. Ancaq mərmilər məndən yan ötürdü. Təbii ki, məsuliyyətim ağır idi. Mən maşını dəqiq idarə edə bilməsəm, əsgərlər təminatsız qalacaqdılar. Oktyabrın 28-də yenə pusquya düşdüm. Sonra isə yol tapıb çıxdım, dağlıq yolla gəldim, maşını vurulmaqdan xilas edə bildim. Maşınıma mərmi qəlpəsi dəymişdi. Hərbi təlimata uyğun olaraq, biz əsgərlərə təlim keçəndə həm də vətənimiz, şəhidlərimiz haqqında mahnı oxudurdular. Artıq hərbi hissədə şəhidlərimizin şəkli var idi, mən Cəml Məmmədlinin şəklinə baxıb ona deyirdim: “Cəmil, bu mahnını yenə sənin üçün səslənir!”.
Bura qədər yazdıqlarım Cəmil Məmmədlinin döyüş yoldaşı Elvin İsmayılovun xatirələri idi.
Cəmil Məmmədlinin özünü tanımaq üçün isə doğmaları, ailəsi ilə görüşdüm. Bayılın lap dağlıq yerində, hündür ərazisində yaşayırlar. Dənizin kənarından baxanda bu evlər elə gözəl görünür ki, məhəllənin içərisinə yaxınlaşanda isə tam qədim bir tarixin içərisinə düşürsüən. Cəmil də hər gün bu tarixin içərisində bir boy böyüyrdü. Bilirdi ki, yaşadığı Bayıl qəsəbəsinin Azərbaycanın iqtisadi və coğrafi inkişafında xüsusi əhəmiyyəti var. Bakının Bayıl burnu yaxınlığında, Karvansara adasında yerləşən və hazırda dəniz sularının altında qalmış bir tarixi memarlıq abidəsi zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla - ”Sualtı şəhər”, “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s. adlansa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır. Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarışıq bir çağda - monqol yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 -ci illərdə) başa çatıb. Ancaq sahilə yaxın adada tikilən bu möhtəşəm qəsrin ömrü çox qısa olb. Alimlərin fikrincə, qala 1306-cı ildə baş verən güclü zəlzələ nəticəsində dənizə batıb. Ona görə də hər dəfə dəniz sahilinə gələndə ona elə gəlirdi ki, nə vaxtsa, dənizin dibindəki o sehirli şəhəri, qalanı görmək ona nəsib olacaq.
Bir də ki, hardasa oxumuşdu ki, bir neçə yüzildən bir Xəzər dənizinin səviyyəsi qalxır və enir. Bir neçə yüz il sonra Xəzər dənizinin səviyyəsi yenidən xeyli aşağı düşdüyü zaman Bayıl qəsri su üzündə görünməyə başlamışdı. Mütəxəssislərin əksəriyyəti o fikirdədir ki, qəsr dörd yüz ildən artıq Xəzər suları altında gizlənməsəydi, Abşeronun bir çox abidələri kimi bu qaladan da iz qalmayacaqdı. 1939-1969-cu illər ərzində qəsr ərazisində aparılan arxeoloji tədqiqat işlərində divar uçuqları altından və su dibindən 700-dən artıq yazılı daş tavalar çıxarılmışdı. Bayıl qəsrinin daş kitabələrində araşdırmaçılar 15 Şirvanşahın adını, tikinti tarixlərini oxuyub, başqa müxtəlif məlumatlar aşkar ediblər. Bu kitabələrdən Mərdəkan qalasında “müəllif qolu” olan memar Əbdülməcid Məsud oğlunun, Ustad Zeynəddin Əbdürrəşid oğlu Şirvaninin adları oxunub. Əsli-nəsli Şirvandan olduğu üçün İçərişəhərdə, Bakının bütün daş tarixində Şirvan izi olduğundan da qürur keçirirdi. Axı İsmayıllıda doğulmuşdu. Özü də ki, 28 iyul 1999-cu ildə. Bacısı Aybəniz ondan 3 yaş böyük idi. Aybənizi çox istəyirdi. Bacısı ilə bağçaya da, məktəbə də birlikdə getmişdilər.
Əslində anası və atası işdə olduğundan, onun bütün nazını, qayğısını, əziyyətii öz kiçik çiyinlərində Aybəniz çəkmişdi. Lakin Cəmilin boyu ucaldıqdan sonra, Aybəniz özünü onun yanında kiçik bacı kimi apardı. Balaca vaxtı Aybəniz onu qoruyurdusa, indi o Aybənizin qoruyucusu, köməkçisi idi.
Şəhidimizin anası Aygün Məmmədli oğlundan danışır:
- Cəmil dünyaya gəlişi ilə məni xoşbəxt etdi. Cəmil bir yaş yarımlıq olanda köçüb Bakıda kirayədə yaşamağa başladıq. 2003-cü ildə isə bu balaca həyəti alıb, özümüzə ev qurduq. Cəmil çox şən, mülayim uşaq idi. O heç vaxt nə atasını, nə məni, nə də dostlarını incitdi. 4 yaşı var idi. Bir yay günündə hava isti olduğundan yenə də dənizkənarı praka - Bulvara gəzməyə düşmüşdük. Bir də baxdıq ki, Cəmil yanımızda yoxdur. Bulvarı o baş-bu başa gəzib axtarırırq, atasının da, mənim də ürəyimiz yerindən oynadı. Fikirləşdik ki, görəsən uşağı kim oğurlayıb apardı. Bir də atası baxdı ki, telefonuna tanımadığı nömrədən zəng gəldi. Zəng edən adam dedi ki, polisdir, Cəmil də onların yanındadır. Biz polisin dediyi əraziyə yaxınlaşdıq. Məlum oldu ki, Cəmil bizi itirdikdən sonra, yaxınlıqda gördüyü ilk polis nəfərinə yaxınlaşıb deyib ki, mən Bayılda yaşayıram, Habilin oğluyam və atasının telefon nömrəsini əzbər deyib. Mənim oğlum hələ körpəlikdən diqqətli və tədbirli uşaq idi. Heç vaxt artıq söz götürməzdi.
Bir dəfə də, qonşu mənə zəng vurdu ki, Cəmil atasının maşınını götürüb sürür. O vaxt əl telefonumuz da yox idi. Evə zəng vurdum. Bir neçə dəfə zəng edəndən sonra dəstəyi götürdü. Dedim ki, “Cəmil maşın sürürdün həəəə, götür açarı qoy yerinə”. Bu hərəkəti edəndə 7, ya da 8-də oxuyurdu. Sonralar maşının açarı evdə qalanda belə, Cəmil bir dəfə də olsun, onu götürüb sürmədi. Bir dəfə telefonla dediyim söz onun qulağından sırğa kimi asıldı.
5-6-cı sinifdən başlayaraq işləməyə başladı. Elə istəyirdi ki, özü zəhmət çəksin. Ata-anaya yük olmasın. Dərs kitabını, məktəb paltarını da çox vaxt özünün qazanıb, topladığı puluna alırdı. Məktəbdə də hamının sevimlisi oldu balam. İnanın ki, öz siniflərinin də sevinci idi. Cəmil 2005-ci ildə Bakı şəhəri Səbail rayon 163 saylı orta məktəbin 1-ci sinifinə qəbul olunub, məktəbi 2016-cı ildə bitirib. Elə həmin ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin materialşünaslıq ixtisasına qəbul olundu.
Oranı da bitirdi. Təhsil ala-ala həm də işlədi. Bizə əziyyət vermədi. Qazandığı pulla hamıya sürpriz edərdi, hamını sevindirərdi. Çalışırdı ki, təhsilhaqqını da özü ödəsin. İnstitutu bitirsə də diplomunu gec verdilər. Getdi ofisiant işlədi. Diplomunu almamış da əsgər apardılar. Sevinə-sevinə yola düşdü.
Mənim balam yaraşıqlı idi. 175 sm boyu var idi. Mənimlə xoş zarafatları olardı.
Anası deyir ki, oğlunun başını dizinə qoyar, saçlarının ətrini qoxulayıb, ciyərlərinə çəkəndə yorğunluğu canından çıxardı. Hərdən də balasını bağrıəna basıb “Ay Cəmil, elə istəyirəm, tez evlənəsən, evdə çoxlu nəvələrim olsun...”- deyərdi. Cəmil isə cavabında “Ana, gedim gətirim nəvəni...”,- deyə gülərdi.
Aygün isə xəyal etməkdən, oğluna arazularını söyləməkdən yorulmurdu:
- Cəmil, ay Cəmil...
- Nədir ana?
- Cəmil, indi istəmirəm ki... İnstitutu bitirəcəksən, əsgər gedəcəksən, işləyəcəksən, sonra səni evləndirəcəyəm. Özü də 5 dənə uşağın olacaq... qaçacaqlar həyətdə, hoppanacaqlar... yumru-yumru-balaca cəmillərimiz olacaq.
Hərdən özü oğlunun dilini bilməyəndə, sirri öyrənmək istəyəndə qızı Aybənizə deyərdi ki:
O ev, bu ev işıqdır,
Ara qapı açıqdır.
Get Cəmildən xəbər al,
Hansı qıza aşiqdir?!
Aygün danışdıqca, Cəmilin divardan asılan portretlərinə, şəkillərinə baxırdı. İnanmaq istəmirdi. Sağlığında olduğu kimi danışırdı 21 yaşını hərbi xidmətdə tamam edən oğlu haqqında. O danışdıqca, mən də düşünürdüm ki, bundan sonra böyüməyəcək, elə şəkillərdəki kimi qalacaq Cəmil. Cavan qalacaq, təbəssümü üzündə qalacaq. Biz qocalacağıq, onlar əbədi cavan qalacaqlar.
Yenə oğlundan danışır Aygün:
- Onu 16 iyulda yola saldım əsgərliyə. Əvvəlcə getdi İsmayıllıya, qohum-əqraba, tay-tuşları ilə görüşdü. Elə bil ürəyinə damıbmış. Uşaqarla istirahətini, saçını qırxdırmağını, həyətdən çıxmağını da çəkiblər telefonun yaddaşına. Sonra da dalınca su atırlar... Dalınca su atılanda adamın yolu aydınlıq olur... Bəs mənim balamın yoluna niyə aydınlıq gətirmədi o su?!
Əvvəl Ağcabədidə idilər. Orada olanda onun andiçmə mərasiminə getdik. Qızıma dedim ki, Cəmillə olan hər anımızı çəksin.
Sonra Füzuliyə apardılar. Cəmil nişanlayıcı idi. Yəni atıcı. Oğlum məktəbdə də atıcılıq üzrə mükafat almışdı. Hərbi xidmətdə atıcı təyin olunandan sonra mənə zəng edib sevincək dedi ki, ana, mənə Mübariz İbrahimovun silahından veriblər. Mən haradan bilim ki, onları getdikləri vaxtdan elə döyüşə hazırlaşırlarmış.
2020-ci il sentyabr ayının ortalaraında Füzulidə ön cəbhədə olan Cəmil bu haqda nə dostlarına, nə də qohumlarına , nə də valideynlərinə bir söz dedi. 25 sentyabrda isə bacısı Aybənizi ad günü münasibəti ilə təbrik etmək üçün zəng etdi.
Dedi ki, Bakıdan hərbi hissəyə gələn olacaq.
Aygün qızının ad gününə gördüyü tədarükün hamısını yığıb, böyük bir bağlama düzəldi, çəçələk, corab, gigiyenik vasitələr və oğluna lazım ola biləcək hər şeyi həmin bağlamaya yığdı. Fikirləşdi ki, əsgərlikdə uşaqların ən çox gözlədiyi şey ananın hazırladığı yemək olur. Və bağlamanın içərisinə bir məktub yazıb qoydu:
“Ana sənə qurban olsun, özünü qoru, biz səni çox sevirik”. Məktubun boş qalan yerlərində də çoxlu ürək şəkilləri çəkdi. Sentyabrın 26-sı isə Cəmil anasına zəng edib dedi ki, göndərdiyin bağlamanı alıb ancaq hələ açmağa vaxtı yoxdur.
“Günortadan sonra sənə zəng edəcəm” deyən Cəmil həmin andan sonra zəng vurmur.
Sentyabrın 26-dan oktyabrın 2-nə qədər Aygünün və Habilin yuxuları ərşə çəkilir. Ürəklərinə min fikir gəlir. Müharibə başlayıb, Cəmildən də xəbər yox. Övladları, doğmaları döyüşdə olan bütün insanlar kimi Aygünün də çarəsi əlini göylərə açıb, Allaha dua etməyə çatır.
Nəhayət 2 oktyabrda Cəmilin komandirlərindən biri ilə danışmaq mümkün olur. Aana oğlunun səsini eşitmək istədiyini deyir. Komandir amiranə səslə “Xanım, indi oğlunuzu çağırıram”-deyir. Oğlu gələnə kimi isə komandirə deyir: “Cənab komandir, oğlumdan muğayat olun.”. Xəttin o başında olan komandir: “Bacı, narahat olmayın, onların hamısı mənim balalarımdır. Qoruyuruq”.
Cəmil telefonu əlinə alıb atası-anası ilə təmkinini pozmadan danışır.
- Ay Cəmil siz də döyüş bölgəsindəsiniz?
- Yox ay ana, biz hələ təzəyik, bizi oralara aparmırlar. Biz təlim keçirik.
- Bəs o nə səsdir gəlir elə, elə bil ki, nəsə atdılar axı...
- Ay ana, təlimdəyik də, uşaqlar məşq edirlər.
- Cəmil, sənə pul göndərim, birdən gərəyin olar.
- Yox ay ana, keçən dəfə göndərdiyin puldan 5 manatım hələ qalıb. Göndərdiyin məktub da, pul da cibimdədir.
Bu telefon danışığından sonra, Aygünün elə bil ki, nəfəsi yerinə gəldi. Ancaq ürəyindəki narahatlıq keçəmdi ki, keçmədi. Bir tərəfdən Ordumuzun ön cəbhədə qazandığı qələbələrdən sevinsə də, digər tərəfdən oğlu üçün narahat idi.
Oktyabrın 14-ü isə özünə heç yer tapa bilmədi. Keçib məhəllənin yuxarısında yaşayan böyük qardaşı Dilqəmin evində oturdu. Özünə yer tapa bilmədi.
Yenə evinə qayıtdı. Oktyabrın 15-i səhər tezdən qızı Aybənizə dedi ki, dur gedək, əsgərlər üçün biz də paltar, diş fırçası, ülgüc alıb, göndərək. Mağazada alver etdikləri yerdə telefonuna zəng gəldi. Qohumlarından biri ona dedi ki, Cəmil yaralanıb, yığış tez gəl İsmayıllıya.
Cəmil Məmmədlinin hərbi biletində doğum yeri İsmayıllı yazıldığından onun ailəsini əvvəlcə İsmayıllıda axtardılar. Habil Məmmədovun bibisi oğlu bu xəbəri alan kimi onun telefonunu yığıb, Cəmilin şəhid olduğu xəbərini verir.
Şəhid atası Habil Məmmədovla söhbət edəndə təkcə bu sözü deyə bildi: “O telefon zəngi ilə də mənim dünyam tarimar oldu, həyatım dağıldı, indi gedib-gələn də quru nəfəsimdir”.
Atadan başqa heç nə soruşa bilmədim.
Həmin gün Bakıdakı qohum-əqraba ilə İsmayıllı rayonuna yola düşdülər. Cəmil Məmmədlini İsmayıllı rayonundakı Şəhdilər Xiyabanında dəfn etdilər. Şəhidin dəfnində iştirak edən dayısı arvadı Bikəxanım Ağayeva deyir ki, Aygün özünə divan tutdu, saçlarını yolub küləklərə verdi, ağladı, sızladı, haray çəkdi. Dedi ki, “Anan ölsün oğul, məni sənsiz qoyma. Mən sənsiz yaşaya bilmərəm. Sən mənim dünyam idin, hər şeyim idin…Mən nə edəcəm sənsiz oğul???”.
Kitab yazılı qaldı,
Əhdim pozulu qaldı
Sənə toy eləmədim
Könlüm arzulu qaldı...
Cəmil mənim baldızımın oğludur. Lakin onu öz balam qədər sevirdim. Özüm müəllim olduğumdan bilirdim ki, torpaqlarımızın işğal altında, düşmən tapdağında olması onu həmişə narahat edirdi. O, böyük sevinc hissi ilə hərbi xidmətə yollanmışdı. Hələ kiçik yaşlarından anasına deyirdi ki, sən mənimlə həmişə fəxr edəcəksən. Məktəbdə təşkil olunan tədbirlərdə daim fəal olmuş, mükafatlar əldə etmişdi. 26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan Səbaill rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş “Mahir nişançı” adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdü.
Cəmilon şəhid olmasından sonra baldızım Aygün həqiqətən də solub. Oğul itirmək və bu dərdə dözmək çox çətindir. Oğlunu dəfn edəndən sonra özünə o qədər zülm etdi ki, bədənində sağ yeri yox idi. Daşlara, torpaqlara çırpdı özünü, onu gözdən qoymadıq ki, özünə qəsd etməsin. Haray çəkib ağlayır, sızlayır yenə. Tez-tez İsmayıllıya məzarı üstünə gedir. Yalnız orada olanda rahatlaşır.
Dağlar necə dağlarsan,
Duman-çiskin bağlarsan
Yanmamış yerim yoxdur
Ta haramı dağlarsan...
Aygün Məmmədli indi oğlunun xatirələri ilə yaşayır. Tez-tez sosial şəhifələrdə oğlunu və oğlu ilə birlikdə şəhidlik məqamına yüksələn qəhrəmanların fotolarını yerləşdirir. Bununla təsəlli tapmaq istəyir. Bir də ki, Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev və onun köməkçisi Bəyim Nəbiyeva tez-tez bu ailəni ziyarət edirlər. Cəmil Məmmədli hər zaman anasına “Sən həmişə mənimlə fəxr edəcəksən!” deyərmiş. Mən onunla fəxr etmək istəyirdim, lakin belə yox”- deyir ana.
Dözlətimizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda başlayan Vətən müharibəsində Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalan Cəmil Məmmədli Qarabağı bizə yenidən bəxş edən igidlərimizdəndir. Azərbaycanın Ali Baş Komandanının sərəncamı ilə Cəmil Habil oğlu Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Universitetdən vaxtında almadığı diplomun əvəzinə isə ailəsinə Cəmil Məmmədlinin adına “Fəxri diplom” verilib.
P.S: Bu gün Cəmil Məmmədlinin 22 yaşı tamam olur. Lakin Cəmil həmişə 21 yaşında qalacaq. Bundan sonra böyüyən adı və xatirələri olacaq. Anası Aygün Məmmədli oğlunun ad gününə belə bir məktub yazdı:
“28 iyul. Ömrümə, həyatıma yazılmış ən gözəl gün - SƏN dünyaya gəldin, dünyama gəldin, ömrümə sevinc gəldi. Sənin doğum gününü həmişə təm-təraqlı keçirərdik. Bir gün Bakıda, səhəri günü İsmayıllıda. Axı sən İsmayıllını çox sevirdin. 2000-ci ildə İsmayıllıda bir yaşına böyük süfrə açdıq, bütün qohum-əqrabanı başımıza yığdıq. Daha sonra 2016-cı ildə Universitetə qəbul olundun. Yenə İsmayıllıda adına böyük süfrə açdıq, qohum-əqraba yığışdı. 21 yaşında əsgərlikdə idin, biz yenə süfrə bəzədik, sən əsgərlikdə biz üçümüz atan Habil, bacın Aybəniz və mən evdə ad gününü qeyd etdik. Bu gün isə 2021 -ci il iyul ayının 28-dir. Biz yenə İsmayıllıdayıq, qohum-əqraba yenə yığışıb. Bir SƏN yoxsan. Sənin sənsiz 22 yaşını qeyd edirik və yenə də İsmayıllıda. Bu necə bir təsadüfdür axı. Sənin bütün əlamətdar günlərin İsmayıllıda qeyd olunur. İsmayıllını o qədər sevdin ki, bu torpaq indi sənə əbədi məskən oldu.
Canımdan can olan balam, cənnətinə, uyuduğun torpağına canım qurban!!! Cənnətindəki doğum günün mübarək! Allahın mənə verdiyi gözəl payım, ləzzətindən, dadından, qoxusundan doymadığım Cəmilim!!! Ruhun şad olsun! Səni çox sevirəm! Qovuşmaq diləyi ilə, sənə vurğun olan anan!”.