“Azad olunmuş ərazilərin minalardan təmizlənməsi, orada quruculuq işlərinin aparılması və yenidən məskunlaşma müəyyən zaman tələb edir. Məskunlaşma başladıqdan sonra reallığa uyğun olaraq, orada məskunlaşan insanlara əlavə imtiyazlar müəyyənləşə bilər. Sözsüz ki, indidən bu barədə danışmaq bir qədər tezdir”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, bununla bağlı dünya təcrübəsinə də baxılacaq:
“Yenidən öz torpaqlarına qayıdan insanların orada məskunlaşmasının rahat, daimi və cəlbedici olması üçün dəstək proqramları hazırlanmalıdır. Bu, iş yerləri, təhsil, mədəniyyət və s. məsələləri əhatə edə bilər. Bu addımlar atılacaq ki, həmin ərazilərdə həyatı yenidən başlamaq üçün insanların müəyyən motivasiyası olsun. Hansı imtiyazların veriləcəyini, dəstək proqramlarının olacağını indidən demək tezdir”.
M.Quliyev onu da qeyd edib ki, hazırda davamlı sülhü təmin edən addımların atılması çox vacibdir:
“Zəngəzur dəhlizinin açılması, ərazilərin minalardan təmizlənməsi vacib məsələdir. Hazırda bizi narahat edən məsələlər bunlardır. Məskunlaşma olduqdan sonra təbii ki, dəstək proqrmaları olacaq. Hansı proqramların olacağı gələcəyin işidir. İstənilən halda insanların həmin ərazilərdə məskunlaşması və daimi yaşaması üçün motivasiyaedici addımlar atılacaq”.