Nəzirməmməd Zöhrablı Milli Qəhrəmandan kitab yazdı

Nəzirməmməd Zöhrablı Milli Qəhrəmandan kitab yazdı backend

Kitab Xocalı qətliamında 1000-ə yaxın soydaşımızı xilas edən Milli Qəhrəman Füzuli Rüstəmovdan bəhs edir

Qarabağ savaşının qəhrəmanlarından biri – Xocalı şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov haqqında kitab işıq üzü görüb. 
 

Modern.az-ın məlumatına görə, jurnalist-publisist Nəzirməmməd Zöhrablının qələmə aldığı, Azərbaycanın qəhrəman oğlunun Vətən torpaqları uğrunda cızdığı şərəfli salnamədən bəhs edən “İgid ömrü” sənədli-povesti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Xatirə kitabı redaksiyasının “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi əsasında reallaşdırılıb.


Layihənin rəhbəri “Xatirə” kitabı redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət Məmmədova, redaktoru və ön sözün müəllifi şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflidir.

Kitab “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin rəyi əsasında çapa hazırlanıb. “Azəri” nəşriyyatında nəfis tərtibatda işıq üzü görən “İgid ömrü”nün nəşriyyat direktoru Ceyhun Xəlilov, texniki redaktoru Cəfər Kərimov, korrektoru Kamilə Dilbazidir.

“İgid ömrü”ndə Milli Qəhrəman Füzuli Salah oğlu Rüstəmovun həyat və döyüş yolu haqqında toplanılmış zəngin materiallardan, qəhrəmanın doğmalarının, döyüş yoldaşlarının və küllən xocalıların onun təkrarsız igidlikləri, öz yurdu uğrunda verdiyi mücadilələrdən söhbət açılır. Onun xüsusilə bir döyüşçü və bələdçi olaraq 26 fevral Xocalı soyqırımı gecəsi 1000 nəfərə yaxın xocalılını düşmən caynağından xilas edərək Ağdamın Şelli kəndinə gətirib çıxarması, özününsə dördüncü dəfə bələdçiliyə qayıdarkən düşmən gülləsinə tuş gələrək şəhid olduğu barədə təkzibolunmaz qürurverici faktlar xalqımızın tarixində bir örnək kimi yaşayacaqdır.  Bu baxımdan deyə bilərik ki, 3 bölüm, 255 səhifədən ibarət “İgid ömrü” Qarabağ savaşımız haqqında dəyərli bir vəsait olacaqdır.

Kitabda həmçinin Füzulinin uğrunda həyatını qurban verdiyi Xocalı barədə həqiqətlərin bir qismi, Xocalının müdafiəsi ilə ilgili faktlar da oxucuların diqqətinə çatdırılır. Kitabın yazılması xoşbəxtlikdən Azərbaycanın 44 günlük Vətən müharibəsi və Zəfər günlərinə təsadüf etdiyindən müəllif bu barədə də qeyd və düşüncələrini faktların dili ilə oxucularla bölüşmüşdür.

Diaspora