Xəbər verdiyimiz kimi bu gün Vətən müharibəsində şəhid olan əsgər Nurlan Etibar oğlu Ağakişiyevin doğum günüdür.
Bu münasibətlə Moderator.az-ın əməkdaşı şəhidin Mehdiabad qəsəbəsindəki evlərində qonaq olub və şəhidin atası, birinci Qarabağ döyüşlərinin qazisi Etibar Ağakişiyevlə söhbət edib.
Beləliklə, həmin yazını təqdim edirik:
Şəhidimizin Mehdiabad qəsəbəsində yerləşən evlərinə çatdıqda bizi atası Etibar Ağakişiyev və yaxınları qarşıladı. Qohum-əqrəba Nurlanın doğum gününə görə valideynlərinin başına yığışmışdı. Şəhid atası bir tərəfdən gəlib-gedən qonaqları qarşılayıb yola salırdı, həm də vaxtı olduqca bizimlə Nurlan barədə söhbət edirdi.
Etibar kişi deyir ki, Nurlan iki bacının bir qardaşı və onun isə qol-qanadı olub:
“Nurlan evin ortancıl övladıdı, ondan böyük və kiçik bacısı var. Texnikumu bitirdikdən sonra sənədlərini universitetə vermək istəyirdi və elə oldu ki, pandemiyaya görə qaldı. Mən də dedim ki, oğul, get onda əsgərliyini çək, sonra qayıdıb oxuyarsan. Nurlanı ötən ilin iyul ayının 23-də, yəni ad günündən bir gün sonra əsgər yola saldım. Nurlan Ballıqayaya getdi. Avqustun 9-da isə andiçmə mərasimi oldu. Avqustun 15-də isə onu Ağdama göndərdilər”.
“Sentyabrın 29-da onun şəhid xəbərini aldım...”
“Sentyabrın 27-də səhər saat 8:30-da telefonla danışdıq. Dedi ki, “ata, döyüşlər başladı. İndi yerimi deyə bilmərəm, amma torpaqları ala-ala gedirik”. Dedim ki, Nurlan, ölümün gözünün qabağına gəldi? Dedi ki, “ata, xeyir ola ölməyiləm, mən bura ölməyə yox, düşməni öldürməyə gəlmişəm”. Belə də sağollaşdıq. Sentyabrın 29-da onun şəhid xəbərini aldım. Günorta vaxtı idi, dedim ki, gedim namazlarımı qılım və evdə də deyim. Elə də gəldim namazımı qılıb evdə dedim ki, Nurlanımız şəhid olub. Nurlanın nəşini sentyabrın 30-da tezdən gətirdilər və İkinci Fəxri Xiyabanda dəfn etdik”.
Şəhid atası bu aylar ərzində Nurlanı iki dəfə yuxuda gördüyünü və ağladığını deyir:
“Nurlanı iki dəfə yuxuda görmüşəm və ondan sonra yuxuma gəlməyib. Hərdən Allaha gileylənib deyirəm ki, niyə oğlum yuxuma girmir?! Bir dəfə Nurlan yuxuma girdi. Bir adamdan yol soruşurdum və ünvanı desə də yadımda qalmadı. Dedim ki, Nurlan, sən öyrən ünvanı, cavansan, yadında qalar. Birlikdə yol gedirdik və bir də gördüm ki, qarşıdakı maşının arxa şüşəsinə Nurlanın şəklin vurublar. Özüm də məəttəl qaldım dedim ki, Nurlan axı şəhid olub, bəs yanımda nə gəzir. Onda yuxuda ağlayıb, oyandım. İkinci dəfə də gördüm ki, Nurlanın ayaqlarını qucaqlayıb ağlayıram. Nurlan mənim qol-qanadım idi. Onu çox nizam-intizamlı böyütmüşdüm, çünki özümüz də belə böyümüşük”.
“Dedim ki, oğlum, döyüşlər başlasın ata-bala gedib döyüşərik...”
“Nurlanı kinkboksa, futbola, cidoya qoydum. İdmanla məşğul olurdu. 2016-cı il Şanlı aprel döyüşləri zamanı dedi ki, “ata, mən də döyüşə getmək istəyirəm”. Uşaq idi və mən ona nəsə deməliydim. Dedim ki, oğlum, döyüşlər başlasın ata-bala gedib döyüşərik. Allah şəhidliyi mənə yox, oğluma qismət elədi. Nurlan dərsdən sonra Mehdiabadda “Əskirum” şadlıq sarayında ofisiant işləyirdi. Axşam da evə gələndə zəng vurub deyirdi ki, “ata, evə nə lazımdı, alım?”. O, belə oğlan idi.
Özüm də Qarabağ döyüşlərinin iştirakçısıyam, Ağdam, Füzuli və Cəbrayıl istiqamətində döyüşmüşəm. 1994-cü il fevralın 14-də Cocuq Mərcanlı kəndində minaya düşərək sol ayağımı itirmişəm. Nurlanın da qisməti beləymiş. Oğlumla fəxr edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin”.
Şəhidimizin ad günündə Mehdiabad kəndinin Axundu Vüqar müəllim də iştirak edirdi. O, deyir ki, Etibar kimi şəhid atası görməmişik. O, çox səbirli və hər şeyə təmkinlə yanaşan adamdı:
“Vətən müharibəsində şəhid olan igidlərimizin 27 nəfərini dəfn etmişik. Etibar tam başqa cür adamdı, heç vaxt ağlamır, çox qürurludur. Adamlar yas mərasimində onu qucaqlayanda Etibar adamlara təskinlik verirdi. Biz hələ belə möhkəm adam görməmişik. Etibar da namaz qılır, Nurlan da namaz qılırdı. Nurlan məhərrəmlik ayında gəlib məsciddə oğlumla birlikdə insanlara xidmət edirdi. Çox tərbiyəli, ağıllı uşaq idi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun”.
Qeyd edək ki, Nurlan Ağakişiyev 22 iyul 2002-ci ildə Sumqayıt şəhərində anadan olub. O, Vətən müharibəsi zamanı Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Ölkə başçısı tərəfindən Nurlan Ağakişiyev ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.