Şuşa müharibəsinin dərsləri – Amerikalı ekspertlərin təhlili

Şuşa müharibəsinin dərsləri –  Amerikalı ekspertlərin təhlili backend

ABŞ-ın Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunun internet səhifəsində “Şuşa şəhəri uğrunda döyüş və 2020-ci ilin Yuxarı Qarabağ müharibəsində itirilmiş imkanlar” adlı məqalə dərc edilib. Məqalənin müəllifləri Con Spenser və Harşana Qurhudur.

Con Spenser Müasir Müharibə İnstitutunda şəhər müharibəsi üzrə tədqiqatların rəhbəri, institutun şəhər müharibəsi layihəsinin həmsədri və layihə podkastının aparıcısıdır. O, əvvəllər Ordu Strateji Tədqiqatlar Qrupunun qərargah rəisi ilə birlikdə döyüşçü kimi xidmət edib. 25 il piyada əsgər kimi xidmət keçib və İraqda iki döyüşdə olub.

Harşana Qurhu ABŞ-ın Seton Hall Universitetində diplomatiya və beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr təhsili alır. O, Müasir Müharibə İnstitutunda praktikant-tədqiqatçı olub və hazırda süni intellekt sistemlərinə olan inam səviyyəsinin döyüş sahəsindəki taktiki hazırlığa təsirini qiymətləndirən bir araşdırma aparır.

Novator.az saytı Şuşa şəhəri uğrunda döyüş və 2020-ci ilin Yuxarı Qarabağ müharibəsində itirilmiş imkanlar” məqaləsinin “Şəhər müharibəsinin dərsləri” adlı bölməsini ingiliscədən çevirərək təqdim edir.

2020-ci ilin Yuxarı Qarabağ müharibəsinin dərsləri hələ çox araşdırılmalıdır. Hazırda diqqətinizə çatdırdığımız təhlilin hazırlanması üçün çoxlu sayda xarici hesabatlar və informativ məqalələr tərcümə edilib, sosial media postları (mətn və videolar) araşdırılaraq dəqiqləşdirilib və cəbhə xəttindən gələn natamam, bəzən isə ziddiyyətli məlumatlar toplanaraq dolğun bir mənzərə ortaya qoyulub.

Hərbi analitiklər, beynəlxalq əlaqələr üzrə alimlər və digər qruplar – son istehsal olan dron və atəş dəstək platformaları ilə təchiz edilmiş müasir Azərbaycan Ordusunun üstünlüyü, Rusiya, Türkiyə, İran və digərlərinin həyata keçirdiyi proksi müharibənin geosiyasi təcrübələrindən müasir informasiya müharibəsi kampaniyalarında çoxlu sayda fərqli qruplara təsir göstərmək üçün sosial medianın istifadəsinə qədər – misilsiz aspektlərə toxunublar.

Müharibə eyni zamanda şəhər müharibəsinə dair əsas dərsləri diqqətə çatdırır. Bu dərslərə aşağıdakılar daxildir.

Şəhərlər müharibə zamanı operativ və strateji mərkəzə çevrilir. Şuşanın azad edilməsi Azərbaycan üçün əsas strateji qələbə idi və bu, müharibənin müqəddəratını tam olaraq həll etdi. Şuşa azad edilən kimi Ermənistan qorxudan təslim olmağa məcbur oldu, çünki onlar qorxurdular ki, Azərbaycan Silahlı Qüvvələri sadəcə bir neçə kilometr uzaqlıqda yerləşən Xankəndini hədəf alacaq və ehtimal ki, ələ keçirəcək.

Şəhərlər hər zaman müharibədə operativ və strateji mərkəz olub. Onlar xalqın siyasi və iqtisadi gücünün mərkəzləridir. Şəhərlər ticarət marşrutları, əsas quru yol keçidləri boyunca inkişafa başlayır, böyüyür, genişlənir və ya sahilboyu ərazilərdə, limanların dəniz təchizat kanallarını birləşdirdiyi yerlərdə böyüməkdə davam edir. Qısası, şəhərlər əksər halda əsas sahələrdə tikilir və ən azından əhəmiyyətli kommunikasiya xətləri üzərində nəzarətə sahib olur.

Şəhərlər say, ölçü və mürəkkəblik baxımından böyüdüyü üçün bəzi şəxslər iddia edirlər ki, ordu şəhərlərdən və onların verdiyi qeyri-adi çətinliklərdən uzaq durmalıdır. Şuşa bunun doğru seçim olmadığını göstərən nümunədir. İstənilən müharibədə effektiv olmaq üçün ordular şəhərlərdə fəaliyyət göstərməyə hazırlıqlı olmalıdır. Bu, qaçılmazdır.

Əhəmiyyət kəsb edən şəhər ərazisinin ələ keçirilməsi və əldə saxlanması üçün güclü bacarığı olan müasir, birgə ordu qüvvələrinə ehtiyac var. Səmada üstünlük, bombalama, uzaq məsafədən dəqiqliklə zərbələrin endirilməsi və pilotsuz uçuş sistemlərinin hamısı döyüş bacarıqlarını gücləndirən əlverişli vasitələrdir.

Yuxarı Qarabağ müharibəsində qələbənin səbəbi sadəcə havadan dron hücumları olmadı. Şəhər döyüşü də sadəcə piyada döyüşündən ibarət olmur. Müharibədə aparılan həlledici əməliyyatlar, Şuşanın fiziki olaraq azad edilməsi, xüsusi təyinatlı qüvvələr, silah-sursat, zirehli texnika, mühəndislər və piyada qoşunlarının birgə döyüş qabiliyyətləri həlledici əməliyyatlarda dönüş nöqtəsi yaratdı.

Bu, binalar arası döyüşdə şəhər ərazisinin təmizlənməsi üçün odlu silahlar, hərəkətli mühafizə olunan atəş nöqtəsi (mobile protected firepower) və piyada qüvvələrinin istifadəsində xüsusi ilə aydın görünürdü. Sadə dildə desək, ərazinin ələ keçirilməsi və əldə saxlanması üçün quru qoşunları lazım idisə, bunu icra etmək üçün digər çoxlu sayda potensial qüvvələr tələb olunurdu.

Ordular şəhərdə həm hücum, həm də müdafiə əməliyyatlarına hazırlıqlı olmalıdır. 1992-ci ilin və 2020-ci ilin Şuşa uğrunda aparılan döyüşləri göstərdi ki, ordular hərbi əməliyyatlarda həlledici ərazinin – xüsusi ilə şəhərlərin – ələ keçirilməsi üçün hücum əməliyyatlarına hazırlıqlı olmalıdır.

Həmçinin sübut olundu ki, ərazini ələ keçirən hər bir ordu onu müdafiə etməyə mütləq şəkildə hazırlıqlı olmalıdır. 2020-ci ildə Şuşanı ələ keçirən Azərbaycan Silahlı Qüvvələri onu qətiyyətli erməni hücumlarından müdafiə edə bilməsəydilər, ələ keçirilmiş ərazilər itiriləcəkdi. Şəhər ərazisinin müdafiə olunması eyni zamanda digər dəstək verən bir ölkə və ya beynəlxalq cəmiyyətin oradakı orduya köməyə gəlməsinə qədər vaxt qazandıra bilər. Şuşa uğrunda aparılan hər iki döyüş göstərdi ki, müdafiə edən tərəf şəhər ərazisinin müdafiəsi zamanı mütləq şəkildə öz müdafiə planlarını qurmalıdır və bu planlar geniş təxəyyülə malik olmalı və xüsusi müharibə taktikalarından ibarət olmalıdır. Həm Azərbaycan (1992), həm də Ermənistan (2020) silahlı qüvvələri şəhəri əhatə edən qayaları tərk etmişdilər, onlar düşünürdülər ki, bu dağ və qayaların keçilməsi mümkün deyil.

Təhlilçilər və tədqiqatçılar 2020-ci ilin Yuxarı Qarabağ müharibəsini araşdırdıqları zaman müharibənin gələcəyinə dair misilsiz və genişmiqyaslı təcrübə və dərslər üzə çıxarmaqda davam edəcəklər. Kiçik bir münaqişənin müharibənin taleyini dəyişib-dəyişmədiyi, yəqin ki, hələ anlaşılmır. Amma bir şey xüsusi ilə dəqiqdir: müharibə göstərir ki, ordular şəhərlər uğrunda və onların içərisində döyüşməyə hazır olmalıdırlar.

Diaspora