Kərbəlayi İsmayılın sözü olmasın, Kəlbəcərdəki əsgərlərimizi atəşə tutdular, dinmədik, Tovuz istiqamətində növbəti dəfə təxribat törətdilər, səbr edib dözdük. Ağdamdakı gizirimizi güllələdilər, özünü “sülhməramlı” adlandıranlardan cavab gözlədik. İndi də Şuşaya dil uzatdılar. Artıq dözüm limiti tükənir, çünki Şuşaya əl uzadanın əli dibindən kəsilər, dil uzadanın dili boğazından çıxarılar, bunu kimsə unutmasın!
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatdan oxuyuruq: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur”.
Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazidən, pulemyot və avtomatla! Yəni “raqatka” olmayıb erməninin əlində. Görəsən, general Muradov və 1960 rus hərbçisi bu barədə nə deyəcək? Yenədəmi Moskvaya “sülhməramlıların mövcud olduğu ərazidə hər hansı insident qeydə alınmayıb” raportunu yollayacaqlar?
Bu səbəbdən ictimai rəy elə həmin filmdəki sayağı “sülhməramlıların nazı ilə çox oynayırsınız” deyib ki, səlahiyyət sahiblərimizi qınayır. Reallıq aydındır, çox məsələlər var ki, açıb-ağartmaq olmur. Amma qırmızı xətt keçiləndə, su boğaza, bıçaq sümüyə dirənəndə...Bax, onda sülhməramlıların Azərbaycan ərazisində 5 ilin tamamınadək qalıb-qalmaması məsələsi gündəmə gələcək. Hesab edirəm k, Müdafiə Nazirliyinin məlumatındakı “müvəqqəti” qeydi də təsadüfi deyil. Missiya üzərinə düşənlərin öhdəsindən gələ bilməyəcəksə, o halda “yaxşı yol!”
Azərbaycan dövlətinin, dövlət başçısının qətiyyətinə kimsə şübhə etməsin. Ermənistana münasibətdə sözünü dedi, nəticə ortada! Həmsədrlərə sözünü dedi, baxın, ayaqları kəsilib bu tərəflərdən. Yoxsa adətən, Xankəndidə separatçılarla tut arağı içərdilər. Fransa prezidentinə ən sərt şəkildə verilən cavabı da unutmamışıq. Bu mənada heysiyyatımızla oynamağa cəhd edən istənilən çevrələr yerində oturdulacaq, əminik buna.
Fəaliyyəti dövründə ən çox baş terrorçu Araik Arutyunyanla qucaqlaşma anını əks etdirən fotosu ilə yadda qalan rus generalından niyə reaksiya yoxdur? Onun bölgədəki missiyası yalnız Bakıdan erməni diversantları İrəvana daşımaqdan ibarətdir?..
Yazının bu məqamında xəbər yayıldı ki, Ermənistan-Azərbaycan sərhədinin Sədərək istiqamətində erməni tərəf növbəti təxribata əl atıb. Erməni tərəf həyasızcasına iddia edib ki, Azərbaycan sərhəddə mühəndis-istehkam işlərini aparmaq istəyəndə müqavimət göstərilib, nəticədə cavabını alıb. Diqqət edin, Ermənistan hətta Azərbaycanın öz mövqeyində həyata keçirdiyi işlərə də burnunu soxur. Bu cəsarət haradandır 8-9 noyabrda gizlənməyə siçan deşiyi axtaranlarda?! Heç şübhəsiz, onlara stimul verənlər var, necə ki, illər uzunu pulsuz-parasız silah-sursat, raket kompleksləri, hərbi texnika, gecəgörmə cihazları, milyonlarla pul kütləsi ötürüblər, Azərbaycan torpaqlarının əbədi ilhaqına nail olmaqdan ötrü.
Kapitulyasiya sənədinə imza atmış ölkənin olmayan Xarici İşlər Nazirliyi İrəvandakı diplomatik korpusun təmsilçilərini çağırıb onlara nota verib ki, sizin Bakıdakı həmkarlarınız niyə Şuşaya gediblər? Bir anlıq təsəvvür edin, belə bir addımı 1945-ci ilin 9 mayından sonra Almaniya ata bilərdimi? O boyda dövlətin belə cürəti çatmazdı. Amma Ermənistan adlı sınıq-salxaq birisi cürət edir, çünki Almaniya şirkətləri Zəngəzurda mədən işlədib zəhərini Azərbaycana axıdır, özünü “həmsədr” adlandıranlar isə artıq özlərinin seçimlərini ediblər: Ermənistan uğrunda mübarizə aparırlar deyə, istənilən absurda əl atırlar. Necə ki, Şuşa səfərinə münasibətlərini gördük...Bütün bunlardır Ermənistandakı revanşist meylləri yenidən ortaya çıxaran. Onlar sübut etmək istəyirlər ki, “münaqişə bitməyib”, çünki final onları təmin etmir...
Atəş səslərinin artması fonunda nəyi müşahidə edirik? Ermənistandan bir-birinin ardınca emissarlar gəlir Xankəndiyə. Sonuncu Paşinyanın köməkçisi Qaqik İsaxanyanı “dörd günlük işgüzar səfərə” gəlib, hələ də sülənir Xankəndidə. Laçın dəhlizinə nəzarət edən tərəf sorğu-sual etmir ki, sənin Qarabağda nə ölümün var?!
Bu günlərdə Rusiyada ermənilərlə azərbaycanlılar arasında dava xəbəri yayıldı. Bildirilirdi ki, 102 nəfər saxlanılıb. Əlbəyaxa davaya görə polis geniş əməliyyat keçirib. Amma Qarabağda erməni terrorçuları sərbəst dolaşır, avtomat və pulemyotla atəş açır, bölgəyə nəzarət edən ruslar isə silahlının da qulağından tutub təhvil vermir. Belə getməyəcək...
Görən olsa, desin, erməninin əlində pulemyotdur e, yoldaş Muradov, quşvuran yox! Sabah ordumuz həmin caniləri torbaya salıb Bakıya gətirəndə əziyyət çəkib, arxalarınca gəlmə!
Elşad Paşasoy
musavat.com