Müharibə dövründə Qoşulmama Hərəkatı Azərbaycana hansı dəstəyi qazandırıb?

Müharibə dövründə Qoşulmama Hərəkatı Azərbaycana hansı dəstəyi qazandırıb? backend

"Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, xüsusilə də ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanı bu və ya digər hərbi bloka cəlb etmək üçün dəfələrlə dəvətlər və cəhdlər olub. Amma Azərbaycan müstəqil siyasət yürüdərək hər hansı bir blok çərçivəsində olmaq istəməyib".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmasından və təşkilatın fəaliyyətinin dövlətimizə faydalılığından danışan deputat deyib ki, Azərbaycanın qısa zamanda bu təşkilatda yüksək nüfuz qazanması iki il əvvəl onun Qoşulmama Hərəkatına sədr olmasına imkan verib:

"Buraya təkcə üçüncü dünya ölkələri deyil, Avropa və Amerikanın nüfuzlu, inkişaf etmiş ölkələri də üzvdür. Bu hərəkata üzv olmaq Azərbaycanın beynəlxalq birlikdə hər hansı bir öhdəlik götürmədən daha sərbəst hərəkət etməsinə, üçüncü dünya ölkələri ilə sıx əlaqələr yaratmasına səbəb oldu. Bu, həm siyasi, həm iqtisadi, həm də hərbi-texniki əməkdaşlıqdır".

Deputat xatırladıb ki, ölkəmizin sədrlik etdiyi dövrdə təşkilatın problemləri və maraqları Azərbaycanın dili ilə beynəlxalq təşkilatlara dəfələrlə səsləndirilib:

"Xüsusilə koronavirus pandemiyası dövründə Azərbaycan Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələr üçün vaksinlərin ayrılmaması və yaxud az miqdarda ayrılması məsələsini dəfələrlə qaldırıb. Dünyanı bu məsələ üzərində ciddi işləməyə məcbur edib".

İlham Əliyev

İlham Əliyev

A.Mirzəzadə vurğulayıb ki, Qoşulmama Hərəkatı öz sənədlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hərəkata üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü beynəlxalq dəstək qazandırıb:

"Azərbaycandan Ermənistan qoşunlarının çıxarılmasını vurğulayıb. Vətən müharibəsi dövründə hərəkat üzvlərinin mütləq əksəriyyəti Azərbaycanla həmrəy olub, Azərbaycanın haqq səsini müdafiə edib. Bu münasibət Azərbaycanın vaxtilə düzgün seçim etdiyi və hər hansı bloka qoşulmamağının Azərbaycanın maraqlarına cavab verdiyini bir daha təsdiq etdi. Azərbaycan hələ bir il bu təşkilata sədrlik edəcək. Ancaq təkcə sədrlik olduğu dövrdə deyil, ondan sonra da Azərbaycan hərəkat daxilində fəal iştirak etmək fikrindədir".

Diaspora